Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq
“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfrans keçirilir
Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edərək, özünün Səudiyyə Ərəbistanına səfəri və səfər zamanı Kral Həzrətləri və digər rəhbər şəxslər ilə aparılan müzakirələri məmnunluqla yad etdi, bu müzakirələrin əlaqələrimizin inkişafı üçün önəmli rol oynadığını bildirdi. Prezident İlham Əliyev dedi ki, ölkələrimiz müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edir, siyasi əlaqələr çox yüksək səviyyədədir və beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir. Dövlətimizin başçısı bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanının ədalətli və qardaşlıq hisslərinə əsaslanan mövqeyi Azərbaycanda çox böyük minnətdarlıq hissi ilə qarşılanır. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan xalqı Səudiyyə Ərəbistanının bu münaqişə və işğala görə Ermənistanla heç bir əlaqə yaratmadığını yaxşı bilir və bu, bizim dostluğumuzun, qardaşlığımızın bariz nümunəsidir.

İqtisadi sahəyə toxunan Prezident İlham Əliyev son zamanlar bu istiqamətdə inkişafla bağlı çox ciddi addımların atıldığını dedi və gələcək illərdə sərmayə qoyuluşu və ticarət dövriyyəsinin artırılması ilə əlaqədar daha geniş tədbirlərin həyata keçiriləcəyinə əminliyini ifadə etdi. Son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığını qeyd edən Prezident İlham Əliyev bunu dostluğumuzun növbəti təzahürü kimi dəyərləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimizin təhlükəsizlik sahəsində əməkdaşlığı da yaxşı səviyyədədir. Prezident İlham Əliyev əminliyini bildirdi ki, Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səudun bu səfəri ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Xoş sözlərə görə minnətdarlığını bildirən Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səud, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər getdikcə inkişaf edir, müxtəlif məsələlərə dair yüksək səviyyəli koordinasiya mövcuddur. Səudiyyə Ərəbistanının Azərbaycan üçün qardaş, yaxın və strateji tərəfdaş ölkə olduğunu vurğulayan qonaq ölkələrimizin Daxili İşlər nazirlikləri arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu dedi. Bu baxımdan qonaq Azərbaycanın daxili işlər nazirinin Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair imzalanmış sazişin önəmini vurğuladı.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür etdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.