Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verib, əhalinin sayı 10 milyon nəfərə çatıb.
2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın (Ağdərə rayonu sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər) ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib. Doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə xalqımızı, yeni doğulmuş körpənin valideynlərini təbrik ediblər.
Sevindirici haldır ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir.
Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur. Azərbaycanda isə əhalinin sayı dinamik templə artır.
Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.