Fazil Mustafanın yeni kitablarının təqdimat mərasimi keçirilib

Dövlət Sosial Müdafiə Fondunun gələn il üzrə büdcəsi məlum olub
XİN sosial şəbəkədə işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlərə dair məlumatı əks etdirən hesab yaradıb
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın yeni kitablarının təqdimat mərasimi keçirilib.

ONA-nın xəbərinə görə, “5 ilin 5 kitabı” adlı təqdimat mərasimini açıq elan edən professor Qulu Məhərrəmli bildirib ki, əslində F.Mustafanın bu il bir kitabı çapdan çıxsa da, son beş il ərzində çap olunan kitabların təqdimat mərasimi keçirilmədiyindən, bu kitabların da birlikdə təqdim olunması qərarına gəlinib.

F.Mustafa çıxışında deyib ki, Azərbaycan cəmiyyətində kitabın təbliği, mütaliənin vacibliyi ilə bağlı bir hərəkətlənmə müşahidə olunur: “Ona görə qərara gəldik ki, biz də bu prosesə öz töhfəmizi verək”.

Deputat, professor Fəzail İbrahimli bəzən F.Mustafanın fikirləri ilə razılaşmasa da, hadisələrə özünəməxsus baxışının olmasını çox bəyəndiyini vurğulayıb.

Yazıçı-deputat Aqil Abbas F.Mustafanın kitablarının onun üçün stolüstü kitabı olduğunu söyləyib: “Hüquqşünas olsa da, onun publisistikası su kimi içilir”.

Sabiq deputat, professor Rəbiyyət Aslanova Azərbaycanda ictimai fikrin inkişafında və milli özünüdərk prosesində F.Mustafanın mühüm xidmətləri olduğunu vurğulayıb: “Onun düşüncələrində kollektiv təfəkkür tərzinə qarşı bir üsyan var. Bəzən bəyənilməsə belə, cəmiyyətimizdə belə adamlara həmişə ehtiyac var. Mən özüm də elmi məqalələrimdə Fazil bəyin məqalələrinə istinad edirəm”.

Akademik Rafiq Əliyev F.Mustafanın ziyalılıq modeli ilə bağlı fikirlərinə diqqət çəkib: “Ziyalı, sizin göstərdiyiniz kimi, hər şeyə – özünə də, dostlarına da müxalif olmaqdır”.

Professor Paşa Qəlbinur F.Mustafanın yazılarında şəxsiyyət probleminə toxunub.

Deputat Musa Quliyev F.Mustafanın sözünü özündən qabaq tanıdığını deyib: “Onun yazılarında dövlətçilik və maarifçilik ana xətti təşkil edir. Qəribədir ki, biz başqa yerdə yox, məhz kitab nəşriyyatında tanış olmuşuq”.

Deputat Jalə Əliyeva F.Mustafanın həqiqəti görmək və dilə gətirmək qabiliyyəti ilə seçilən ziyalılardan olduğunu vurğulayıb: “O, maarifpərvər ziyalı kimi tarixdə qalacaq”.

ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı diqqəti mərasimdə iştirak edən kontingentə yönəldib: “Cəmiyyətimizdə həm hökumət, həm də müxalifət tərəfdarlarını, həm dindarları, həm də ateistləri bir masa arxasına gətirməyi bacaran şəxslər çox azdır. Onlardan biri də Fazil Mustafadır. Onun ən mühüm missiyalarından biri də tarixi simvolları müzakirəyə çıxarmaqla onları insanlaşdırmaq və insanlara doğmalaşdırmaq bacarığıdır”.

Deputat Elxan Süleymanov Azərbaycan cəmiyyətinin doğru düşüncəyə ehtiyacının olduğunu, F.Mustafanın bir ziyalı kimi bu məsələdə məsuliyyətdən yayınmadığını söyləyib.

Akademik Muxtar İmanov şəxsi mənafeləri milli mənafeyə qurban verə bilməyənlərin F.Mustafanın yazılarında ciddi tənqid olunduğunu deyib: “Onun yazıları bugünkü problemlərimizə işıq tutmaqda böyük rol oynayır”.

Sabiq deputat Gülər Əhmədova F.Mustafanın doğru bildiyi dəyərləri qibtə olunacaq qətiyyətlə müdafiə etmək qabiliyyətini yüksək qiymətləndirib: “O, materialist deyil, mərd və insani keyfiyyətləri isə güclü imanından qaynaqlanır”.

Deputat Flora Qasımova və yazıçı Aysel Əlizadə cəmiyyətin problemləri üzərinə özünə zərər versə belə, getməkdən çəkinmədiyi üçün F.Mustafaya təşəkkür ediblər.

Sonda müəllif mərasim iştirakçıları üçün kitab imzalayıb.