Filologiya elmləri doktoru, professor Həbib Zərbəliyev və filologiya elmləri doktoru İlham Tahirov ilə azərbaycanlı tədqiqatçıların “impact faktorlu jurnal”larda çap olunması barədə danışdıq.
Fuad Babayev: Söhbətə istərdim belə bir sitatla başlayaq: Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov deyib ki, alimlərimizin məqalələrinin doxsan faizi saxta elmi jurnallarda çap olunur. Doğrudanmı elmi məqalələrin doxsan faizi saxta elmi jurnallarda çap olunub? Yəni vəziyyət bu dərəcədə qorxuludur?
Həbib Zərbəliyev: Faiz məsələsini dəqiq demək bir qədər çətindir. Amma bu yaxınlarda Ali Attestasiya Komissiyasının (AAK) apardığı araşdırmalardan məlum oldu ki, həqiqətən, saxta məqalələr var. Məsələ bundadır ki, müəlliflər hamısı bu “mexanizm”in içərisində deyil; məqaləni xarici nəşrlərə necə göndərmək, hansı jurnal daha münasibdir və s. məsələləri bilmir. Həm də bu işlər vaxt aparan məsələdir. Ona görə də konkret olaraq bu işlərlə məşğul olan şəxslərə müraciət edirlər.
Fuad Babayev: Yəni vasitəçilərə.
Həbib Zərbəliyev: Bəli, vasitəçilərə. Əslində, bu normal işdir və doğru-düzgün təşkil olunarsa, onların vasitəsilə xaricdə məqalə çap etdirmək olar. Amma məlum olub ki, Azərbaycanda bu sahədə çirkin üsullarla qazanc götürənlər var. Onlar müəlliflərin tez çap olunmaq istəyindən və təcrübəsiz olmasından istifadə edərək deyirlər ki, biz təşkil edirik, məqalənizi gətirin, amma bu iş baha başa gəlir. Çünki məqaləni çap etdirmək üçün 1000-2000 manat, bəzən ondan da yüksək məbləğ ödəməlisən. Hansı jurnalı istəyirsən, heç bir problem yoxdur, qiyməti bu qədərdir. Sonra da məqaləni alıb deyirlər: filan vaxt hazır olacaq. Tutaq ki, jurnalın son nömrəsi çıxan kimi, vasitəçi o nömrəni internetdən götürüb müəllifin məqaləsini ora “daxil edir”. Sonra da müəllifə xəbər göndərir ki, məqalən çap olunub. Həmin jurnaldan bir nüsxə də ona verir. Müəllif də aparıb verir AAK-a. Bu yaxınlarda internetdən yoxlamağa başlayıblar, aydın olub ki, məqalələrin böyük əksəriyyəti heç bir jurnalda çap olunmayıb.
Fuad Babayev: Bu aldadılan insanların ali təhsili, ali dərəcələri və böyük ehtimalla, pedaqoji təcrübəsi də var. Məgər bunu özləri yoxlaya bilməzlər? Müəllif sayta girib baxa bilmir ki, məqaləsi çap olunub, yoxsa yox?
Həbib Zərbəliyev: Bu aldadılan insanların əksəriyyəti müasir texniki imkanlardan uzaqdır. Yəni müəyyən bir qismi müasir texnikadan istifadə edə bilmir, digər qismi isə özünə əziyyət vermək istəmir.
İlham Tahirov: Dediyiniz rəqəmə münasibətimi bildirmək istərdim. Bu məsələ ilə bağlı ayrıca olaraq Azərbaycan və keçmiş SSRİ məkanına nəzər salaq. Ümumi mənzərə nədən ibarətdir. Beynəlxalq indekslə məşğul olan mütəxəssislərin keçmiş SSRİ məkanına dair hazırladığı məqalələr var. Tutaq ki, Qazaxıstanla bağlı deyirlər ki, Qazaxıstan elmi məhvə doğru gedir, orada elm yoxdur, amma elməoxşar bir situasiya yaranıb. Bəs bizdə vəziyyət necədir? Azərbaycan xüsusən elmlər namizədlərinin, fəlsəfə doktorlarının və elmlər doktorlarının məqalə çapı məsələsində çox geridə qalıb. Halbuki, “Skopus” bazasının verdiyi məlumata görə Qazaxıstan 226 ölkə arasında 57-ci yerdədir. Hətta qazaxlar şikayət edirlər ki, niyə o bazaların gəldiyi nəticəyə görə Namibiya və Efiopiya kimi ölkələr elmdə onlardan qabaqdadır. Amma bu 226 ölkə içində Azərbaycan bütün elmlər üzrə 109-cu, humanitar sahədəki elmlər üzrə isə 92-ci yerdədir. Ümumiyyətlə, Cənubi Qafqazın bütün ölkələri bu siyahıda geridədir. Vəziyyətimiz acınacaqlıdır.
Mən iddia etmirəm ki, məqalələrin çoxu saxta jurnallarda “çap olunub”. Məsələ ondadır ki, bu cür saxta jurnalların yaranmasına imkan yaradılıb. Stenford Universitetinin bir professoru deyir ki, mənim iki ildə bir məqalə yazmağa cürətim çatmır. Amma Azərbaycanda 3-4 illik aspirantura dövründə aspirantdan 7-8 məqalə tələb edirlər.
Fuad Babayev: Onlardan da biri, ya ikisi “Thomson Reuters” bazasında olmalıdır.
İlham Tahirov: Bəli, mütləq xarici elmi bazalarda olmalıdır. Bu, heç də asan məsələ deyil. Xaricdə istər fəlsəfə doktorluğu, istərsə də magistr dissertasiyası yazan adam işlədiyi dövrdə heç bir məqalə çap etdirmir. Yalnız axırda yazdığı məqalə çap olunub on-layn bazaya daxil edilir və lazımı qədər ondan istifadə və istinad edirlər. Demək keyfiyyət nöqteyi-nəzərdən yüksək bir iş təhvil verilir. Amma bizdə ildə bir-iki məqalə çap etdirməlisən. Bu isə artıq kəmiyyətə istiqamətlənib, keyfiyyət arxa planda qalır.
Bir məsələ də var, iddiaçılar məqalələrinin tez çıxmasını istəyirlər. Ona görə də son dövrlərdə bundan istifadə edən adamlar bu sahəni biznesə çeviriblər. “Thomson Reuters”in özü də bizneslə məşğul olur. Həmin bazalar xüsusi pullu xidmətlər göstərir və qazanırlar da. Amma bizdə bəziləri bu işlə daha çox şəxsi qazanc naminə məşğuldurlar. Əgər bu xidməti göstərirsənsə, qayda-qanuna riayət et. 1500-2000 manat alırsan, lazım olan işləri qur, məqalə də bazaya düşsün. Əsas məsələ nədir – Azərbaycan elminin göstəriciləri dünya məkanında tanınsın. “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmaq 400 avro, yaxud 500 dollardan artıq deyil, niyə 2000 manat alırsan?
Mehman İbrahimov: Başqa impakt faktorlu jurnallarda da məbləğ yüksəkdir?
İlham Tahirov: Müxtəlif məbləğ var: 160-dan başlamış daha yüksək qiymətlərə qədər.
Fuad Babayev: Bu impakt faktorlu jurnallarda məqaləni yalnız pulla çap etdirirlər? Bəlkə yeni Albert Eynşteyn ora məqalə yazıb verib. Yəni bir seleksiya yoxdur?
Həbib Zərbəliyev: Məqalələri, əsasən pulla çap etdirirlər. Amma elə tanınmış müəlliflərdən özləri xahiş edə bilərlər ki, ora məqalə yazsın.
Fuad Babayev: Pulla çap olunmaq həmin məqalələrin elmi keyfiyyətlilik əmsalına xələl gətirmir ki?
Həbib Zərbəliyev: Gətirmir. Çünki onlar həmin məqalələri rəyə göndərirlər.
İlham Tahirov: Bu jurnalların əksəriyyəti ikiqat resenziyadan keçir.
Fuad Babayev: Bəs bayaq haqqında danışdığımız aldadılan adamların məqalələrini həmişə ciddi elmi məqalə hesab etmək olar?
Həbib Zərbəliyev: Xeyr. Bəzən elə məqalələr var ki… Məsələn, şəxsən tanıyıram, bilirəm ki, bu adamın elmi səviyyəsi çox aşağıdır, amma deyir ki, məqaləmi göndərdim, çap olundu. Mən də təəccüb edirdim ki, tutalım, “Scopus” səviyyəsi buna necə imkan verir. Deməli, bu məqalələr dediyimiz o vasitəçilərin əli ilə gedirmiş və ona görə də “çap” olunurmuş.
Fuad Babayev: Amma əslində çap olunmurmuş.
İlham Tahirov: Məqalələr həmin jurnalların nəşriyyatlarına gedib çıxmır. Sadəcə olaraq, bu vasitəçilər Azərbaycandan çıxmadan elə zirzəmilərdə “xidmət” göstərirlər. Tutaq ki, jurnal həm elektron, həm də kağız variantda çıxır. Vasitəçilər jurnalı kağız formasında çap edirlər, həmin məqaləni də bu jurnalın içinə daxil edirlər, mündəricatda da dəyişiklik aparırlar. Əgər məqalə jurnalın nəşriyyatına gedibsə, mütləq oranın bazasında olardı. Bu insanların əksəriyyətinin məqaləsi çıxıb, amma bazada yoxdur.
Həbib Zərbəliyev: Sovet dövründə Tailandın Mahidol Universitetinə bir neçə dəfə məqalə göndərmişəm. Bunu poçt vasitəsilə edirdik. O zaman mən göndərirdim, redaktor da cavab verirdi ki, filan yerləri düzəltmək lazımdır. Məqalə qayıdırdı mənə, düzəliş edirdim, yenidən Mahidol Universitetinə göndərirdim. Yəni hətta bu cür ölkələrdə belə, keyfiyyətə bu cür ciddi fikir verilirsə, təsəvvür edin ki, həmin o indeksli jurnallarda keyfiyyətə münasibət necədir.
Fuad Babayev: Bəs Azərbaycanda bu müvafiq reytinqlərə, indekslərə daxil olan jurnal buraxmaq məqsədinə doğru hansısa addımlar atılır?
Həbib Zərbəliyev: Məsələn, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən, Kamal Abdullayevin elmi redaktoru olduğu “Türkologiya” jurnalı artıq bir neçə indeks alıb.
İlham Tahirov: AMEA-nın müəyyən sahələr üzrə “Xəbərlər”i var. Bunlar elə əvvəldən səviyyəli jurnallar olub. Bunlarda çap olunmaq elə də asan deyil. Amma son dövrlərdə çoxlu nəşrlər yaradılıb. O jurnallara, demək olar ki, nəzarət yoxdur. Kim nə yazırsa, gətirir və orada çap edirlər. Bəzən heç redaktə də etmirlər, yəni elektron variantda verirlər, jurnal da ardıcıl olaraq onları dərc edir.
Fuad Babayev: Amma bu jurnallar AAK-ın siyahısında olmasa, ora məqalə gətirməzlər.
İlham Tahirov: Əksəriyyəti AAK-ın siyahısındadır. AAK bu elmi jurnallara nəzarəti lazımı səviyyədə qura bilməyib.
Biz müxtəlif bazalardan, indekslərdən danışırıq. Amma hələ indiyə qədər Azərbaycan daxilində elmi ictimaiyyətin nə humanitar, nə də dəqiq sahələr üzrə əsərlərinin bir bazası yaradılmayıb. Özünə hörmət edən ölkələrdə elmi bazalar var. Onlar birinci növbədə özlərinin daxili bazalarını yaradırlar və orada bütün alimlərin göstəriciləri məlum olur. Elmi bazaların əsas məqsədi nədir: alimlərin populyarlığını göstərmək, onlardan sitat gətirmək məsələsini nizamlamaq. Alim çox istinad olunursa, demək, populyardır. Amma bizdə heç bir baza yoxdur. Bundan başqa, indiyə qədər Azərbaycanda çap olunan jurnalların elektron variantları yoxdur. Çoxu jurnal formasında kiril əlifbası ilədir. Bunların hamısının elektron formaya çevrilib bazaya daxil edilməsi lazımdır.
Nəyə görə son zamanlar plagiatdan, köçürmədən danışırlar. Köçürməyə nə var ki. Kim bilir filankəs Azərbaycan ədəbiyyatında filan ildə nə yazıb. Amma biri gedib onu götürüb köçürür. Düşünür ki, kim gedib keçən əsrin jurnalını, kitabını axtaracaq. Amma dövr o dövr deyil. Indi xaricdə məqalələrin hazırlanmasının hesabat şəklində elektron forması var. Bütün məlumatları ora daxil edirlər, məqalə özü çıxır. Təzədən kimə isə istinad edəsən, yazasan… elə söhbət yoxdur, elektron variantda hər bir şey yazılıb. Azərbaycanda elmi sitatgətirmə bazasını və yaxud indeksini yaratmaq lazımdır. Dediyim o bazalardan eləsi var ki, hətta XIX əsrdən, eləsi də var ki, 2005-ci ildən fəaliyyətə başlayıb. Əgər bizdə bu iş başlamasa, nə qədər desələr də Azərbaycan elmi xaricdə təmsil olunsun… boş söhbətdir.
Fuad Babayev: Deyə bilərikmi ki, elmi dərəcə almaq üçün mühüm şərtlərdən biri olan, şərti olaraq “Thomson” məsələsi, əslində daha çox maddi səciyyəli bir sınaqdır?
Həbib Zərbəliyev: Gəlin etiraf edək ki, Azərbaycanda elmlə məşğul olan insanların əksəriyyətinin maddi imkanları aşağı səviyyədədir. Maddi imkanları olanlar da elmə maraq göstərmirlər.
İlham Tahirov: Hobbi kimi baxırlar.
Həbib Zərbəliyev: AAK sərt qaydalar tərtib edir. Tutaq ki, savadım var, yazıram, amma onu çap etdirməyə pulum yoxdur. Ona görə də çap olunmuram. Amma kiminsə pulu var, savadı yoxdur və kiməsə yazdırır, çap olunur. Digər tərəfdən, belə bir sual yaranır: tutaq ki, mən “Koroğlu” dastanında hansısa boy, ya surət haqqında məqalə yazmışam, bu, mütləq “Thomson Reuters” jurnallarında çap olunmalıdır?
Mehman İbrahimov: Tutaq ki, hansısa filoloq ədəbiyyat sahəsinə aid məqalə yazıb. Bu məqalə lazımdırmı ki, mütləq “Thomson Reuters”, yaxud “Scopus”da çap olunsun? O bu xərci Azərbaycanda hansısa indeksli jurnalda çap etdirməyə çəksəydi və AAK tərəfindən qəbul olsaydı, daha məqsədəuyğun olmazdımı? Bu mövzu bəlkə xaricdə heç kəs üçün maraqlı deyil.
İlham Tahirov: Azərbaycan filologiyası, humanitar məfkurəsi ilə bağlı elmi işlərin xarici elmi bazalarda dərc olunmasında pis heç nə yoxdur. Əksinə, şərait yaratmaq lazımdır ki, bu sahə ilə bağlı işlər orada təmsil olunsun və oxunsun. Amma bu məsələdə məcburiyyət olmamalıdır. Çünki strateji sahədir. Azərbaycanda riyaziyyat, fizika elmi nə qədər inkişaf etsə də, qabaqcıl ölkələrin riyaziyyatçıları, fizikləri ilə əlaqə saxlayırlar və bəzən bir yerdə müştərək məqalələr çıxardırlar. Amma strateji sahəyə qoyulan vəsait 1-2 ildən sonra deyil, 40-50 ildən sonra özünü göstərəcək. Kim əgər yazırsa, xaricə göndərirsə, AAK da şərait yaratmalıdır. Amma qəti surətdə tələb etmək ki, bu şərtə əməl olunmasa müdafiəyə buraxmıram, belə söhbət olmamalıdır. Bu məsələ dəfələrlə qaldırılıb. Amma qəti şəkildə deyirlər ki, yazılar gərək o bazalarda çap olunsun.
Fuad Babayev: Xarici impakt faktorlu jurnallarda yazı çap etdirməli olan adamlara nəyi tövsiyə edərdiniz?
İlham Tahirov: Az-çox ingilis, ya rus dilini bilən adamlar vasitəçi axtarmamalıdır. Indi hər bir şey onlayndır. Bütün jurnalların saytları var. Həmin saytlara daxil olursan – orada müəlliflər, redaktorlar, rəyçilər üçün xüsusi bölmələr var. Müəlliflər üçün olan bölməyə daxil olub baxırsan. Orada məqalə hansı formada, formatda olmalıdır, hamısı yazılıb, strukturu, quruluşu göstərilib. Müəllif də zəhmət çəkib həmin bölməyə baxsın, məqaləsini həmin struktura uyğun düzəltsin. Və ora məqaləni birbaşa göndərmək üçün də hər şey izah edilir. Bundan sonra məqaləni qəbul edirlər, lazım gəlsə göndərirlər ki, müəyyən yerləri işləmək lazımdır. Yazı qəbul edilirsə, müəyyən rekvizitləri verirlər ki, bura ödəniş etmək lazımdır.
Fuad Babayev: Amma bir qədər yaşlı, texnikadan uzaq, xarici dil biliyi olmayan insanlar nə etməlidir?
İlham Tahirov: O zaman bu insan məqaləsini Azərbaycanda nəşr etdirə bilər. Dediyimiz o bazaların müəyyən funksiyaları qlobal şəkildə inteqrasiya olunur. Məsələn, Rusiyada sitatgətirmə bazası bütün ölkə daxilində nə qədər məqalə varsa, onları bazada bir yerə toplayıb, sonra da bu baza “Web of Science”, Scopus”a inteqrasiya olunub və oradan artıq onlar bilirlər ki, kim nə iş görüb.
Fuad Babayev: Bəlkə bu sahədə şəffaf olaraq vasitəçilik xidmətini göstərən bir təsisata ehtiyac var…
İlham Tahirov: Hansısa qurum yaratmaq mümkündür. Yaxud da elmi qurumların tərkibində xarici bazalar ilə əməkdaşlıq etmək üçün müəyyən bir şöbə və ya qrup yaratmaq olar. Orada da həm İT, həm də dil bilən mütəxəssislər olmalıdır ki, lazım olan yazını tərcümə etdikdən sonra İT mütəxəssisi məqaləni bazaya göndərsin.
Xarici bazalarda bütün təşkilatların qeydə alınması gedib. Amma Azərbaycanda humanitar sahədə çalışan elmi qurumların o bazaların heç birində qeydiyyatı yoxdur. Insanlar fərdi şəkildə o bazalara daxil olub özlərinə hesab açırlar, halbuki, bu iş qurum səviyyəsində olmalıdır. Hər hansı bir bazaya girərkən, orada ilk olaraq qabağınıza “qurum hesabı” çıxır. Onlar məqaləni hər bir qurumun e-mail hesabı üzərindən avtorizasiya edirlər. Fərdi hesab ora daxil olmur. Hər bir elmi qurum həmin elmi bazalarda təmsil olunmalıdır. Dəqiq elmlərdən, tutaq ki, riyaziyyat, fizika, astronomiya – bu qurumların müəyyən fəaliyyəti var. Ancaq humanitar sahə üzrə belə deyil. Hətta Rusiya Sitatgətirmə Bazasında (Российский Индекс Научного Цитирования – red.) belə, AMEA-nın çox institutlarının qeydiyyatı yoxdur. Orada qeydiyyatdan keçməyə nə var ki. Bundan sonra da bu baza vasitəsi ilə digər bazalar ilə əlaqə yaratmaq olar. Bundan başqa, lazım deyil ki, bütün mətn hökmən ingiliscəyə tərcümə olunsun. Rusiyanın inteqrasiya olunmuş bazalarında abstrakt formasında ingilis dilində qısa xülasə forması verilib, qalan hissəsi rusca gedir. Azərbaycanda da bunu təşkil etmək lazımdır. Vaxtilə AMEA-nın İctimai Elmlər bölməsində referativ jurnallar var idi. Hər bir məqalə haqqında qısa xülasə verilirdi və lazımı məsələ birləşdirilirdi ki, filankəs bu adda tədqiqat aparıb. Indi o referativ jurnalların heç biri yoxdur.
Materialda guu.ru saytının fotosundan istifadə edilmişdir.
Hazırladı: Mehman İbrahimov, 1905.az