2021-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələsinin tətbiqinə başlanılacaq

PRESS-RELİZ
“Azərbaycan” İstilik Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
Azərbaycanda son sutkada koronavirus əleyhinə 1266 vaksin vurulub

2021-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələsinin tətbiqinə başlanılacaq. Beləliklə, ölkənin daha 36 şəhər və rayonu – Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul icbari tibbi sığorta sisteminə qoşulacaq.

Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Sonuncu üçüncü mərhələdə, 2021-ci il aprelin 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

Xatırladaq ki, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına uyğun olaraq 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.

İcbari tibbi sığortanın mərhələli tətbiqi barədə videoçarxa linkdən (https://its.gov.az/) baxa bilərsiniz.

AZƏRTAC