VƏTƏN MÜHARİBƏSİ ƏDƏBİYYATIMIZDA

Ölkəmizdə dövlət-din münasibətlərinin özünəməxsus modeli formalaşdırılıb
“Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçirilib
Balakən və Zaqatalada “Azərbaycan tarixi”nin problemləri ilə bağlı seminarlar keçirilib

Yazıçı Fazil Güney və şair Yusif Nazim Ərəbsoyla İkinci Qarabağ müharibəsinin ədəbiyyatımızda inikasından danışdıq.

Fuad Babayev: Bugünkü söhbətimiz zəfərimizlə başa çatmış İkinci Qarabağ müharibəsinin ədəbiyyatımızda inikasına həsr olunub. Əvvəla o inikas artıq var. Məsələn, Yusif qardaşımızın “Zəfər simvolu” şeiri Mədəniyyət nazirliyinin elan etdiyi “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə Poeziya janrı üzrə 1-ci yerə layiq görülüb. Amma Mədəniyyət nazirliyinin müsabiqəsindən və İkinci Qarabağ savaşından çox qabaqlar da bu istiqamətdə xeyli işlər görülüb. Onlardan biri də Fazil Güneyin “Qara qan” roman-trilogiyasıdır.

Fazil Güney: Bu trilogiyanı 20 ilə yazmışam.

Fuad Babayev: Mən bu yaxınlarda ingilis yazıçısı Qrem Qrinin “Qorxu nazirliyi” (The Ministry of Fear/Ведомости страха – red.) romanını oxudum. Bu roman müharibənin qızgın dövründə, 1943-cü ildə nasizm əleyhinə yazılıb. Mən bir oxucu kimi hesab edirəm ki, İkinci Qarabağ müharibəsinin ədəbiyyatımızda inikasını gözləmək üçün bizə çox vaxt lazım deyil. Siz necə düşünürsünüz?

Fazil Güney: Çox incə bir yerə toxundunuz. Mən “Qara qan” romanını 1996-cı ildən yazmağa başlamışam. 2002-ci ildə romanının 1-ci hissəsi nəşr olundu. O zaman da müharibə bitəndən sonra onun ədəbiyyatda inikasının mümkünlüyündən danışılırdı. Axı zaman gözləmir. Onsuz da çox şey aydındır. Sadəcə bir sıra yazıçılar bu mövzuya girişə bilmirdilər.

Təmkin Məmmədli: Bəhanə axtarırdılar?

Fazil Güney: Bəli. Digər tərəfdən onları da qınamaq olmaz. Hamının bildiyi maraqlı hadisə və məqamlara yazıçı fərqli cəhətdən yanaşmalı idi. Mən özüm də “Qara qan” romanını yazmaq üçün çox düşündüm. Nəhayət olmuş bir hadisəni romanın süjet xətti kimi götürdüm. Romanın 1-ci və 2-ci hissəsi çıxandan sonra bəzi ədəbiyyatşünaslar mənə deyirdilər ki, burada süjetdən kənar fəsillər var. Mən onlara bildirdim ki, romanda bir neçə müstəqil süjetin olmasına baxmayaraq romanın aparıcı süjet xətti Qarabağ müharibəsidir. Ümumiyyətlə, mən Qarabağ müharibəsindən yazanda onun 200 il ərzində davam etməsini vurğulayıram.

Fuad Babayev: Yəni gözləməyə ehtiyac yoxdur.

Fazil Güney: Gözləməyə ehtiyac yoxdur. Mən bu trilogiyanı Aprel döyüşlərindən (2016-cı il – red.) sonra 2017-ci ildə bitirsəm də, roman hələ başa çatmayıb. Romanın 3-cü hissəsinin sonuncu fəsli son fəsildən öncəki fəsil adlanır. “Son fəsli bizim Ordumuz yazacaq” demişdim.

Təmkin Məmmədli: Necə ki, yazdı.

Fazil Güney: Bəli.

Fuad Babayev: Yusif müəllim, mən istərdim, Siz Mədəniyyət nazirliyinin keçirdiyi müsabiqə barəsində danışasınız.

Yusif Nazim Ərəbsoy: Fuad müəllim, öncə dəvət üçün təşəkkürümü bildirirəm. İkinci Qarabağ müharibəsinin, bizim zəfərimizin ədəbiyyatda inikası ilə bağlı öz fikrimi bildirmək istəyirəm. Səmimi ədəbiyyat adamları sifarişsiz, heç bir maraq güdmədən mənəvi tellərlə, ruhaniyyətlə vətənə bağlı olurlar və bu qəbildən olan hadisələri öz əsərlərində canlandırırlar. Mən hesab edirəm ki, ideologiyanı da ədəbiyyat yaradır. İnsan Vətəni şeir əzbərlədiyi gündən sevməyə başlayır. Qarabağ müharibəsi mövzsunda çox əsərlər yazılıb və bundan sonra da yazılacaq. Fazil Güneyin “Qara qan” trilogiyası həmin əsərlərdəndir. İkinci Qarabağ müharibəsindən əvvəl yazılan əsərlərlə ondan sonra yazılan əsərlər arasında fərq nədədir?  Əgər əvvəl biz özümüzü qınayaraq, məğlub millətin nümayəndəsi kimi yazırdıqsa, bundan sonra isə biz İnşallah qalib millətin nümayəndəsi, qalib dövlətin vətəndaşı kimi o əsərləri yazacağıq.

Sentyabrın 27-də savaş başlayandan sonra biz təbii ki, televiziyadan və internetdən məlumatları izləyirdik. Torpaqlarımız işğaldan azad olunduqca insan özünə yer tapa bilmirdi. Mən öz əsərlərimdə əvvəllər də Qarabağ mövzusuna toxunmuşam.  2014-cü ildə Bakıda Qarabağ” metro stansiyasının açılması haqqında təklif vermişdim. Bu məsələyə bacardığım qədər ideoloji cəhətdən yanaşmışdım. Biz Qələbə günümüzü, Zəfərimizi qeyd edəndən sonra ötən il noyabrın 17-də “Zəfər simvolu” şeirini yazdım. Mən bu şeiri yazanda müsabiqə haqqında düşünmürdüm. Bu şeir sadəcə Qələbənin sevinci ilə yazılıb. Noyabrın 22-də isə saytda Mədəniyyət nazirliyinin müsabiqəsi rastıma çıxdı. Şeiri müsabiqəyə göndərməkdə məqsədim o idi ki, müsabiqədən sonra nəşr olunacaq kitabda mənim şerim də yer alsın. Sözün düzü bu müsabiqə artıq mənim yadımdan çıxnışdı. Bir müddət keçəndən sonra Rəşad Məcid və Səlim Babullaoğlu zəng edərək bayraq haqqında yaxşı bir şeirimə görə mənə təşəkkür etdilər. Amma onlar mənim müsabiqədə qalib gəlməyimi demədilər. Mən də elə bildim ki, söhbət mənim 2012-ci ildə yazdığım bir bəndlik “Bayraq” şeirindən gedir.

Varsansa,

          demək, məmləkətim var!

Yaşa bayraq!

Sancıl Şuşada torpağa, bayraq,

           daşa, bayraq..!

Əllərdə, könüllərdə və

          dillərdə qərar tut,

Olsun bu Vətən torpağı

          başdan-başa bayraq!..

          başdan-başa bayraq!..

Belə bir şeir yazmışdım. Savaş başlayandan sonra isə xalqda, dövlətdə bu birliyi görəndə, hər yerdə bayraq görəndə inanın ki, mən ağlayırdım. İllər öncə elə bil insan bunu hiss edir. Bu arzumuz həyata keçir və Vətən torpağı başdan-başa bayraqlaşır. Müsabiqəyə təqdim etdiyim  “Zəfər simvolu” şeirim isə Allahın izni 1-ci yerə layiq görüldü. Həmin müsabiqədə müxtəlif kateqoriyalar var idi. Poeziya kateqoriyasında “Zəfər simvolu” şeiri qalib olub.

Fuad Babayev: Bu müsabiqə gənclər arasında idi?

Yusif Nazim Ərəbsoy: Xeyr. Ümumi müsabiqə idi.

Fazil Güney: Mən çox şad oldum ki, Mədəniyyət nazirliyi də nəhayət bu istiqamətdə fəaliyyətə başladı. Artıq onların da fəaliyyətində müsbət dəyişikliklər var. Sevindirici haldır ki, heç bir tanışlıq, qohumbazlıq olmadan Şamaxının Ərəbqədim kəndində doğulmuş gənc şairimizin şeiri müsabiqədə birinci yerə layiq görülüb.

Fuad Babayev: Bu Sizin aldığınız ilk mükafatdir?

Yusif Nazim Ərəbsoy: 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun həyata keçirdiyi “Vətənin pərvəri ol” müsabiqəsində “Sərçə sevgisi” adlı şeirim 1-ci yeri qazanıb. O da elə müharibə mövzusunda olan şeirdir.

Fuad Babayev: Siz xüsusi təvazökarlıq nümayiş etdirərək bizə göndərdiyiniz tərcümeyi-halınızda bu faktı qeyd etməmisiniz.

Fazil Güney: Haranı bitirmisiniz?

Yusif Nazim Ərəbsoy: Bakı Slavyan Universitetinin “Yaradıcılıq” və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Mühasibat uçotu və audit” fakültələrini bitirmişəm.

Fuad Babayev: Hazırda Yusif bəy Qobustan Gənclər Evində “Bədii Yaradıcılıq” dərnəyinin rəhbəri və rayonun “Söz Muzeyi” adlı ədəbi məclisinin sədridir.

Fazil müəllim, Siz ədəbi cəmeədə İkinci Qarabağ müharibəsinin inikasının işartılarını hiss edirsiniz?

Fazil Güney: Sözün düzü eşitməmişəm. Bəlkə də planlaşdırırlar.

Fuad Babayev: Yusif müəllim, Siz sosial şəbəkədə, gənclərdə belə bir maraq hiss edirsiniz? Misal üçün Elşad Barat adlı gənc şairimiz mənə elə gəlir dünyada analoqu olmayan bir aksiyaya başlayıb. O hər bir şəhid haqqında ayrıca şeir yazmağa başlayıb. Yəni onun məqsədi 3 minə qədər şəhidimizin hər biri haqqında şeir yazmaqdır.

Yusif Nazim Ərəbsoy: İkinci Qarbağ savaşından sonra Mücrü” nəşriyyatı Qarabağ mövzusunda qısa hekayələr müsabiqəsi elan etmişdi. O müsabiqəyə mən də “Sonuncu şəhid” adlı bir cümlədən ibarət hekayə  göndərmişdim. Yəni mən bu mövzuya marağı gənclərdə də görürəm.

Təmkin Məmmədli: O müsabiqə yekunlaşıb?

Yusif Nazim Ərəbsoy: Yekunlaşıb. Müsabiqəyə təqdim edilən hekayələr kitab halında çap olunub.

Fazil Güney: Mənim elmi mövzum Suriya ədəbiyyatında bədii nəsrin roman janrına aid idi. Roman janrı Avropada yaranmışdır. Ümumiyyətlə ədəbiyyatda öncə şeir yaranıbdır. Şeir müəllifi məhdudlaşdırır, qafiyə, vəzn və s. məsələlər şairi çərçivədə saxlayır. Dram əsərində də müəllif öz yazdığının səhnə həyatını – səhnədə canlandırılmasını təsəvvür etməyə məcburdur.  Bunlardan sonra isə roman janrı yarandı.

Fuad Babayev: Romanın imkanları müqayəsəyəgəlməz dərəcədə genişdir.

Fazil Güney: XIX əsrdə Avropada roman janrı özünün pik nöqtəsinə çatanda Şərqdə uşaq kimi iməkləyirdi. Bizdə ilk dəfə bədii nəsrə İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsində rast gəlirik. Bizim dastanlar və nağıllar kimi dünyanın digər xalqlarının da folklorunda romana oxşar nağıllar, saqalar vardır. Bu şifahi xalq ədəbiyyatı nümunələri dünya ədəbiyyatında “xalq romanları” adlanır. Bunlarla müasir roman janrının fərqi nədir?  Əsas fərq bundadır ki, xalq romanları özündə olayların gəlişməsini əks etdirir. Amma çağdaş roman janrı qəhrəmanlarının daxili aləmini, psixologiyasını açır. Əsas məsələ budur.

Təmkin Məmmədli: Qarabağ savaşına aid sanballı əsərlərin yaranmamasını Şərqdə roman ənənəsinin olmaması ilə əlaqələndirmək olar?

Fazil Güney: Xeyr. XX əsrin əvvəllərində bizdə böyük romanlar yarandı.

Təmkin Məmmədli: Müasir dövrdə məhz Qarabağ mövzusunu nəzərdə tuturam.

Yusif Nazim Ərəbsoy: Müasir dövrdə Qarabağ mövzusunda bundan sonra İnşallah yaranacaq.

Fuad Babayev: Roman janrının zəifliyi artıq arxada qalıb.

Yusif Nazim Ərəbsoy: Ümumiyyətlə, dünya ədəbiyyatında ən diqqət çəkən, ən oxunaqlı janr romandır.

Fazil Güney: Belinskinin təbirincə desək, roman oxucunu kosmosa qaldırıb, dənizin dibinə endirən janrdır. Əgər yazıçı bunu bacarıbsa, roman oxunacaq.

Yusif Nazim Ərəbsoy: Roman əslində Şərqdə də olub. Nizaminin “Xosrov və Şirin” əsərini ilk mənzum roman kimi götürürlər. Amma sonradan nəsr şəklində roman təbii ki, Qərbdə, rus ədəbiyyatında daha geniş vüsət alıb. Siz qeyd etdiyiniz kimi romanın imkanları çox genişdir. Orada qəhrəmanların xarakterini tam açmaq üçün meydan var.

Fazil Güney: Şeir əhval-ruhiyyəyə bağlıdır. Hekayədə isə bir saatlıq hadisəni təsvir etmək mümkündür. Amma roman janrı bütün ömürdən bəhs edir. 

Fuad Babayev: Müharibədə qəhrəmanlıq və şücaətlə yanaşı, qorxaqlıq və xəyanət də olur. Bəlkə romanda müharibənin bu aspektlərini işıqlandırmaq qorxusu ədiblərimizin qarşısına sipər çəkir?

Fazil Güney: Neqativ məsələlər də obyektiv yazılmalıdır. Mən “Qara qan” trilogiyasında belə məsələlərə toxunmuşam. Müharibə göstərdi ki, Azərbaycan xalqının 90 faizdən də çoxu dövlətçilik və millət duyğuları ilə yaşayır. İkinci Qarabağ müharibəsində misli görünməyən döyüşlər oldu. Mən Ərəb-İsrail müharibəsində (1973-cü il – red.) hərbi tərcüməçi qismində iştirak etmişəm. Yəni demək istəyirəm ki, müharibənin nə olduğunu yaxşı bilirəm.

Fuad Babayev: Mənə elə gəlir ki, nə qədər Qələbə hissi yaddaşlarda təzədir bu yaradıcılığa sirayət etməlidir. Ordudan gələn insanların təəssüratları bir ildən sonra tbaşqa olacaq. Digər tərəfdən bizdə kitab bazarı yoxdur, nəşriyyatlar qonorar vermir. Bu amillər belə romanların ortaya çıxmasına nə dərəcədə mane olur? Birinci Qarabağ savaşından neçə roman yazılıb?

Fazil Güney: Açığı bir neçəsinə baxmışam. Amma məni qane etməyib.Gərək burada dövrün siyasi ab-havasını, iqtisadiyyatını, hərbi hadisələri verməyi bacarasan.  Bunun üçün də yazıçının müvafiq hazırlığı olmalıdır.

Fuad Babayev: Kitab bazarının və qonararın olmadığı şəraitdə yazıçıdan roman tələb etmək üçün bəlkə müsabiqələrə ehtiyac var. Gəlir gətirməyən əsərləri oxucu olaraq gözləməyə bizim haqqımız varmı?

Fazil Güney: Haqqımız var. Amma gözlənti təkcə yazıçıdan yox, müəyyən orqanlardan da olmalıdır. Əvvəllər yazıçı kitabı üçün aldığı qonorarla bir müddət dolanırdı. Gələcək nəsillər üçün əsərlər yazılmalıdır və qalmalıdır. Ədəbiyyat insanların şüurunu, düşüncəsini fəth edir. Ona görə də buna ciddi fikir verməliyik.

Yusif Nazim Ərəbsoy: Mədəniyyət nazirliyinin keçirdiyi müsabiqədən sonra hesab edirəm ki, bizdə də nəsə etmək istəyirlər.

Fazil Güney: Görək bu fəaliyyətin davamı olacaq?

Yusif Nazim Ərəbsoy: İcazənizlə, Mədəniyyət nazirliyinin müsabiqəsində 1-ci yerə layiq görülmüş  “Zəfər simvolu” şeirimi oxumaq istərdim:

Sən ey mənim yurdumda güldən gözəl bayrağım,
Sən ey müqəddəs əldə əldən gözəl bayrağım!
Ey mənim Dövlətimdən qoca olan bayrağım,
Sancıldığı zirvədən uca olan bayrağım!
Dalğalan zirvələrdə, dalğalara örnək ol,
Namuslu gözəllərin qon başına örpək ol!
Başım üstə papaqsan,
Torpaqsan gözüm üstə.
Sən şerimin içində,
Olmusan sözüm üstə.
Mən sənə baş əymişəm,
Qarşında dizim üstə.

Bayraqların içində, ey mənim vəsf etdiyim,
Şeirlərin bayrağı, qəzəllərin bayrağı!
Ey uğrunda şərəflə şəhadətə getdiyim,
Bayraqların gözəli, gözəllərin bayrağı!
Gör sənin sancıldığın neçə kənd var, şəhər var,
Zəfər varsa, sən varsan, sən varsansa, zəfər var!

Ürəkdə can da sənsən, Azərbaycan da sənsən!
Balaca otağımda böyük cahan da sənsən!

Hazırladı: Təmkin Məmmədli, 1905.az

Söhbət 17 fevral 2021-ci il tarixində baş tutub.

Materialda modern.az saytının fotosundan istifadə edilmişdir.