SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 89 yaşı tamam olur

Prezident İlham Əliyev Şəkidə Bayraq Muzeyinin açılışında iştirak edib
Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib
Hikmət Hacıyev: Bir neçə beynəlxalq media qurumunun işğal olunmuş ərazilərimizə səfərinə icazə verilib

Yanvarın 14-də SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin doğum günüdür. Azərbaycanın neft tarixini yazan görkəmli geoloqun 89 yaşı tamam olur.

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” idarəsində başlayıb, daha sonra “Dənizneft” Birliyində, “Gürganneft” trestində (indiki “Neft Daşları” NQÇİ), “Başdənizneft” İdarəsində, “Xəzərdənizneft” Birliyində, “Azərineft” Dövlət Konsernində və Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildən SOCAR-ın vitse-prezidentidir, 2016-cı ildə isə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən çox neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf olunub və istismara daxil edilib. Azərbaycanın məşhur neftçi-aliminin xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz” qaz-kondensat, iri “Abşeron” kimi yataqların, eləcə də 2010-cu ildə SOCAR-ın öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olub.

Geologiya-mineralogiya elmləri doktoru, professor və AMEA-nın həqiqi üzvüdür. “İstiqlal”, “Şöhrət”, “Şərəf”, “Əmək” ordenləri, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Onun adı UNESCO Ensiklopediyasına daxil edilib.

Xoşbəxt Yusifzadə ötən il neft və qaz-kondensat yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb, “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyinin (İB) fəxri üzvü seçilib, “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən UN Council for Public Awards (“UNCOPA”) təşkilatı X.Yusifzadəni dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə “Avropa xidmət” ordeni ilə təltif edib.

Görkəmli geoloq nadir insanlardandır ki, ölkəmizdə həm bir milyardıncı ton, həm də iki milyardıncı ton neftin hasil olunmasında şəxsən iştirak edib. Bu böyük ömrün 67 ili Azərbaycan neft sənayesinə həsr olunub. Xoşbəxt müəllim bu gün də iş başındadır.

AZƏRTAC-ın kollektivi adından Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, gümrahlıq arzulayırıq.