ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda olub

Azərbaycanın ənənəvi incəsənəti Moskvada təqdim olunacaq
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin parlamentin yaz sessiyasında ilk iclası keçirilib
Xocalı soyqırımı ilə yanaşı, xalqımıza qarşı törədilmiş digər qırğınların da dünyaya çatdırılmasına ehtiyac var

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Füzuli rayonunda olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ICESCO-nun nümayəndə heyəti əvvəlcə Füzuli şəhərinin xarabalıqlarına baxıb, şəhər qəbiristanlığında erməni vandalizminin izlərini görüblər. Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri qarət məqsədilə dağıdıblar.

Şəhərdəki dağıdılmış Cümə məscidinin qalıqlarına baxış zamanı aydın olub ki, ermənilər digər məscidlərimizdə olduğu kimi, burada da mal-qara və donuz saxlayıblar. Nümayəndə heyətinin üzvləri İslam dini abidələrinin bu cür təhqir olunmasının, dağıdılmasının insanlıqla bir araya sığmadığını bildiriblər.

ICESCO-nun nümayəndə heyəti rayonun Qarğabazarı kəndində qədim karvansaraya və XVII əsrə aid məscidin qalıqlarına, həmçinin Qoçəhmədli kəndinin yerlə-yeksan edilmiş məscid binasının xarabalıqlarına da baxıb, ermənilərin törətdikləri vəhşiliklərin bilavasitə şahidi olublar.

Nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri davam edir.

Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, ölkəmizin ICESCO üzrə milli komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin administrasiya rəhbəri Vasif Eyvazzadə və xarici ölkələr üzrə əməkdaşlıq şöbəsinin müdiri İsa Məmmədov müşayiət edirlər.

AZƏRTAC