Mərkəzi Seçki Komissiyasında parlament seçkilərinin başlamasına dair mətbuat konfransı keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Bakıda “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1918-2018” mövzusunda beynəlxalq konfrans keçirilib
ABŞ-da baş verən qasırğa nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb

Fevralın 9-da Azərbaycanda VI çağırış Milli Məclisə seçkilər keçirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərin keçirilməsinə dair mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, MSK sədri bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib. Qeyd edib ki, seçkilər elan olunduqdan sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.

Məzahir Pənahov deyib ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçiriləcək. 125 dairənin 10-u məcburi köçkün dairələridir. 340 min 689 məcburi köçkün 523 məntəqədə səs verə biləcək. 5573 məntəqənin minində veb-kameralar quraşdırılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb.

Sədr qeyd edib ki, 5 milyon 329 min 460 vətəndaş 9 fevral parlament seçkilərində səsvermə hüququndan istifadə edə biləcək.

MSK sədri diqqətə çatdırıb ki, parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq. Qeydə alınanlardan 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Ümumilikdə partiya mənsubiyyəti olan namizədlərin sayı 305-dir. Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır. Parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət etmişdi. Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin isə namizədliyi ləğv edilib.

Məzahir Pənahov deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say baxımından, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir.

Sədr bildirib ki, parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıra biləcək. Bu KİV-lər 47 ölkəni təmsil edirlər. Buraya ABŞ, Meksika, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrin media təmsilçiləri daxildir. Beynəlxalq jurnalistlər parlament seçkilərində yerli mətbuat nümayəndələri ilə eyni hüquqa malikdir. Onlar da yerli jurnalistlər kimi heç kimdən icazə almadan sərbəst şəkildə seçki məntəqələrinə daxil ola bilərlər.

Məzahir Pənahov, həmçinin qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına daxil olan 47 müraciətin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub. Doqquz nəfərin namizədliyi bərpa olunub, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib. Ağır cinayətlərdə məhkum edilmiş və məhkumluğu ödənməmiş vətəndaşlardan beşinin namizədliyinin qanunvericiliyə görə qeydə alınması mümkün olmayıb. Müraciət edənlərdən 13 nəfərinin namizədliyi isə əmlakla bağlı məlumatları səhv verdikləri üçün qeydə alınmayıb.

Səhər saat 08:00-da başlayan səsvermə axşam saat 19:00-da başa çatacaq.