Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət…

Bələdiyyə seçkilərində səsvermə başa çatıb
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub
Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.

AZƏRTAC Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun “Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət…” adlı məqaləsini təqdim edir.

Gələcəyin nədən asılı olacağı bəşəriyyəti daim maraqlandıran suallardan biri olub. Bir insan epoxaya və zamana təsir edə bilərmi? Tarixin gedişinə təsir etmək mümkündürmü? XX əsrin sonu–XXI əsrin əvvəlində Azərbaycanda baş verən hadisələr bu sualları müsbət cavablandırmaq imkanı verdi. Bəli, bu şəxsiyyət qeyri-adi olmalı, bənzərsiz xüsusiyyətləri özündə cəmləşdirməlidir. Bəşəriyyətin minilliklərə bərabər tarixində görkəmli siyasətçilər, ictimai xadimlər ölkəni və hətta sivilizasiyanı yeni inkişaf mərhələsinə apara biliblər.

Biz XX əsrin sonu–XXI əsrin əvvəllərində tarixin keşməkeşli dövrlərini yaşadıq. Bu, çətin dövr idi – ictimai quruluşun dəyişdiyi bir dövr. Azərbaycanın siyasi və ictimai həyatında qlobal hadisələr baş verən dövrdə biz ümumi böhranın şahidi olduq. Bu gün isə Azərbaycan Respublikası sabitlik dövründə yaşayır, xarici investorlar öz sərmayələrini ölkəmizə yatırır, kənd təsərrüfatında müsbət dəyişikliklər baş verir.

Bu nəticələrin əldə olunmasında dahi siyasətçi Heydər Əliyevin apardığı siyasətin rolu misilsizdir. Hakimiyyətdə struktur dəyişikliklərinin aparılması, icra intizamının yüksəldilməsi, iqtisadiyyatın tənzimlənməsi, beynəlxalq siyasi arenada Azərbaycanın mövqeyinin durmadan möhkəmlənməsi bu uzaqgörən siyasətin nəticəsi oldu. Azərbaycan vətəndaşlarının vətənpərvərlik ruhunun yüksəldilməsi, gələcəyə inamın formalaşması, milli ruhun yüksəldilməsi Ulu Öndərin yorulmaz əməyinin bəhrəsi kimi qiymətləndirilməlidir.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.

Ulu öndər Heydər Əliyevin mənalı həyatı, böyük xidmətləri və zəngin irsi gələcək nəsillərimizə milli düşüncə məktəbi olub. Heydər Əliyev mənalı ömür yolunda tarixi şəxsiyyət, böyük dövlət xadimi kimi xalqın tale yükünü çiyinlərində daşıyıb, onun müstəqilliyə, azadlığa və xoşbəxtliyə qovuşması uğrunda mübarizə aparıb. Ulu Öndərin ölkə daxilində və xaricdə inamla, qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı siyasət inkişaf etmiş ölkələrlə sıx əməkdaşlığın qarantı olub.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Məhz bu dahi insanın səyləri nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. O, böyük siyasi və dövlət xadimi, xalqın əvəzsiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.

Heydər Əliyev zəmanənin görkəmli siyasətçisi, bənzərsiz şəxsiyyətdir. Ulu öndər deyəndə qarşımızda güclü insan, öz fikirlərini səlis formada çatdıran lider durur. Ən çətin sualları səlis, qısa, konkret cavablandırmaq, hadisələri dəqiqliklə qiymətləndirmək məhz Ulu Öndərin xüsusiyyəti idi. Onun sözlərinin arxasında konkret işlər durur, onun ifadələrindən sitatlar gətirilir. Bu əfsanəvi şəxsiyyət dünyanın siyasi liderləri üçün örnəkdir.

Bütün bu nəticələr Ümummilli Liderin şəxsi xüsusiyyətlərinin və gərgin əməyinin nəticəsidir. Tarixi hadisələrə və zamanın axarına təsir göstərmək, ölkəyə ustalıqla rəhbərlik etmək, prinsipial beynəlxalq siyasət aparmaq üçün həqiqətən güclü, görkəmli siyasətçi, nəhəng insan olmaq lazımdır. Məhz Heydər Əliyevin şəxsi xüsusiyyətlərinə görə təkcə ona hörmət edənlər deyil, onun rəqibləri belə bu nəhəng siyasətçiyə hörmətlə yanaşır, onun fikirləri ilə hesablaşırlar. Ulu Öndərin bacarığı, dəqiqliyi, cəsarəti, uzaqgörənliyi hamını valeh edib.

Heydər Əliyev siyasətlə məşğul olan insan, daha dəqiqliklə desək, peşəkar siyasətçi olub. Onun hakimiyyətə gəlməsində qanunauyğunluq var: şəxsi xüsusiyyətləri, bənzərsiz xarizması, liderlik bacarığı. Məhz bu səbəbdən Azərbaycan xalqı ona inanaraq öz taleyini ona etibar etdi. O, müdrik siyasəti ilə ölkəni bütün çətinliklərdən qurtardı, dünyada Azərbaycanın siyasi mövqeyini müəyyən etdi.

Görkəmli qırğız yazıçısı, dünya şöhrətli Çingiz Aytmatov Heydər Əliyev haqqında belə deyib: “Heydər Əliyev doğrudan da tarixi, hətta əfsanəvi şəxsiyyətdir. Bu, sovet dövründə də belə olub, bu indi də, çox mürəkkəb olan müasir dünya şəraitində də belədir. O, həmişə xalqın xidmətində olub”.

Bu sözləri dərindən analiz edərkən düşünürəm ki, Ulu Öndər bir çox siyasi liderlərə müasir dövrün ən çətin və aktual anlarına hazır olduğunu nümayiş etdirdi. Məhz onun zəngin siyasi təcrübəsi, geniş dünyagörüşü nəticəsində bu gün Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, milli-mədəni dəyərlər qorunub saxlanılıb. Bunlar Azərbaycan dövlətinin müasir inkişafını təmin edən əsas amillərdir.

Heydər Əliyev XX əsrin ən böyük liderləri sırasındadır. O, müasir demokratik Azərbaycanın ən yeni tarixinin yaradıcısı və müəllifidir. Tarixi yaradan, onun gedişinə müsbət təsir göstərən, tarixdə iz qoyan şəxsiyyətlər yüzilliklərboyu yadda qalır. Şübhəsiz, bu şəxsiyyətlər görkəmli, məqsədyönlü şəxsiyyətlərdir. Heydər Əliyev natiqlik məktəbinin ustadı idi, o, böyük bir epoxanın (1969-2003) mərkəzində olan şəxsiyyət idi, millətin xilaskarı, sülhsevər insan idi. Onun şəxsiyyəti və ideologiyası fenomenaldır. Çox tədqiqatçılar bunun üzərində işləyərək, Heydər Əliyev şəxsiyyətinin fenomenini araşdıraraq siyasi elmə töhfələr verəcəklər.

Bütün Azərbaycan xalqı Heydər Əliyevi ümummilli lider kimi qəbul edərək onun xatirəsini daim yad edir. Onun şəxsiyyəti unudulmur, bütün şəhər və rayonlarda abidəsi ucaldılır. O, Azərbaycanı vahid, bölünməz bir varlığa çevirdi, hər bir region isə bu vəhdətin ayrılmaz bir hissəsi oldu. Müsbət cəhətləri ilə Azərbaycanın ən yeni tarixinə daxil olan Heydər Əliyev hamını heyran edib: enerjili, cəsarətli siyasətçi, eyni zamanda, sərt və çevik rəhbərlik metodların tərəfdarı. O, ölkəni ən qısa müddətdə çətin vəziyyətdən qurtardı.

Heydər Əliyev Azərbaycanın və dünyanın ən görkəmli siyasətçilərindən biridir. Onun fəaliyyəti təkcə siyasətlə məhdudlaşmırdı. Hərtərəfli şəxsiyyət olan Heydər Əliyev həm tarixçi, həm memar, həm iqtisadçı idi. O, mədəniyyəti və mədəni dəyərləri çox yüksək qiymətləndirərək, milliliyə böyük önəm verərək adət-ənənələrin qorunub saxlanılmasında əvəzsiz işlər gördü.

Hər millətin ümummilli lideri olmur. Bu baxımdan, Azərbaycan xalqı və Azərbaycan dövləti tarixinin səhifələrində özünəməxsus yer tuta bildi.

Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlməsi çox mürəkkəb və çətin dövrə təsadüf etdi. Postsovet məkanında Azərbaycanda xalqlar ciddi problemlərlə rastlaşaraq işsizliyin, xaosun qarşısını ala bilmirdilər. XX əsrin sonunda yaşayan insanlar bunları yaxşı xatırlayırlar. Yalnız Ulu Öndərin cəsarəti, onun şəxsiyyəti, idarəçilik məharəti buna imkan verdi, Azərbaycan bu problemlərdən qurtuldu.

İndi aforizmə çevrilən “Bilik – XXI əsrin ən qiymətli valyutasıdır” kəlamı hələ XX əsrin 70-ci illərində Heydər Əliyevin həyat kredosuna çevrilib. O, ölkədə ardıcıl siyasət apararaq iqtisadiyyata və sosial prioritetlərə önəm verdi. Müasir dövrün görkəmli siyasi xadimləri Heydər Əliyevi görkəmli dövlət xadimi, siyasi nəhəng, tarixi və əfsanəvi şəxsiyyət adlandırırlar.

Heydər Əliyev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olub. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi idi. Heydər Əliyev deyirdi: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”. Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətinin qaldırılması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə “Kitabi-Dədə Qorqud” qədim yazılı abidəsinin, Füzuli, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin yaradılması əlamətdar hadisələr idi.

Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun dahiliyi və böyüklüyü dünya miqyasında tanınıb. Azərbaycan XX əsrin sonunda dünyaya məhz Heydər Əliyev siyasəti nəticəsində tanındı. Onun parlaq və dahi şəxsiyyəti, sərhəd bilməyən güclü intellekti Azərbaycandan çox kənara çıxdı. O, lider olaraq dünya miqyasında layiqli səviyyəyə yüksəldi, uzaqgörən, müdrik qətiyyəti, zəngin siyasi təcrübəsinə görə böyük dövlət xadimi oldu.

Müasir dövrün çağırışlarına Heydər Əliyev çox həssaslıqla yanaşaraq çevik reaksiya verirdi, onun ümumbəşəri ideya və dəyərlərə söykənməsi, planetimizdə sülh və tərəqqinin, dostluğun bərqərar olunması istiqamətində gördüyü işlər tarixə qızıl hərflərlə yazıldı. Azərbaycanda möhkəm sabitlik yaradan Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da ciddi addımlar atdı, atəşkəsə nail oldu. Bunlar çox çətin və məsuliyyətli işlər idi. Corc Buş, Süleyman Dəmirəl, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və digər dövlət başçıları Heydər Əliyev liderliyinin danılmazlığını qeyd edərək, onun müdrik kəlamlarına daim diqqət yetirirdilər, onu siyasi nəhəng adlandırırdılar. Bil Klinton Qafqaz regionunda və Mərkəzi Asiyada sülhün və sabitliyin bərqərar olunmasında Heydər Əliyevin xüsusi xidmətlərini qeyd edirdi. Həqiqətən, dünya bazarlarına Xəzərin zəngin resurslarının alternativ yollarla çıxarılması Heydər Əliyevin liderlik xüsusiyyətlərinin bariz nümunəsi oldu. Bu qeyri-adi şəxsiyyət qətiyyətliyi ilə yanaşı, müdrikliyi, cəsarəti, uzaqgörənliyi və siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, nüfuzu ilə xüsusi seçilirdi.

Nursultan Nazarbayevin sözlərinə görə, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinə gələcək nəsillər daha geniş qiymət verəcək. Bu, bir həqiqətdir. Onun aydın, ardıcıl siyasəti və mövqeyi bir çox siyasi xadimlər üçün böyük məktəb və nümunə olub. Heydər Əliyev fenomeninin Qafqazın və Azərbaycanın azadlığında rolu danılmazdır. O, bənzərsiz şəxsiyyət idi.

Həqiqətən, Azərbaycan Heydər Əliyev fenomeni, güclü şəxsiyyət amili olmadan bu uğurları qazana bilməzdi. Belə dahi insanlar yüzilliklər keçdikcə meydana gəlirlər. Parlaq, maraqlı, dünya miqyaslı liderlərdən biri olan Heydər Əliyev Azərbaycan xalqının fəxridir. Onda olan xüsusiyyətlər məhz böyük dövlət adamlarına xas olan xüsusiyyətlərdir. O, bir çox nəsillər üçün önəmli olan layihələrə imza atdı. Tarixi imkandan və şansdan istifadə edərək Böyük İpək Yolunu bərpa etdi.

Ulu Öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının çalarları idi.

Azərbaycançılıq prinsipi – bu prinsip bütövlükdə Heydər Əliyev ideologiyasının ana xəttini təşkil edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıların vahid bir ideya ətrafında birləşməsini, eyni zamanda, Azərbaycanda yaşayan hər bir vətəndaşın dövlətə, xalqa bağlılığını zəruri edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıları müstəqil Azərbaycan uğrunda mübarizədə səfərbər edir. Qanunçuluq prinsipi – qanun alidir və hər kəs ona tabe olmalıdır. Tutduğu mövqedən, cəmiyyətdəki fəaliyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanuna əməl etməlidirlər. Bu baxımdan qanunçuluq Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün müəyyən etdiyi əsas prinsiplərdən biridir. Varislik prinsipi – burada söhbət siyasətin varisliyindən gedir. Belə ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən böyük siyasət davamlı olmalıdır. Konstruktiv əməkdaşlıq prinsipi – bu prinsip vətəndaş həmrəyliyini özündə əks etdirir. Vətəndaş həmrəyliyi dünən də lazım idi, bu gün də lazımdır, sabah da lazım olacaq. Çünki istənilən cəmiyyətdə iqtidar-müxalifət mübarizəsi, bu və ya digər məsələdə fikir ayrılığı ola bilər. Bu mübarizə konstruktiv şəkildə, qanun çərçivəsində getməlidir. Bu mübarizə, eyni zamanda, vətəndaş həmrəyliyində özünü büruzə verməlidir. Bir-birinə əks ideyalar ortaya qoyan qüvvələr nəticə etibarilə ölkəmizin maraqları naminə birləşməli, vətəndaş sülhünü, həmrəyliyini qorumalıdırlar. Bu prinsip daim Heydər Əliyev tərəfindən qorunub.

Ümummilli liderimiz zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Mədəniyyətimizə bu mövqedən yanaşan Ulu Öndərin sayəsində Azərbaycan musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti qazanıb. Bütün bunlar Heydər Əliyevi dünya şöhrətli lider, dünya miqyasında tanınmış siyasətçi, nadir dövlət xadimi kimi xarakterizə edir.

Ulu Öndəri gələcəyin yolunu işıqlandıran çevik insan adlandırmaq olar, onun təcrübəsi və idarəçilik məktəbi həmişə aktual olacaq. “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – sözləri bu böyük şəxsiyyətin və böyük insanın torpağına, Vətəninə və xalqına bağlılığını bir daha təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu siyasət bu gün uğurla davam etdirilir. Azərbaycanın nüfuzu artır. Böyük quruculuq işlərindən danışarkən Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu xüsusi qeyd olunmalıdır.

İnsanlar var ki, onlar tarix yaradırlar. Heydər Əliyev belə insanlardan idi. Heydər Əliyevin həyat və fəaliyyəti çoxlarına məlumdur. Lakin onun həyat yolunun dərindən və hərtərəfli öyrənilməsi bizim gələcək inkişafımızı müəyyən edir.