Məhərrəm Zülfüqarlı: “Artıq dünya Ermənistanın yalanını görür və nifrət edir”

Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanat yayıb
Mərkəzi Seçki Komissiyasında ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş olub
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məğlubiyyətlərlə şərtlənən acınacaqlı durumu məntiqəuyğun izah etmək, anlaşıla  biləcək mövqe ortaya qoymaq bacarığında deyil. Təsadufi deyil ki, onların verdikləri müsahibələr bəzən bir-birilə uzlaşmır və əksər hallarda qarşı tərəfə böhtan atmaq, real faktları təhrif etmək üzərində qurulur. Ermənistan rəhbərləri müsahibə və açıqlamalarında, həmçinin, ermənilər haqqında məzlum, daim təzyiq altında olan, yazıq xalq təəssüratı yaratmaq istəyir, cari və tarixi faktları saxtalaşdırırlar.

Gəlin, Ermənistan prezidenti Armen Sarkisyanın  RBK kanalına verdiyi  müsahibəyə diqqət edək. O bildirir ki, Dağlıq Qarabağ Azərbaycana 1920-ci ildə “verilib”,  halbuki, Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanda qalması haqda qərar qəbul edib və bu da 1921-ci ildə olub. O iddia edir ki, 1920-ci ildə Qarabağda 350 min insan yaşayırdı, halbuki, SSRİ-də keçirilən 1926-cı ilin rəsmi siyahıyaalınması zamanı burada 125,2 min insan yaşayıb. Ermənistan prezidentinin digər iddiasına görə, Qarabağ Azərbaycanın tərkibinə “verildikdən” sonra sovet dövründə ermənilər Qarabağdan didərgin salınıb, halbuki, 1989-cu ildə SSRİ-də keçirilən son əhali siyahıyaalmasına görə, Dağlıq Qarabağda 145 min erməni yaşayıb. Sarkisyan bildirir ki, Qarabağ hadisələrindən sonra Azərbaycanı bir milyondan artıq erməni tərk edib, halbuki, elə həmin siyahıyaalınma üzrə Azərbaycan SSR-də cəmi 390 min erməninin yaşadığı məlumdur.  

Maraqlıdır ki, Ermənistan rəhbərliyi hər kəsdə günah axtarır, lakin ən böyük günahkarın özü, rəhbərlik etdiyi hakimiyyət və dövlətinin işğalçılıq siyasəti olduğunu başa düşmək istəmir. Baş nazir dəfələrlə Azərbaycanın təkliflərini qulaqardına vuranda, ölkəmizə qarşı saymazyana münasibət, təhqiramiz davranış sərgiləyəndə, 27 il ərzində danışıqlar prosesində əldə olunmuş müsbət dinamikanın üzərindən xətt çəkəndə bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməliydi.

Çox maraqlıdır ki, Ermənistanın prezidenti də yaxın tarixə aid olan faktları açıq təhrif edir. Buna tarixçilərin münasibəti necədir? Tarix üzrə fəlsəfə doktoru, professor Məhərrəm Zülfüqarlı  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yalan danışmaq ermənilərin çoxdankı peşəsidir: “Bununla onlar dünya ictimaiyyətinin diqqətini özlərinə cəlb etməyə çalışırlar. Onlar çox vaxt miladdan əvvəlki tarixə istinad edib yalan danışırlar. Bilirlər ki, çox adamın həmin dövr barədə məlumatı olmur. Hətta bizim  “Daş  dövrü”nə aid olan abidələrimizi də saxtalaşdırmağa çalışıblar. O cümlədən, Azıx mağarasını. İndi isə Dağlıq Qarabağın yaxın tarixi ilə bağlı ziddiyyətli danışmağa başlayıblar. Ermənistanın prezidenti belə bir fikir işlədib ki, Qarabağ Azərbaycana Qafqaz Bürosu tərəfindən verildiyi üçün həmin dövrün sərhəd bölgüsünü tanımır. Belədirsə, həmin bölgünü qəbul etmirsə, onda Xalq Cumhiriyyətinin sərhədlərini qəbul etməlidir.  Həmin vaxt Zərgəzur AXC-nin sərhədləri daxilində olub. Ermənistanın özü, paytaxt İrəvan da daxil olmaqla, bizim ərazimizdə yaranıb.  Bunların vəziyyətini mən hazırda nokdaun vəziyyətində olan boksçunun durumuna bənzədirəm. Həmin halda olan idmançı yumruğunu hara gəldi atır. Erməni rəhbərliyi də bənzər vəziyyətlə üzləşdiyi üçün sərsəmləyir. Nə qədər sərsəmləyirsə, bir o qədər də çox səhv buraxır. Dağlıq Qarabağ heç zaman erməni etnosuna aid olmayıb. Onlar həmin ərazilər üçün aborigen xalq deyillər. Onlar dünyaya Balkanlardan yayılmağa başlayıblar. Dünyada üç vətənsiz xalqdan biri də bunlardı. Hara gedirlərsə, çalışırlar ki, orda bir dövlət yaratsınlar. 300 mindən artıq azərbaycanlını öz ata-baba yurdlarından qovdular. Necə olur ki,  o sayda soydaşımıza muxtariyyət vermirlər, bunlar iki dəfədən də az sayla özlərinə yüksək muxtariyyət tələb edirlər? Onlar sovetlər dönəmində də əhalinin sayını süni şişirdiblər. Onların iki qeydiyyatı olub, həm Ermənistan, həm də Qarabağ. Ermənistan hətta qondarma “soyqırımla” bağlı statistikanı da günü-gündən artırır. Artıq dünya bunların yalanını  görür və nifrət edir. Azərbaycan Ordusunun Şuşaya qələbə bayrağını taxmağa yaxın olduğu bir zamanda  belə sərsəmləmələrin heç bir faydası olmayacaq. Biz qalib tərəfik. Haqlı olduğumuz üçün bütün dünya bizi eşidəcək. Azərbaycan bundan sonra şərtlərini diqtə edən tərəf olacaq. Hətta biz  Zəngəzur və İrəvanı da Ermənistandan geri tələb edə bilərik.  Biz güclüyük, bütün itirilmiş torpaqlarımızı geri alacağıq. Azərbaycanda tarix boyu bir milyon erməni yaşamayıb”.

Ekspertin sözlərinə görə, bunu iddia etməklə Ermənistan prezidenti özünün əsl yalançı olduğuna şübhə yeri belə qoymayıb.

Bakı Xəbər