Dünya Bankı Azərbaycanda uzunmüddətli iqtisadi artım üçün şərtləri açıqlayıb

1,4 mindən çox şəxsə veteran adı və müvafiq vəsiqəsi verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Məhərrəm Zülfüqarlı: Qarabağın və Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bütün dünya tərəfindən rəsmən tanınıb və qəbul edilib

Dünya Bankı 2019-cu ildə Azərbaycanda iqtisadi artımın 2,8%, 2020-ci ildə 2,3%, 2021-ci ildə 2,1% səviyyəsində olacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə bankın Avropa və Mərkəzi Asiyada iqtisadi vəziyyətə dair oktyabr ayı üzrə hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ÜDM-in uzunmüddətli artımı biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş daxili islahatların davam etdirilməsindən, eləcə də insan kapitalının keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsilə investisiya qoyuluşundan asılıdır.

2019-2021-ci illərdə Azərbaycanın illik ÜDM artımının orta hesabla 2,4% olacağı proqnozlaşdırılır. Qeyd olunur ki, fiskal stimullar 2019-cu ildə iqtisadi fəallığı artıracaq, eləcə də qeyri-enerji sektorlarında təxminən 2,8 faiz səviyyəsində artımın olmasına töhfə verəcək.

Daxili tələbin tədricən yaxşılaşması ilə inflyasiyanın 2019–2021-ci illərdə orta hesabla 3,1% təşkil etməklə aşağı səviyyədə qalacağı gözlənilir. 2021-ci ilədək cari əməliyyatlar hesabının profisiti ÜDM-in orta hesabla 6,5%-ni təşkil edəcək ki, bu da qeyri-enerji sektorunda cari hesab kəsirinin artmasına səbəb olacaq, çünki daxili tələbin artması idxalın artmasına səbəb olur. Vergi güzəştlərinə baxmayaraq, fiskal hesablar profisit olaraq qalacaq, ancaq büdcə profisitinin 2018-ci ildəki ÜDM-in 5,9%-dən 2021-ci ildə ÜDM-in 4,4%-dək azalacağı proqnozlaşdırılır. Bundan əlavə, qeyri-neft büdcə balansı artacaq. ÜDM-in və inflyasiyanın orta artım tempi saxlanılacağı təqdirdə həyat səviyyəsinin yaxşılaşmağa davam edəcək.

Qeyd edək ki, Dünya Bankının iyun ayındakı hesabatında Azərbaycanın 2019-cu ildə ÜDM-inin artımı 3,2%, 2020-ci ildə 3,5%, 2021-ci ildə 3,7% səviyyəsində proqnozlaşdırılmışdı.

Hesabat müəlliflərinin fikrincə, Azərbaycanın ÜDM-inin səviyyəsinə xarici amillər, o cümlədən dünya bazarında qeyri-müəyyənliyin dərinləşməsi, qlobal iqtisadiyyatın yavaşlaması və neftin qiymətinin aşağı düşməsinə səbəb olan axın Şərqdə yüksək geosiyasi gərginlik təsir göstərir.

Report.az