İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbi ləğv olunub
FANA-nın sədri və OANA-nın prezidenti media qurumlarının əlaqələrini gücləndirmək yollarını müzakirə ediblər
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib.

“APA-Economics”in məlumatına görə, iclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində xarici şirkətlərin iştirakı məsələsi müzakirə edilib.

Bildirilib ki, bu ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin olunur. Agentliyə təqdim edilmiş investisiya layihələrinin prioritetliyi təhlil olunur, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən indiyədək Agentliyə 409 müraciət daxil olub. Bu müraciətlərin 104-ü (25%) ticarət və xidmət, 93-ü (23%) sənaye, 69-u (17%) kənd təsərrüfatı, 70-i (17%) tikinti, 34-ü (8%) turizm, 5-i (1,2%) təhsil, 1-i (0,2%) nəqliyyat və logistika və 33-ü (8,5%) isə digər sahələri əhatə edir. Həmin müraciətlərdən 53-ü 12 xarici ölkəni (əsasən Türkiyə, Rusiya, Pakistan, Macarıstan, Qazaxıstandan olmaqla) təmsil edən şirkətlər tərəfindən təqdim edilib.

Müraciət edən xarici şirkətlər işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərində investor və ya podratçı kimi iştirak etmək niyyətindədir.

İclasda xarici şirkətlərin seçilməsində təcrübə, ixtisaslaşma, yüksək keyfiyyət və münasib qiymət amilləri nəzərə alınacaq, yeni texnologiya gətirən və yerli resurslardan (maddi və əmək resurslarından) istifadə edən şirkətlərə üstünlük veriləcəyi vurğulanıb. Tədbirdə həmçinin, prioritet sahələr üzrə hazırlanmış layihələrin açıq platformada Azərbaycan, ingilis, türk və rus dillərində yerləşdirilməsi təklif edilib.

İclasda bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan ”Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanaqlı inkişafı“ Dövlət Proqramında investisiya cəlbediciliyinin artırılması üçün investisiya təşviqi mexanizmi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

APA