Nəsimi – 7 böyük ozandan biri

Sabah Şuşada Bəyannamənin imzalanmasının ildönümü münasibətilə tədbir keçiriləcək
Bakıda ATƏT sədri ilə danışıqlar zamanı Qarabağ münaqişəsi müzakirə olunub
Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

Əlli il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) 600 illik yubileyi keçirilmiş, bununla həm ölkəmizdə, həm də xaricdə onun həyat və yaradıcılığına maraq artmışdı. Ana dilimizdə yaratmış olduğu mükəmməl poeziya nümunələri yüz illər boyunca ozanların, muğam ustalarının dilindən düşməyərək milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verən qüdrətli sufi şairin əlyazmalarının tədqiqi həmin vaxtdan etibarən genişlənmiş, əsərləri kütləvi tirajla çap edilmişdi. Təsadüfi deyil ki, İmadəddin Nəsiminin təbliğində xüsusi yeri olan film də məhz ulu öndər Heydər Əliyevin sovet Azərbaycanında hakimiyyətdə olduğu zamanda – İsa Hüseynovun (Muğanna) ssenarisi əsasında rejissor Həsən Seyidbəyli tərəfindən 1973-cü ildə çəkilmiş, baş rolun ifaçısı, o dövrdə gənc olan istedadlı aktyorumuz Rasim Balayevin yaratdığı obraz xalqımız tərəfindən böyük sevgi ilə qarşılanmışdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Facebook sosial şəbəkəsində paylaşdığı statusda yer alıb.

Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən işıq üzü görən, oxuculara təqdim və ölkə kitabxanalarına hədiyyə edilən nəşrlər arasında, heç şübhəsiz, Nəsiminin əsərləri də yer almışdı. Hər kəsə o da yaxşı məlumdur ki, dövlətimizin başçısı Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq içərisində olduğumuz 2019-cu ili “Nəsimi ili” elan edib. Prezidentin bu Sərəncamından irəli gələrək il ərzində xalqımızın ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş şair haqqında çox sayda elmi və mədəni tədbir keçirilib, araşdırmalar aparılıb, o cümlədən kütləvi informasiya vasitələrində sanballı məqalələr dərc olunub. Tədbirlər davam edir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Bu barədə yayılan açıqlamadan xəbərdarsınız ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və könüllü gənclər qoşulacaqlar.

“Zənnimcə, “Nəsimi ili”nə gözəl töhfələrdən birini də “Youtube” kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusif verdi. Onun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası sosial şəbəkələrdə qısa zamanda populyarlaşdı və böyük rəğbətlə qarşılandı. Müntəzəm olaraq Azərbaycana gələn, ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalında iştirak etmiş Sami kimi məşhur, açıq konsertlərinə yüz minlərlə tamaşaçı toplanan bir sənətçinin klassik poeziyamızın pərəstişkarı olması, mənəvi dünyamızın incilərini yeni və peşəkar formada bütün dünyaya yayması, əlbəttə, təqdirəlayiqdir. Onun xalq çalğı alətlərimizin müşayiəti ilə, milli, klassik və müasir musiqi elementlərini sintez edərək, xanəndə Təyyar Bayramovun, digər sənət adamlarımızın ifasından, bacarığından uğurla yararlanaraq hazırladığı parçanı internetin verdiyi imkanlar sayəsində işə gələrkən yolda dinlədim. Bir dinləyici kimi zövqümü oxşadı. Odur ki, türk dünyasının 7 böyük ozanından biri sayılan Nəsiminin “Sığmazam” rədifli qəzəlinin bu cür ecazkar, ovsunlayıcı musiqiyə çevrilməsinə əmək sərf etmiş hər kəsə təşəkkür edir, böyük məmnuniyyətlə videosunu sizlərlə – öz Facebook dostlarımla paylaşıram. Paylaşıram həm də ona görə ki, Heydər Əliyevin və İlham Əliyevin Nəsimi kimi tarixi şəxsiyyətlərimizi, mütəfəkkirlərimizi cəmiyyətimizin və bütün dünyanın nəzərində ucaltmaqla standart məkan qəliblərinə sığmadıqları barədə qənaətimi bir daha sizlərlə bölüşüm”.

AZƏRTAC