Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.