Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub

“Erməni əsarətində olan Ağdam” mövzusunda dəyirmi masa keçirilib
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
Şəhidlərimizin vətənpərvərliyinin təbliğinə dair layihə çərçivəsində bir sıra universitetdə tədbirlər keçirilib

“Azercell Telekom” və onun törəmə müəssisəsi olan “Azeronline Ltd” birgə müəssisəsi tərəfindən məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə yeni sosial layihə reallaşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və “Azeronline Ltd” birgə müəssisəsinin rəhbəri Yaşar Ələsgərovla görüşündə məlumat verilib.

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin Azərbaycanda fəaliyyəti, “Azercell Telekom”un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verib.

Görüşdə Əli Həsənov qeyd edib ki, Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkününün bütün problemlərini özü həll edir. Həyata keçirilən tədbirlər nəticəsində 96 müasir qəsəbə salınıb, 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

Əli Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir və oxşar problemlə üzləşən ölkələr üçün nümunə göstərilir. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi təcrübə bu gün BMT tərəfindən bütün dünyaya yayılır.

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, “Azercell Telekom”un törəmə müəssisəsi olan “Azeronline Ltd” birgə müəssisəsi məcburi köçkünlərin məskunlaşdığı yeni salınmış qəsəbələrdə əhalinin dayanıqlı və keyfiyyətli FTTH standartlı (optik lifli kabel ilə) internet xidmətlərinə mövcud tariflərdən daha güzəştli şərtlərlə (15 faiz aşağı) çıxışını təmin etmək məqsədilə yeni layihə həyata keçirmək istəyir. Bunun nəticəsində isə həm yaşayış komplekslərində olan infrastruktur obyektlərində, həm də mənzillərdə insanlar sürətli internet xidmətindən istifadə edə biləcəklər.

Vahid Mürsəliyev, eyni zamanda, reallaşdırılacaq layihənin əhəmiyyətindən danışıb və bu istiqamətdə birgə əməkdaşlığın sosial layihənin həyata keçirilməsində mühüm rol oynayacağını qeyd edib.

“Azercell Telekom”un məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə həyata keçirəcəyi layihəni yüksək qiymətləndirən Baş nazirin müavini Əli Həsənov bu layihənin səmərəli olacağını vurğulayıb, bu işdə onlara lazımi köməklik göstəriləcəyini deyib və Komitənin aidiyyəti qurumlarına lazımi göstərişlərini verib.