Bərdə — Azərbaycanda rayon.
Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu almışdır. 1 şəhər və 110 kəndi vardır.
Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir.
Tarixi
Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir.
Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.
Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirmişdir. Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı “Firuzabad” olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanında Bərdədən bəhs olunur.
Sasanilər dövründə Bərdə canişinliyinin mərkəzi olmuşdur. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmişdir. X əsrdə Albaniyanın paytaxtı olmuş, 552-ci ildə Alban kilsəsinin də mərkəzi Bərdəyə köçürülmüşdür. Bərdə 628-ci ildə Xəzərlər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunmuşdur. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilmişdir. Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni tutmuşdur. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşamışdır. XIII əsrdə Bərdədə pul kəsilmişdir. Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olmuşdur. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmişdir. Məşhur “Əl-Kürkiy” bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. IX əsrin 90-cı illərinə qədər Bərdə Sasanilər dövlətinin tərkibində olmuşdur. Bərdə həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi.
Şəhər bəzi mənbələrdə “Aranın baş şəhəri”, “Aranın anası” adlanıb.
Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir. Şəddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən 1804-cü ildə işğalından sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. Təkcə 1828-ci ildə Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdür. [4] Rusiya işğalı dövründə Bərdə Yelizavetpol Quberniyasının tərkibində olmuş, 1918-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycanın tərkibində olmuşdur.
Coğrafi mövqeyi
Bərdə şəhəri ölkənin mərkəzi hissəsindədir: 400 25ı şimal enliyində və 470 05ı şərq uzunluğunda, Kür-Araz ovalığında, dəniz səviyyəsindən 87 metr yüksəklikdə, Qarabağ düzünün mərkəzində yerləşir.
Rayon qərbdən Tərtər rayonu, şimaldan Yevlax şəhəri, şimal-şərqdən və şərqdən Ağdaş rayonu və cənub-şərqdən Zərdab rayonu ilə Kür çayı boyunca, cənubdan Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir
Rayonu respublikanın digər rayonları ilə avtomobil, respublikanın paytaxtı, Yevlax şəhəri, Ağdaş, Ucar və Kürdəmir rayonları ilə dəmir yolu birləşdirir.
Rayonda 35 inzibati ərazi vahidi və dairəsi var, 67 bələdiyyə fəaliyyət göstərir.
Rayonun səthi az meyilli və dalğalı düzənlikdir, antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var, Muğanlı kəndi yaxınlığında müalicəvi əhəmiyyətə malik təbii bulaq var.
İqlimi mülayim isti, quru subtropikdir. Qışı quru keçir, orta temperatur yanvarda 1,2-1,8 C, iyulda 25,6-26,5 C-dir. İllik yağıntı 250-350 mm-dir.
Əsasən boz və boz çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (7,3 min hektar) var.
Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən üçüncü göl isə Bərdədən 23 km aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu yerləşir. İqlimi mülayim isti, quru subtropikdir.
Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Əsasən, boz və boz-çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi sahəsi 7,3 min ha) var. Rayon ərazisində Bərdə yasaqlığı var.
Təbiəti
İqlimi mülayim isti, quru subtropikdir. Qışı quraq keçir. Orta temperatur yanvarda 1,2-1,8°C, iyulda 25,6-26,5°C-dir. İllik yağıntı 250-350 mm-dir. Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Əsasən, boz və boz – çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi sahəsi 7,3 min ha) var. Heyvanları: tülkü, canavar, çöldonuzu, boz dovşan, süleysin və s. Quşları: turac, qırqovul, qaz, ördək və s. Rayon ərazisində Bərdə yasaqlığı var.