Novruzu bayram edən ölkələrin diplomatları Yel çərşənbəsini birgə qeyd etdilər

Novruz Məmmədov: Azərbaycan beynəlxalq sülhə töhfə vermək üçün bütün qlobal platformalarda fəal iştirak edir
“Üç qardaş – 2021” beynəlxalq təlimi çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib
Bu gün müddətli müqavilə əsasında müəllimlərin işə qəbuluna start verilir

Martın 12-də Türkiyənin Bakıdakı səfirliyində Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin və Novruz bayramını qeyd edən dövlətlərin səfirliklərinin birgə təşəbbüsü ilə Yel çərşənbəsi və Novruz adətlərinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə hər bir ölkənin Novruz adətlərini və Novruz mətbəxini əks etdirən sərgi ilə tanış oldular.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək tədbirə qatılan bütün qonaqlara təşəkkür edib. Bildirib ki, Tacikistan səfiri tərəfindən irəli sürülən bu təşəbbüs nəticəsində Novruzu bayram edən ölkələrin səfirlikləri bir araya gələrək baharın müjdəsi olan Yel çərşənbəsini birgə qeyd etmək qərar veriblər: “Bu gözəl təşəbbüsə qoşularaq bu gün qardaşlıq və sülh naminə bir arada olmaq nə xoşdur”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları Yel çərşənbəsi münasibətilə təbrik edib, bu təşəbbüsə qoşulan hər kəsə və tədbirin ərsəyə gəlməsində əməyi olan nazirliyin əməkdaşlarına təşəkkürünü bildirib.

Nazir qeyd edib ki, bu gün səfirliklərin təqdim etdikləri gözəl Novruz nemətləri bizim xalqlarımızın zəngin mədəniyyətindən və eyni zamanda bir-birinə yaxınlığından xəbər verir: “Azərbaycan xalqı Novruzu bütün dövr və zamanlarda daima böyük sevinclə qeyd edib və bu, xalqımızın müqəddəs saydığı bayramlardan biridir. Bu bayram sülh və qardaşlıq, paylaşma rəmzidir. Təbiətin oyanışı ilə bərabər xalqlarımızın gözəl duyğuları, sülhpərvərlik hisləri də oyanır. Novruz həm də insanlarda əməksevərlik və məhəbbət oyadır. Qədim köklərə malik olan bayram bu günə kimi qorunaraq öz adət və ənənələri ilə yaşayır, evlərə sevinc gətirir. Nə yaxşı ki, müasir dövrdə də bəşəriyyət bu bayramı qeyd edir, adətləri yaşadır. Bu bayram bu gün nəinki bizim xalqlara, eləcə də bütün bəşəriyyətə məxsusdur”.

Əbülfəs Qarayev diqqətə çatdırıb ki, 2009-cu ildə Novruz Azərbaycanın və bu bayramı qeyd edən dövlətlərin birgə təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT-nin Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü elan edib. Beləliklə, Novruz beynəlxalq status qazanaraq dünyaya təqdim olunub.

“Bir daha hər birinizi Novruz münasibətilə təbrik edir, sülh və əmin-amanlıq arzulayıram. Bəşəriyyətdə müxtəlif ənənələr və cəmiyyətlər yaşayır. Onları birləşdirən amil isə ana təbiətdir. Təbiətin oyanışı hər birinizə yeni gün, yeni arzularla bərabər dünyaya sülh gətirsin”, – deyə nazir çıxışını bitirdi.

BMT-nin Azərbaycan üzrə nümayəndəsi Qulam İsaqzai bildirib ki, Novruz bayramı qardaşlıq, ölkələr, xalqlar arasında isti münasibətlər deməkdir. Müasir dövrümüzdə baş verən münaqişələri bəlkə də qədim kökə malik Novruz adətləri ilə əritmək, həll etmək olar. “Bütün bəşəriyyəti, Azərbaycan xalqını və tədbirə qatılan ölkələri bu sülh bayramı münasibətilə təbrik edirəm”, – deyə BMT təmsilçisi vurğulayıb.

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli Novruz bayramının ənənələrindən söz açıb, təşəbbüsə dəstək göstərən bütün səfirliklərə təşəkkür edib. Xalqlarımız arasında dostluq, qardaşlıq yaradan Novruz münasibətilə təbriklərini çatdıran səfir dünyaya sülh, ortaq Novruz mədəniyyətinə malik xalqlara əmin-amanlıq və firavan həyat arzulayıb.

Tədbir səfirlik nümayəndələrinin Yel çərşənbəsi tonqalı ətrafında rəqsi və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Tədbirdə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin təqdim etdiyi sərgi və Novruz şirniyyatlarından ibarət milli mətbəx nümunələri böyük maraqla qarşılanıb. Xüsusi tərtibatı ilə seçilən Azərbaycan guşəsi xarici qonaqlara bir daha xalqımızın Novruz irsinin zənginliyini nümayiş etdirib.