Zəngilan rayonunun işğalından 25 il ötür

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib
AŞPA-da Ermənistan üzrə həmməruzəçi: Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?
İlham Əliyev Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoyub

Araz  çayının sol sahilində, Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində yerləşən Zəngilan rayonu- Azərbaycan Respublikasının inzibati ərazi vahididir. Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən Zəngilan rayonu boyük strateji əhəmiyyətə malik idi.

Zəngilan, 29 Oktyabr 1993-cü ildə ermənilər tərəfindən isğal olunan Azərbaycanın sonuncu rayonudur.

1992-ci ilin fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29-da oldu.

1992-ci ilin bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Dekabrın 10-da Seyidlər kəndi ermənilər tərəfindən işğal olunur.

Beləliklə, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdi. Bununla da rayonun işğalının əsası qoyulmuşdu.

1993-cü ildə martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. Daha sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilmişdir.

1993-cü il Oktyabrın sonuna yaxın rayon tam mühasirəyə alındı. Oktyabrın 25-26-da Sığırt və Şükürətaz yüksəklikləri işğal olunmuşdur. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı.

Düşmən əsasən Zəngilan üzərinə üç istiqamətdə hərəkət edirdi:

  • Mehri istiqamətində hərəkət edən işğalçılar yüksəklikləri ələ keçirib, Vəjnəli və Ağbənd kəndlərini işğal etdilər.
  • Qafan istiqamətində hərəkət edib Burunlu, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar.
  • Qubadlının işğal edilmiş (1993-cü il 31 avqust) ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbiz kəndləri və Ağbiz yüksəkliklərini ələ keçirirlər.

Təxminən 34 min mülki əhali İran ərazisinə keçərək erməni soyqırımının qurbanına çevrilmək təhlükəsindən qurtarıblar.

Zəngilanda ikinci Xocalı faciəsinin baş verməsinin qarşısı alındı.

Bununla belə, rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb.

 

Tarixi keçmişi ilə zəngin olan Zəngilan rayonunda özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsidir (1304-1305). Türbənin ətrafında orta əsr qəbiristanlığı, türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (1358-ci il) məzarını göstərmək olar.

Xudafərin su qovşağının yaradılması ilə əlaqədar, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılarkən, məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir. Şərifanda aparılan qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət qalıqları aşkar edilib. Şəhər tipli yaşayış məskəni olan Şərifan XIV əsrdə salınmış və XVII əsrə kimi burada intensiv yaşayış olmuşdur.

Tarixi-dini abidələri

  • Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi
  • Alban kilsəsi – Yeməzli, Xanazor kəndləri
  • Məscid (XVII-XVIII əsrlər) – Zəngilan qəsəbəsi
  • Sərdabə (XIII əsr) – Şərikan kəndi
  • Sərdabə (XIV əsr) – Yenikənd kəndi
  • Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi

 

Ziyarətgahları

  • Ziya Baba ocağı – Ağkənd kəndi
  • Xanazur türbəsi – Bartaz kəndi
  • Xanazor piri – Bartaz yaxınlığında
  • Soltan Heydər piri – Bartaz dağında
  • Günqışlaq piri – Günqışlaq kəndi
  • İzzə piri – Hacıllı kəndi
  • Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi
  • Buqakar piri – Leyfaz kəndi
  • Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi
  • Səkkizguşəli türbə (1305-1304) – Məmmədbəyli kəndi
  • Veysin piri – Pirveyis kəndi
  • Seyid Musa ocağı – Sobu kəndi
  • Qaradağlı piri – Şəfibəyli kəndi
  • Yal piri – Vəjnəli kəndi
  • Yel piri – Vəjnəli kəndi
  • Soltan ocağı – Yeməzli kəndi
  • Şəhid Məhəmməd yeri – Yeməzli kəndi
  • Dəvəcüneyt piri – Zəngilan şəhəri
  • Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi

 

Tarixi memarlıq abidələri

  • Küp qəbirlər (b.e.ə. IV-II əsrlər) – Yeməzli kəndi,
  • Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü,
  • Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi,
  • Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi,
  • Şərifan sərdabəsi (XII əsr) – Şərifan kəndi,
  • Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi,
  • Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kənd

Ermənilər tərəfindən işğal olunmuş Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki kurqanlar, qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, o cümlədən digər milli abidələrimiz dağıdılır, sıradan çıxarılır. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi bu gündə davam edir. İşğalçılar genişmiqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına və “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyalarına ziddir və bu Konvernsiyalarının şərtlərinin kobud şəkildə pozulması deməkdir.

 

Hazırladı: Elnur Hacıyev