Avstraliyalı jurnalist ölkəsinin vətəndaşlarını Azərbaycana səyahətə dəvət edib

Prezident İlham Əliyev – Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider
İkinci mərhələdə Cocuq Mərcanlı kəndinə 50-dən çox ailə köçürülüb
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin seçkilərində ilk namizədi qeydə alıb

Mən avstraliyalıları gözəl Azərbaycana səyahət etməyə dəvət edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avstraliyanın səyahət və kulinariya üzrə jurnalisti Sofia Levin Melburnun “3AW” radiosunda yayımlanan “A Moveable Feast” adlı səyahət və kulinariya şousunun qonağı olarkən deyib.

Veriliş zamanı Sofia Levin bu ilin sentyabrında Azərbaycana səfəri ilə bağlı öz təəssüratlarını dinləyicilərlə bölüşüb və aparıcıların çoxsaylı suallarını cavablandırıb.

Avstraliyalı jurnalist Azərbaycanın zəngin və qədim tarixə malik olduğunu qeyd edərək, buranın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir məkan olduğunu xüsusi vurğulayıb. Formula 1 Azərbaycan Qran-Prisi və “Eurovision” mahnı müsabiqəsi kimi mötəbər tədbirlərə etdiyi ev sahibliyi sayəsində ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini bildirib. Azərbaycanın müasir turizm infrastrukturu ilə seçildiyini qeyd edən S.Levin burada mehmanxanaların, yemək və digər xidmətlərin qiymətlərinin də münasib olduğunu deyib.

Paytaxt Bakının həm qədim tikililəri, həm də müasir arxitekturası ilə göz oxşadığını bildirən jurnalist qədim tarixi özündə əks etdirən İçərişəhərə xüsusən heyran olduğunu qeyd edib.

Müsahibə zamanı S.Levin Bakı ilə yanaşı, ölkəmizin digər bölgələrinə, o cümlədən Şəkiyə səfəri barədə də təəssüratlarını bölüşüb. Qədim yaşayış məskənlərindən biri olan Şəkinin hər guşəsinin tarixi əhəmiyyət daşıdığını bildirib. Şəki Xan Sarayının müxtəlif rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri haqqında məlumat verərək, bu memarlıq abidəsinin özunəməxsus gözəlliyi ilə seçildiyini deyib.

Jurnalist, həmçinin Azərbaycanda dağ və qış turizminin də çox populyar olduğunu, hər il çoxlu sayda xarici turistin xizək sürmək üçün ölkəmizə səfər etdiyini diqqətə çatdırıb.

Avstraliyalı jurnalist Azərbaycan milli mətbəxinə heyran qaldığını xüsusi vurğulayıb. Belə ki, o, dolma, düşbərə, “Şah plov” və “cız-bız” kimi milli xörəklərimizin özünəməxsusluğunu qeyd edib. Bununla yanaşı o, ölkədə son illər şərabçılığın inkişafına xüsusi diqqət yetirildiyini, Azərbaycan şərablarının öz tamı ilə seçildiyini söyləyib.

Söhbət zamanı S.Levin Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadığını qeyd edərək, ölkədə məscidlərlə yanaşı, çoxlu sayda kilsə və sinaqoqların fəaliyyət göstərdiyini də bildirib.

Möhtəşəm turizm potensialına malik olan Azərbaycanın avstraliyalı turistlər arasında çox da populyar olmadığını təəssüflə qeyd edən S.Levin, onları bu gözəl ölkəyə səyahətə çağırıb.

Qeyd edək ki, “3AW” Melburnun ən aparıcı radio kanallarından biri hesab edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Melburn