“2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib

“Azərbaycanin sərhədyani rayonlarinin sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adli məruzə AŞPA-da qəbul edilib
Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib
“Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Dekabrın 23-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə “2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov AŞPA tərəfindən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul edilməsinin AVCİYA-nın ən böyük uğurlarından biri olduğunu bildirib.

E.Salmanov Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, mədəni abidələrin, strateji obyektlərin dağıdıldığını vurğulayıb. Sərsəng su anbarının baxımsızlıq səbəbindən qəzalı vəziyyətə düşdüyünü, anbarda baş verə biləcək qəzanın Azərbaycanın 7 rayonunun 400 min mülki əhalisinin həyatı üçün təhlükə törədəcəyini qeyd edib.

Diqqətə çatdırılıb ki, ermənilər məqsədyönlü şəkildə qış mövsümündə anbardan suyu buraxaraq rayonlarımızı selə məruz qoyur, yayda isə suyun qarşısını alaraq, kənd təsərrüfatına ciddi ziyan vururlar.

“Ermənistanın Azərbaycana təcavüzü və insan hüquqlarının müdafiəsi problemi (Sərsəng su anbarı kontekstində)” mövzusunda çıxış edən BDU-nun hüquq fakültəsinin dekanı professor Əmir Əliyev insan hüquqlarının tək dövlətlərin deyil, həm də beynəlxalq təşkilatların öhdəliyində olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Fazil Zeynalov “Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq təşkilatlar müstəvisində” mövzusunda çıxış edib. Fazil Zeynalov bildirib ki, son illər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülür. “2085 (2016) saylı AŞPA qətnaməsi”nin qəbul olunması Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırması yolunda əldə olunan nailiyyətlərdəndir.

O, Dağlıq Qarabağ bölgəsinin tarixindən, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı tutduqları mövqedən geniş bəhs edib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyəti illərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülüb. Bunun nəticəsidir ki, artıq bir çox beynəlxalq təşkilatlar tərəfindən erməni işğalını pisləyən, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən qərar və qətnamələr qəbul edilib.

Tədbirdə “Ermənistanın Azərbaycana təcavüzü və insan hüquqlarının müdafiəsi”, “Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq təşkilatlarda”, “AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin siyasi və beynəlxalq hüquqi əhəmiyyəti” və digər mövzularda çıxışlar dinlənilib, müzakirələr aparılıb.