Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərini 90 faizədək icra edib

Keçən il meqalayihənin bütün seqmentlərinə 1 milyard dollaradək investisiya yatırılıb

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib
Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin tarixi xidmətlərinin üzə çıxarılmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olub
Ermənistan tarixi saxtalaşdırmaqda davam edir

Azərbaycan bu vaxtadək “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərini 90 faizədək icra edib.

AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə ümumi investisiya məbləğinin təqribən 82 faizdən çox hissəsi artıq reallaşdırılıb. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərini 90 faizədək icra edib. “Cənub Qaz Dəhlizi” QSC isə ötən il meqalayihənin bütün seqmentlərinə təqribən 1 milyard ABŞ dolları investisiya yatırıb.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə çatdırır və həmin ölkədən isə Avropaya nəql edəcək. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 1,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm cari ildə 2 milyard kubmetrə, 2020-ci ildə 4 milyard kubmetrə və 2021-ci ildə isə 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə boru kəməri bu il TAP boru kəmərinə birləşmək üçün hazır olacaq. Azərbaycan təbii qazının Avropaya nəqli 2020-ci ildə nəzərdə tutulur.