AzMİU-da Şuşa şəhərinin memarlıq irsinin bərpa- eskiz layihələrinin təqdimat mərasimi keçirilib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nərimanov rayonunda “Cümə” məscidinin açılışında iştirak ediblər 
İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişinə başlanılıb
Məktəb direktorları ilə onlayn görüş keçirilib

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Beynəlxalq abidələr gününə həsr olunan Şuşa şəhərinin memarlıq irsinin bərpa- eskiz layihələrinin təqdimat mərasimi keçirilib.

Universitetdən  bildirilib ki, tədbirdə Təhsil Nazirliyinin, Milli Məclisin, Azərbaycan Memarlar İttifaqının, ali təhsil müssisələrinin nümayəndələri iştirak edib.

Layihə barədə tədbir iştirakçılarına rektor, professor Gülçöhrə Məmmədova ətraflı məlumat verib.

Rektor qeyd edib ki, Memarlıq fakültəsində təhsil alan tələbələrin təşşəbbüsü ilə ərsəyə gələn Şuşa şəhərinin şəhərsalma inkişafı və tarixi memarlıq irsinin bərpası layihəsi üzrə işlər bir il bundan əvvəl başlayıb. “Tələbələrimiz və müəllimlərimiz layihə üzərində işə başlayanda Şuşa, eləcə də digər rayonlar hələ işğal altında idi. Amma biz inanırdıq ki, tezliklə o torpaqlar öz sahiblərinə qayıdacaq, biz bu layihələri orada gerçəkləşdirəcəyik. Bu gün çox sevinirik ki, arzumuza çatmışıq”. G.Məmmədova layihənin hazırlanmasında əsas məqsədin Azərbaycanın tarixi şəhəri olan Şuşa şəhərinin nümunəsində tarixi şəhərlərin inkişafı və memarlıq irsinin qorunması, abidələrinin bərpasından ibarət olduğunu vurğulayıb. Eyni zamanda o, tezliklə işğaldan azad olunan, erməni vandalizmi nəticəsində dağıdılan Şuşa şəhərində tələbələrimizin təqdim etdiyi şəhərsalma strukturuna dair yeni inkişaf layihələri ilə əlverişli, müasir tələblərə uyğun yaşayışın bərpa olunacağına inamını ifadə edib.

Rektorun çıxışından o da məlum olub ki, təxminən 1 il çəkən bu layihənin hazırlanması üçün tələbələr Şuşanın abidələri, infrastrukturu haqda tarixi məlumatlar toplayıblar, arxivlərdə işləyiblər, mövcud arxiv sənədləri ilə tanış olublar. İki istiqamətdə hazırlanan layihələrin şəhərsalma strukturunun inkişafı üzərində işləyən tələbələrə AzMİU-nun dosenti, Əməkdar memar Yeganə Hacıyeva, abidələrin bərpası istiqaməti üzrə işləyən tələbələrə isə AzMİU-nun professoru, memarlıq doktoru Səbinə Hacıyeva rəhbərlik edib. Rektorun çıxışından sonra layihə mərasim iştirakçılarına təqdim olunub.

Layihədə şəhərsalma strukturunun inkişafı istiqaməti üzrə tələbələrə rəhbərlik edən Y.Hacıyeva Şuşa şəhərinin 2020-2040-cı illər üzrə baş plan layhəsi barədə danışıb, tələbələrin iştirakı ilə görülən işlər izləyicilərə təqdim olunub. Məlum olub ki, birinci mərhələdə əsasən ictimai, yaşayış və qeyri-yaşayış zonaları, sənaye, istirahət və yaşıllıq əraziləri üzrə işlər görülüb. Sonrakı mərhələdə yeni yaşayış zonaları təklif olunub, şəhərin mövcud ərazisinin 2040-cı ilə qədər yeni sərhədləri ilə bərabər təyini, Şuşa üçün eko turizm marşrutunun, ümümi yaşıllıq sahəsinin rekreasiya zonasının yenilənməsi, yeni tikililər üçün ərazilərin ayrılması, küçələrin şəhər ətrafı kateqoriyalarının bölünməsi, ayrılması, piyada turist marşrutlarının təyini və s. həyata keçirilib.

Memarlıq irsinin bərpası istiqaməti üzrə məlumat verən Səbinə Hacıyeva qeyd edib ki, ümumilikdə Şuşada 165 tarixi abidə var, amma tələbələr təbii ki, onların hamısı deyil, bir qismi üzərində iş aparıblar. “Biz layihəyə başlayanda Şuşa şəhəri işğal altında idi, biz ora gedə bilmirdik. Tələbələr yalnız arxivlərdən əldə etdikləri məlumatlar, eskizlər əsasında işləyiblər. Şuşanın ayrı-ayrı memarlıq abidələrinin arxivlərdən eskizləri, cizgiləri, fotoşəkilləri və s kimi məlumatlar götürülərək onların tarixi, memarlıq-dekorativ xüsusuyyətləri tədqiq edilib, internet resursları vasitəsi ilə indiki vəziyyəti araşdırılıb və eskiz-bərpa layihələri işlənib”. Sonra tələbələr Aşağı və Yuxarı Gövhər Ağa məscidi, Xan qızı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Həsən bəy Vəzirovun və başqalarının ev muzeyləri, hamam, karvansaray və bulaqların bərpa eskiz layihələrini təqdim ediblər. Onu da qeyd edək ki, bərpa layihələri təqdim edilən abidələrin 3-D görünüşü tələbələr tərəfindən işlənib.

Təqdimatın sonunda layihənin nəticəsi kimi tələbələr müasir kompüter proqramlarından istifadə edərək Şuşaya ilk gediş marşrutunu təqdim ediblər. Mərasimdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkillərindən Hicran Hüseynova, Aydın Mirzəzadə, Hikmət Babaoğlu, ADMİU- nun rektoru Ceyran Mahmudova tələbələrin təşəbbüsünü alqışlayaraq bu layihədə əməyi keçən müəllimlərə də təşəkkür ediblər. görülən işləri yüksək qiymətləndiriblər, işğaldan azad olunmuş şəhər və kəndlərimizin yenidən qurulması, bərpası və inkişafı prosesində AzMİU-nun professor-müəllim, tələbə potensialından istifadənin vacibliyini vurğulayıblar.

Report