Gələn il müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsi xərclərinin 23,4 faizi həcmində (2020-ci illə müqayisədə 2,5 faiz-bənd çox) və ya 6678,6 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2020-ci ilə nisbətən 937,7 milyon manat və ya 16,3 faiz çoxdur.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 4585,8 milyon manatı və ya 68,7 faizi (2020-ci ilə nisbətən 781,6 milyon manat və ya 20,5 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 2092,8 milyon manatı və ya 31,3 faizi (2020-ci ilə nisbətən 156,1 milyon manat və ya 8,1 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldiləcək. Kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 2021-ci ilin dövlət büdcəsində 85,2 milyon manat vəsait nəzərdə tutulmuşdur. Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün növbəti ilin dövlət büdcəsində 4,8 milyon manat vəsait proqnozlaşdırılmışdır. 2021-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 294,7 milyon manat təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 17,5 milyon manat və ya 6,3 faiz çoxdur.
Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsinin əsaslı xərclərindən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 2100,0 milyon manat, cari illə müqayisədə 500,0 milyon manat və ya 31,3 faiz çox vəsait nəzərdə tutulmuşdur.
APA