BORÇALI SÖHBƏTLƏRİ: “Borçalı türkləri: diasporadan soydaşlığa”

Bakının Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib
Brüsseldə İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü olub

Layihəmizin növbəti qonağı borçalışünas tədqiqatçı, mətbuat işçisi, ictimai sektorun fəalı, “Soydaş” İctimai Birlyinin sədri Kamran Ramazanlıdır  

Kamran Ramazanlı 31 avqust 1974-cü ildə Gürcüstanın Bolnisi rayonunun Aşağı Güləver kəndində anadan olub,  1991-ci ildə həmin kənddə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb. Müəyyən dövrlərdə “Qafqaz” jurnalında, “Şərq” qəzetində çalışıb. 2012-2013-cü illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində baş məsləhətçi işləyib. 1998-2005-ci illərdə SABAH Gənclər Birliyinin, 2008-2013-cu illərdə Qafqaz Araşdırmaları Mərkəzinin sədri olub. 2019-cu ilin sentyabr ayından SOYDAŞ İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədridir. Söhbətimizin mövzusu Gürcüstan-Azərbaycan münasibətlərində, xalqlarımızın və ölkələrimizin dostluq münasibətlərində Gürcüstanda yaşayan soydaşlarımızla bağlı qarşıda duran hüquqi və təhsil məsələləridir.

“Borçalı türkləri:  diasporadan soydaşlığa”

Asif Hacılı. Hörmətli Kamran müəllim, Borçalıda yaşayan yarım milyonadək soydaşımız həmin torpaqların yerli əhalisi olsalar da bəzən formal olaraq diaspora hesab olunur. Bu termindən istifadə formal-inzibati baxımdan daha çox istifadə edilir. Lakin diaspora anlayışının mahiyyətinə varsaq, xaricdə yaşayan soydaşlarımızın heç də hamısının diaspora olduğunu deyə bilmərik. Diaspora məfhumu yunancadan “yayılma” mənasını verən eyni sözdən (διασπορά) yaranıb. Terminoloji anlamda öz tarixi vətənindən başqa ölkələrə, ərazilərə yayılmış, öz etnik şüurunu saxlamış və milli kimliyini müəyyən institusional vasitələrlə qoruyub yaşatmağa çalışan etnik toplumlara deyilir. Bunun bariz nümunəsi qədimlərdə müxtəlif əraziləri zəbt edən yunanlar olmuş, sonradan isə yəhudilər, ermənilərdir. Bu baxımdan Borçalı türklərinin çox şərti, mövcud terminologiya və sosial institutları, dövlət orqanlarını nəzərə alaraq diaspora adlandırıldığını deyə bilərik. Borçalı türkləri öz tarixi yurdlarında yaşayan yerli xalqdırlar, Gürcüstanın tam hüquqlu vətəndaşları, sayına görə azlıq təşkil edən etnik qrupudur. Eləcə də, Cənubi Azərbaycanda, Dərbənddə yaşayan soydaşlarımız bu qəbildəndir. Təbii ki, sonradan Rusiyanın müxtəlif ərazilərinə köçmüş həmvətənlərimiz artıq diasporadır. Təbii ki, Gürcüstanda, başqa ərazilərdə yaşayan soydaşlarımızın milli  mədəni, mənəvi, təhsil və digər tələbatı daha genişdir, diaspor anlamı ilə məhdudlaşmır və bu məsələyə də xüsusi münasibət olmalıdır. Bununla bağlı, Sizin soydaş məsələsinə münasibətinizi də təqdir edirəm və əminəm ki, “Soydaş” ictimai Birliyini də məhz bu düşüncə ilə yaratmışsınız.

Kamran Ramazanlı. Hörmətli Asif müəllim, əvvələn dəvətə görə təşəkkür edirəm. AVCİYA-nın, bu təşkilatın prezidenti möhtərəm Elxan Süleymanovun dövlətimiz, xalqımız, Azərbaycanda vətəndaş cəmiyyəti naminə fəaliyyəti haqqında məlumatım var. Təşəkkür edirəm ki, AVCİYA Borçalı ilə bağlı belə bir aktual Layihəyə başlayıb.

Bəli, Asif müəllim, Gürcüstan azərbaycanlıları bu ölkənin yerli xalqıdır və soydaşlarımız hesab edilməlidirlər. Buna görə də biz həm Birliyin adında, həm də öz fəaliyyətimizdə bu məsələyə xüsusi önəm vermişik. 2019-cu ilin sentyabr ayından SOYDAŞ İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədri kimi fəaliyyətə başladığım gündən bu məsələnin, soydaş anlayışının həm ictimaiyyət, həm rəsmən təsbitlənməsi üçün çalışmışıq. Burada əsas problemlərdən biri nədir? İlk növbədə, başqa ölkələrdə yaşayan soydaşlarımızı formal və hüquqi cəhətdən xarici vətəndaş hesab edilməsi və inzibati-hüquqi müstəvidə də onlara müvafiq münasibət göstərilməsidir. Yəni söhbət fərdi, şəxsi münasibətdən getmir, hüquqi münasibətdən gedir. Lakin biz xaricdə yaşayan soydaşlarımızı, fikrimizcə, başqa xalqların nümayəndələrindən fərqləndirməliyik. Bu mənada, yalnız xaricdəki yerli azərbaycanlıları deyil, həm də son onilliklərdə xaricə köçüb orada məskunlaşmış həmvətənlərimizi, yəni sözün hərfi mənasında diaspora nümayəndələrini də bu mənada bir soydaş kimi fəaliyyətimizdə nəzərə almağımız vacibdir. Qeyd edim ki, ictimai təşkilatların xüsusi rol oynayacağı bu sahədə fəaliyyət dövlətimizin müvafiq siyasəti, diaspor quruluculuğu ilə tam həmahəngdir və bu cəhət ictimai təşkilatların da işini asanlaşdırır.

Asif Hacılı. Kamran müəllim, bəli, müstəqillik dövründə ölkəmizdə diasporaya münasibət, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımıza münasibət xüsusilə yüksək səviyyəyə qalxmış, dövlət siyasətinin bir hissəsi olmuşdur. Hələ 1991-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyərkən, Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə almış və dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması isə bu sahədə fəaliyyəti tamamilə yeni səviyyəyə qaldırdı və sistemləşdirdi. Bu günlərdə 30 il ərzində davam etmiş Qarabağ işğalına öz müzəffər rəhbərliyi ilə son qoymuş, torpaqlarımızı düşmən tapdağından azad etmiş, işğalçı erməni ordusunu darmadağın etmiş Prezident, Ali Baş komandan İlham Əliyev artıq bütün dünya azərbaycanlılarının lideri olaraq xaricdə yaşayan soydaşlarımızın da milli qürurunu özünə qaytarmış və bununla da milli birliyin, Vətən sevgisinin möhkəmlənməsinə yeni zəmin yaranmışdır.

Son illərdə Azərbaycanda keçirilmiş diasporla bağlı tədbirlərin yalnız bəzilərinin elə adlarını saysaq, bu işin səviyyəsi və siqləti aydın olar. 2000-ci illərin əvvəllərindən ölkəmizdə Dünya Azərbaycanlılarının 4 Qurultayı, Dünya Azərbaycanlıları ziyalılarının forumu, Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumu, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İclası, Dünya Azərbaycanlı Gənclərin Konqresi, Dünya Azərbaycanlı Qadınlarının Qurultayı və bu kimi bir çox beynəlxalq tədbirlər keçirilmişdir. Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası, müxtəlif ölkələrdə diaspor təşkilatları yaradılmış və fəaliyyət göstərməkdədir. Əgər Gürcüstana dönsək, yalnız bir faktı deyim ki, burada rəsmi statistikaya görə azərbaycanlıların 46 diaspor təşkilatı fəaliyyət göstərir. Lakin həyat davam edir, hər dövr öz məsələlərini, yeni cizgiləri gətirir. Bu da, soydaş məsələsi və sizin fəaliyyətinizdə xüsusi qeyd olunan hüquqi, qanunvericilik aspektidir.

Kamran Ramazanlı. Soydaşlar məsələsi dedikdə, bu ilk növbədə dövlətçiliyimiz üçün böyük əhəmiyyət daşıyır. Soydaşlara qayğı yalnız onlara kömək niyyəti ilə yox, həm də onların Azərbaycan dövlətimizə də diqqətini artırar, mənəvi və maddi dəstəyinə təkan verə bilər. Bu baxımdan İsrail, Hindistan, eləcə də bədnam qonşularımız ermənilərin bu sahədə fəaliyyətinə baxa bilərik. Bir çox ölkələr soydaş anlayışını hüquqi müstəviyə keçirmiş, müvafiq qanun qəbul etmişdir. Bu gün biz tamamilə yeni bir tarixi məqamda yaşayırıq. Vətən Müharibəsi möhtəşəm qələbəmizlə başa çatıb. Bu qələbə ilə həm ölkəmizdə, həm dünya azərbaycanlılarının həyatında yeni dövr başlayır. Dünya azərbaycanlıları, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanın adına qürur duyur, eyni zamanda ölkəmizə mənən daha sıx bağlanır, məsuliyyət hiss edirlər.

Asif Hacılı. Kamran müəllim, bu məsuliyyəti biz həm müharibənin gedişində, bir çox Borçalı əsilli Azərbaycan vətəndaşları olangənclərin, əsgər və zabitlərin döyüşlərdə qəhrəmanlıqla iştirakında gördük. Həm də borçalıların cəbhəyə mənəvi və xeyriyyəçilik yardımında gördük. Borçalının özündə də bir çox qələbə tədbirləri keçirildi, qurbanlar kəsildi, şənliklər oldu. Eləcə də Cənubda, Rusiyada, başqa ölkələrdə yaşayan soydaşlarımız Azərbaycanın yanında oldu. Buna görə də, artıq nüfuzlu qüvvəyə, dövlətlərarası münasibətlərdə rol oynayan qüvvəyə çevrilmiş soydaş məsələsi həm ictimai şüurda, həm rəsmiyyətdə təsdiqlənməyini günümüzün vacib məsələsi hesab edə bilərik. “Soydaş” Birliyinin bu məsələni qanunvericilik baxımından müvafiq orqanlar qarşısında qaldırmasını yalnız alqışlaya bilərik. Bu haqda məlumat verməyinizi xahiş edərdim.

Kamran Ramazanlı. Birliyimiz həm Soydaş haqqında qanunun qəbulu, həm mövcud Miqrasiya qanununa əlavə və dəyişikliklərlə bağlı xeyli iş görüb. SOYDAŞ haqqında qanunun qəbul olunması üçün Azərbaycan Respublikasının Prezidentinə, Birinci Vitse Prezidentə, Milli Məclisin sədrinə, Dövlət Miqrasiya Xidmətinə müraciət etmişik. Müraciətlərimiz baxılması üçün müvafiq təşkilatlara göndərilib. Azərbaycan Respublikasının Milli Məclisinin inzibati binasında 20 nəfər nümayəndələrin deputatlarla görüşünü təşkil etdik. SOYDAŞ haqqında qanunun qəbulu Azərbaycan Respublikası ilə Soydaşlarımızın vəhdətini daha da gücləndirəcək. Buna görə də, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən SOYDAŞ haqqında qanunun qəbulunu arzu və ümid edirik və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Asif Hacılı. Miqrasiya Xidməti soydaş məsələsində mühüm amildir və bildiyim kimi, Sizin Birlik bu təşkilatla səmərəli əməkdaşlıq edir.

Kamran Ramazanlı. Elədir, Asif müəllim. Miqrasiya xidməti ilə səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Qanunvericiliklə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla 5 nəfərlik nümayəndə heyətimizin görüşünü keçirdik. Çox səmimi şəraitdə keçən bu görüşlərdə təklifimiz diqqətlə dinlənildi və  bu məsələnin araşdırılacağına inanıram. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birgə soydaşlarımızın problemlərinə həsr olunmuş görüş təşkil etdik. Görüşdə 100-ə yaxın soydaşımızın qanunvericilik çərçivəsində problemlərinə yardım edildi. Müəyyən fərdi hallarda da bu təşkilatla əlaqə saxlayırıq və həmişə işgüzar və qayğıkeş münasibətin şahidi oluruq. Ümumiyyətlə bəzən adi görünən məsələlər çıxır. Məsələn, soydaşlarımızın qarşılaşdığı digər bir problem, sadə görünən, ancaq ciddi çətinliklər yaradan məsələ – Gürcüstan dövləti nömrə nişanlı avtomobillərə yaradılmış problemlərlə bağlı da səmərəli tədbir keçirdik. Bununla bağlı müraciətimizə rəsmi orqanların reaksiyası bizi məsələnin həlli ilə bağlı ümidləndirdi. Keçən ilin reallığı ilə bağlı məlum problem – pandemiya ilə bağlı 50 aztəminatlı ailələrə yardım göstərdik, yüzlərlə soydaşımıza miqrasiya və gömrük sahələrindəki problemləri ilə əlaqədar hüquqi yardım etdik.

Asif Hacılı. Təxminən bir illik dövr üçün az iş deyil, əməlli fəaliyyətdir və mən bilirəm ki, yalnız hüquqi, ictimai, sosial məsələlərlə deyil, milli-mənəvi mövzularla da məşğul olmuşsunuz, o cümlədən “Ulu Baban kim olub?” kimi məzmunlu və əhəmiyyətli bir layihə ilə.

Kamran Ramazanlı. Təşəkkür edirəm, Asif müəllim, xatırlatdığınıza və verdiyiniz dəyərə görə. “Ulu Baban kim olub?” Layihəsi Borçalı məskənlərinin demoqrafiyasının, əhalinin kameral təsviri səciyyəsi daşıyır. İlk mərhələni Bolnisi rayonundan başlamışıq. Bu müddətdə Beynəlxalq Valeh Hacılar Vəqfi ilə birgə  Layihə çərçivəsində 4 kitab nəşr etdirdik və 100-ə yaxın ziyalımızın iştirakı ilə təqdimat mərasimi keçirdik. Birliyimizin saytında və Facebook səhifəsində də tarixi, mədəni məsələlərə dam yer ayırırıq, görkəmli alimlərimiz, ziyalılarımız haqqında məlumat veririk.

Asif Hacılı. Soydaşlarla bağlı məsələlər bir yox, bir çox söhbətin mövzusudur və əminəm ki, növbəti görüşlərimizdə bu mövzunu davam etdirəcəyik. Ancaq indi, qayıdaq Borçalı ilə bağlı “Soydaş” İctimai Birliyinin fəaliyyət göstərdiyi digər mühüm məsələyə – soydaşlarımızın təhsil məsələlərinin həlli, ilk növbədə Gürcüstandakı Azərbaycan orta məktəbləri üçün yerli xüsusiyyətlərə uyğun, deyək ki, gürcü dilini, tarixini də bilən müəllim kadrların hazırlanması üçün Gürcüstan-Azərbaycan birgə Universitetinin yaradılması ideyasına və artıq Birlik adından rəsmən elan etdiyiniz təşəbbüsə. Bildiyimiz kimi, Tiflisdə uzun illər Pedaqoji İnstitut nəzdində Azərbaycan dili və ədəbiyyatı şöbəsi olub və orta məktəbləri müəllim kadrlarla təmin edib. Ancaq sonradan bu şöbə bağlandı və artıq anadilli məktəblərimizdə kadr probleminin yaranması təhlükəsi göz önündədir. Bu baxımdan, sizin təklifiniz maraq doğurur.  

Kamran Ramazanlı. Asif müəllim, çox mühüm və əhəmiyyətli məsələyə toxundunuz. Əvvələn, onu deyim ki, belə təcrübə dövlətlərarası münasibətlərdə, xüsusən, dost və müttəfiq ölkələr arasında yayılmış bir təcrübədir.  Dövlətlərarası belə ortaq Universitetlərə nümunə olaraq, Qazaxıstanın Türküstan şəhərində fəaliyyət göstərən Əhməd Yasəvi Qazaxıstan-Türkiyə Universitetini, Bişkekdə fəaliyyət göstərən Manas Qırğız-Türk Universitetinini, Skopyedə yaradılmış Uluslarası Balkan Makedon-Türk Universitetini göstərə bilərik. İki ölkənin elmi-pedaqoji potensialını birləşdirəm bu təhsil ocaqları öz məkanlarının nüfuzlu və qabaqcıl təhsil-elm mərkəzlərindəndir.

Asif Hacılı. Bu baxımdan, Azərbaycan və Gürcüstan strateji müttəfiqlər, dost və qardaş ölkələrdir. Eyni zamanda tariximiz, ənənəmiz də faktiki olaraq ortaqdır. Buna görə də belə bir universitetin yaradılmasına heç bir maneə yoxdur. Digər tərəfdən, Borçalıda, Tiflisdə çox savadlı, bilikli, dilləri bilən dəyərli mütəxəssislərimiz, alimlərimiz, müəllimlərimiz var və belə bir təhsil ocağının yaradılması çətinlik yaratmaz.

Kamran Ramazanlı. Bəli, ilk növbədə, Azərbaycanla Gürcüstan arasında energetika, nəqliyyat, iqtisadi, siyasi sahələrdə, bir sözlə həyatımızın, fəaliyyətimizin bütün aspektlərində uğurlu və qarşılıqlı faydalı əməkdaşlıq var. Xalqlarımızı bütün tarixləri boyu və bu gün də səmimi dostluq, qardaşlıq duyğuları birləşdirib və bu gün də birləşdirir. Bu zəngin əməkdaşlıq, birlik təcrübəsini humanitar müstəviyə,  ilk növbədə təhsil sahəsinə keçirmək hər iki xalq və dövlət üçün vacib zərurətdir. İki dövlətin təhsil sahəsində birgə layihəsi olacaq  ortaq universitet bütövlükdə xalqlararası dostluq məbədinə çevrilər. Onu da qeyd edim ki, bu məsələ Gürcüstandakı soydaşlarımızı on ildən çoxdur ki, ilgiləndirir. Bununla bağlı Gürcüstanın və Azərbaycanın dövlət orqanlarına müraciətlər etmişlər. Bu yaxınlarda da Borçalı ziyalıları yenidən Gürcüstanın müxtəlif orqanlara müraciət etmiş, minlərlə soydaşlarımızın imzası ilə təsbitlənmiş istəyini onlara çatdırmışlar. Biz də öz tərəfimizdən Azərbaycanın müvafiq dövlət qurumlarına müraciət etmişik, artıq müəyyən addımların atılacağına ümid yaranmışdır.

Asif Hacılı. Tamamilə doğrudur. Onu da nəzərə alaq ki, Tiflisdə, Gürcüstanın digər yerlərində tarix boyu Azərbaycan maarifi inkişaf edib, mədrəsələr, dini və dünyəvi məktəblər, pedaqoji texnikumlar, dediyimiz kimi, Universitetdə Azərbaycan dili və ədəbiyyatı bölməsi fəaliyyət göstərib. Hər iki xalqın tarixində böyük rolu olan Qori seminariyası olub. Bu zəmində tarixi təcrübəni dirçəltmək, iki ölkənin intellektual-pedaqoji təcrübəsini birləşdirmək hər iki xalq və ölkənin mədəniyyəti, elmi, maarifi və dolayısı ilə iqtisadiyyatı, sənayesi üçün də səmərəli olar. Siz, bildiyim kimi, Universitetin yeri barədə də təklif vermisiniz.

 Kamran Ramazanlı. Universitetin Rustavi şəhərində qurulmasını daha səmərəli hesab edirəm. Əvvələn, Rustavi şəhəri soydaşlarımızın kompakt yaşadığı bölgənin mərkəzidir, Gürcüstanın böyük şəhərlərindən biridir, Tiflisə və Azərbaycana yaxın əlverişli coğrafi mövqedə yerləşir. Digər tərəfdən, Gürcüstanın bütün böyük inzibati bölgələrinin – “mxare”lərin mərkəzi şəhərlərində dövlət universitetləri var – Sameqrolada Zuqdidi Dövlət Universiteti; İmeretidə Kutaisi Dövlət Universiteti; Kaxetidə Telavi Dövlət Universiteti; Şida Kartlidə Qori Dövlət Universiteti; Samtsxe-Cavaxetide Axaltsixe Dövlət Universiteti. Yalnız ən böyük bölgələrdən sayılan Kvemo Kartlidə, onun inzibati mərkəzi olan Rustavidə Dövlət Universiteti yoxdur. Rustavi şəhərində Gürcüstan – Azərbaycan birgə Universitetinin yaradılması ilə Gürcüstan və Azərbaycan dövlətləri birlikdə soydaşlarımızın təhsil sahəsindəki problemlərini həll edə bilərlər.

Asif Hacılı. Bu Universitet həm də iki ölkə arasında əməkdaşlığın, mədəni əlaqələrin inkişafına, ortaq elmi, pedaqoji layihələrin icrasına böyük təkan verər. İnanaq ki, Borçalı ziyalılarının da çoxdan arzusunda olduğu bu məsələ, eləcə də diaspora siyasətimizdə əhəmiyyətli rol oynayacaq qanunvericilik təklifləriniz tədricən öz həllini tapacaq. Sizə, az bir müddət ərzində, əsasən də pandemiya dövründə gördüyünüz dəyərli işlər haqqında bu maraqlı söhbətə görə təşəkkür edirəm, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.