“Xocalı soyqırımı – bəşəri cinayət”

Qədim türk törələri: ənənəvi xalq qanunları haqqında
Hörmətli KİV təmsilçiləri!
Şamaxıda üçüncü Sabir bulağı açılıb

Ötən gün “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “1905.az”  portalı birgə Xocalı faciəsinin 27 ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – bəşəri cinayət”  adlı dəyirmi masa keçirdi.

 

 

İlk olaraq “Qarabağdır Azərbaycan” filminə baxan tədbir iştirakçıları Xocalı soyqırımı haqda fikirlərini bölüşdülər. Tədbirin moderatoru filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva bildirdi ki,  Xocalı yaxın vaxtın faciəsi və Azərbaycan tarixinin real səhifəsidir: “Bu il Xocalı faciəsini 1905.az saytı ilə birgə xatırlamağı qərara almışıq. Bir sıra – Holokost, Xatın, Serebnitsa kimi faciələr var ki, bəşəriyyətin üz qarasıdır. Xocalı da onlardan biridir”. Vaxtilə işlədiyi məktəbin intizamsız şagirdi Əsgəri xatırlayan İradə xanım çıxışında vətənpərvərliyin dərsi əla oxumaqdan asılı olmadığını bildirdi: “Əsgəri pis oxuduğuna və intizamsızlıq etdiyinə görə 9-10 cu sinifləri davam etməyə qoymadılar. Məktəb onu təhsildən kənarlaşdırdı. Müharibə zamanı həmişə əla qiymətlər yazdığımız, səliqəli şagirdlərin hamısı dağılışdı, bir çoxu ölkə xaricinə getdi. Hamının intizamsız və savadsız kimi tanıdığı Əsgər isə könüllü olaraq cəbhəyə yollandı. Sonradan sinif yoldaşı danışırdı ki, döyüşlərin birində silah yoldaşları ilə birgə mühasirəyə düşüb. Mühasirəni yaranda aldığı güllə yarasından həyatını itirib. Həyatın ironiyasına bax ki, vaxtilə təhsil aldığı və intizamsız şagird kimi kənarlaşdırıldığı orta məktəb indi fəxrlə onun adını daşıyır”.

 

AVCİYA-nın vitse prezidenti Dəyanət Musayev çıxışında faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün çap etdikləri nəşrlər haqda bilgi verdi: “Soyqırım bir millətin etnik mənsubiyyətinə, dininə görə planlı şəkildə məhv edilməsidir. Bu baxımdan Xocalı soyqırımdır. Azərbaycan Ermənistan münaqişəsinə işıq salan və bir neçə dilə tərcümə edilən nəşrlərimiz olub. Haaqa beynəlxalq məhkəməsində Xocalı qətliamına münasibət bildirilməsi üçün 2006-cı ildə “Milyon imza bir tələb” adlı kompaniya çərçivəsində 16 cildlik kitab nəşr etmişik.  Kitab dünyanın ən nüfuzlu kitabxanalarına göndərilib. 2007 ci ildə “Xocalı faciəsi” adlı kitabımız 3 dildə çap edilib.  Sonuncu nəşrimiz isə “Xocalı yaddaşı” adlanır”.  Ermənilərin Azərbaycana olan ərazi iddialarının 1905-ci ildən başladığını xatırladan Dəyanət Musayev AVCİYA-nın prezidenti Elxan Süleymanovun Ermənistanın Azərbaycana gətirdiyi fəlakətlərin dünya miqyasında işıqlandırılması üçün həyata keçirdiyi layihələrdən danışdı: “2016- cı ildə AŞPA da Sərsəng su anbarının törədə biləcəyi  ekoloji fəlakətlə bağlı məsələ qaldırdıq və qətnamə bir çox Avropa ölkələrinin lehimizə səs verməsi nəticəsində qəbul olundu. Ağ Ev administrasiyasının qətnaməyə münasibət bildirməsi üçün petisiya kampaniyasına başladıq. Barak Obama adminstrasiyası həmin vaxt lehimizə səs verdilər. Hesab edirəm ki, Xocalı ilə bağlı olan reallıqları yaymaq təkcə dövlətin işi deyil, həm də vətəndaş cəmiyyətinin işidir. Tarixi unudan xalqın tarixi təkrar olunur. Öz timsalımızda bunu görmüşük və çalışmalıyıq ki, insanlarımız bunu unutmasın”.

 

1905.az portalının direktoru Fuad Babayev faciənin işıqlandırılmasında medianın rolun haqqındakı fikirlərindən söz açdı: “Azərbaycanda mediadan narazılıq ifadə olunur zaman-zaman. Lakin media bir güzgüdür, əgər o nəyisə düz göstərə bilmirsə, bu həm də auditoriya ilə bağlıdır. Xocalı ilə bağlı nəsə etməyi hamı həm də mediadan gözləyir. Lakin media faciəni ildönümündə deyil,  təqvimin digər günlərində işıqlandıranda bəzi oxucu və dinləyicilər sual verir ki, “niyə məhz indi?”. Ərazisinin 20 faizi işğal olmuş Azərbaycanda biz faciələrimizdən yalnız aidiyyatlərı təqvim günlərində yazıb danışmışmamalıyıq”.

 

“İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin əməkdaşı Kamil İbrahimov  çıxışında Xocalını şəhid şəhər adlandırdı: “Xocalı çox böyük müsibətlə şəhid olub. Əslində şəhid olan qəhrəmanlar əlində silah vuruşaraq şəhid olur. Burda isə əlində silah olmayan dinc əhali böyük qəddarlıq və amansızlıqla üzləşiblər. Zori Balayanın bir kitabından Xocalı xatirələri haqqında oxumuşam. O yazır ki, “Xocalıdan olan 13 yaşında qız uşağını divara mıxlayıb ləzzətlə dərisini soymağa başladıq. Mən çox qürur hissi keçirdim ki, bir türk balasını öldürürəm”.  300 il əvvəl bizim Qafqazda erməni kimi problemimiz yox idi.  Onları 200 il öncə rus imperiyası gətirdi”. Kamil İbrahimov bildirdi ki, Xocalı soyqırımı ermənilərin bilərəkdən törətdiyi faciədir və biz özümüzü qorumaq üçün müxtəlif yollar axtarmalıyıq.  Baş verənlər dünya ictimaiyyətində daha geniş təşviq edilməlidir.

 

1905.az portalının redaktoru Təmkin Məmmədli rusdilli elektron media və ya runetdə Xocalı faciəsinin təbliği haqda danışdı. Bildirdi ki, 2008-ci ildən fəaliyyətinə start verilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası runetdə öz əksini tapsa da ermənilərin rusdilli saytlarının yaydığı qərəzli informasiyaların olduğunu da nəzərə almaq lazımdır. Təmkin Məmmədli bir neçə təklif irəli sürdü: “Xocalı soyqırımına aid yazılar ildə bir dəfə, yalnız 26 fevral tarixinə təsadüf etməməlidir. Xarici mediada, o cümlədən runetdə Xocalı soyqırımının araşıdırılması və analitik yazıların üstünlük təşkil etməsinə nail olmalıyıq. Xocalı faciəsini yaşamış hər bir soydaşımızın verdiyi informasiyanı sənədləşdirilərək xarici dillərdə virtual məkanda yayılmalıdır”…

Bakı Atatürk liseyinin müəllimi Elmar Həsənli 1905, 1918, 1992-ci ildə Azərbaycanın məruz qaldığı faciələrin arxasında dayanan qüvvənin adının çəkilməsinin vacibliyini vurğuladı: “Bütün bu faciələrin arxasında Ermənistan və Rusiya dayandı. Hər üç faciə əsasən qış aylarında baş verib ki, təbiətin amansızlığı da insanlara qənim kəsilsin. Xocalıda biz qarlı hava şəraitinin insanlara yaşatdığı zülmü gördük”.  Elmar müəllim soyqırım müzeyinin yaradılmasının vacibliyini dilə gətirdi: “Azərbaycan dəfələrlə soyqırıma məruz qalıb, amma bu gün bunu əks etdirən bir muzeyi yoxdur. Xocalı yeganə şəhərdir ki, hər üç faciədə darmadağın edilib.  Üstəlik Xocalıda tək insanlar deyil, maddi mədəni abidələr də soyqırıma məruz qalıb”.  Elman Həsənli çıxışında Qarabağ müharibəsinin real qıhrəmanlarının insanlara tanıtmağın vacibliyini vurğuladı.

 

Xəzər Unuversitetinin doktorantı Aygül İsmayılova çıxışında Qarabağ müharibəsini beynəlxal müharibə nəzəriyələri baxımından analiz edərək Azərbaycanın bu müharibədə tam haqlı tərəf olduğunu bildirdi: “Beynəlxalq münasibətlərdə ədalətli müharibə nəzəriyyəsi müəyyən kriteriyalara əsaslanır. Əgər mənim üstümə gələn varsa, mən istənilən halda özümü müdafiə etməliyəm. Ermənilər çox zaman iddia edirlər ki, biz öz müqəddəratımızı təyin etmək istəyirik. Beynəlxalq hüququn prinsiplərinə baxsaq, heç bir halda öz müqəddəratını təyin etmə bu cür soyqırım hadisələrini törətməyə əsas vermir. Müharibə qanuni hökumət tərəfindən elan etməlidir. Ermənistan isə elan edir ki, müharibəni tanınmamış “Dağlıq Qarabağ respublikası” aparır. Hansı ki, beynəlxalq qanunlara ziddir.  Beynəlxalq qanunlar deyir ki, müharibə ən son vasitə olmalıdır. Ona qədər bütün vasitələrdən istifadə etmək lazımdır. Ermənistan və ya onların iddia etdiyi kimi Dağlıq Qarabağın erməni icması heç bir vasitədən istifadə etmədi. Onlar iddia edirlər ki, bizə qarşı diskriminasiya vardı. Təbii ki, tamamilə absurd iddiadır. Lakin, hətta belə olduğu təqdirdə, müharibə nəzəriyyələrinə əsasən diskriminasiya etnik təmizləmə səviyyəsində deyilsə, heç bir halda həmin xalq müharibəyə müraciət edə bilməz”.

 

Muzey Birliyinin müşaviri Gülnar Əliyeva Xocalıdakı maddi mədəni irsdən danışdı: “Xocalı şəhəri Şuşadan 22 km aralıda yerləşir. XIX əsrin 90 cı illərindən öyrənilməyə başlanıb.Buradan tapılan müxtəlif keramik qablar, bəzək əşyalarını göstərir ki, yerli əhali əsasən maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olub. Hətta muncuqların birinin üstündə yaxın Şərqin qədim ölkəsi Assuriyanın hökmdarı Adad-nirarinin adı yazılmışdı. Tapılan nümunələr eramızdan əvvəl XIV- VII əsrləri əhatə edir və Xocalı-Gədəbəy mədəniyyətini əhatə edir”.

 

İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova çıxışında bildirdi ki, mövzu nə qədər ağır olsa da hər dəfə onu qaldırmalıyıq və bu həqiqətləri hamıya çatdırmalıyıq: “ Ermənistan təkcə bizim torpaqlarımızı deyil, həm də mədəni sərvətimizi işğal edib. İşğal altında qalan çox muzeylərimiz , mədəniyyətimiz hazırda erməni mədəniyyəti kimi təqdim edilir. Azərbaycan xalça muzeyinin filalı olan Şuşaı xalça muzeyindəki Qarabağ xalçalarının bütün nümunələri  turistlərə Ermənistan xalçaları kimi təqdim edilir”.

 

Tədbirin sonunda “Günay” uşaq teatrı “Xocalı” adlı poetik kompozisiya ilə çıxış etdi.

Ülviyyə Tahirqızı, 1905.az

Fotolar Qoca Absəlimovundur