Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında digər sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinin arasında da ənənəvi olaraq uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirdi, eyni zamanda, bu sahədə əlaqələrin daha da fəallaşdırılmasının vacibliyini qeyd etdi. Bu baxımdan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası KİV nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri ictimaiyyətin ölkələrimizdə baş verən proseslər barədə daha çox məlumatlı olması işinə kömək edə bilər. Eyni zamanda, dövlətimizin başçısı qeyd etdi ki, bu cür səfərlər ölkələrimiz arasında bu gün çox uğurla inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından da önəmlidir. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində Azərbaycanın və Rusiyanın dövlət başçılarının qarşılıqlı səfərləri və mütəmadi görüşlərinin xüsusi rol oynadığını qeyd etdi. Dövlətimizin başçısı Vladimir Solovyovun səfərinin jurnalistika sahəsində əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Prezident İlham Əliyevlə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirdi. O qeyd etdi ki, bu gün Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir və çox yüksək səviyyədədir. Qonaq Azərbaycanda Rusiya mədəniyyətinə, mətbuatına böyük hörmətlə yanaşıldığını qeyd edərək, məmnunluq hissi ilə ölkəmizdə bütün Rusiya televiziya kanallarının yayımlandığını bildirdi. O, Rusiya jurnalistlərinin azərbaycanlı həmkarları ilə daim qarşılıqlı əlaqələr saxlamaq istəyində olduqlarını dedi. Vladimir Solovyov bu baxımdan noyabrın 19-da Azərbaycan Mətbuat Şurası və Rusiya Federasiyası Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun əhəmiyyətini vurğuladı.