“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib

Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb
Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (aprelin 20-nə kimi) 31 020 243.38 manat vəsait mədaxil olub.

Fondan AZƏRTAC-a bildirilib ki, ölkə ərazisində 2 881 şəhidin ailə üzvləri, habelə 2 735 yaralı olmaqla ümumilikdə 14 240 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, (yashat.gov.az saytında) 5 775 şəxsin müraciətinin icra olunması üçün öhdəlik götürülüb.

Fondun fəaliyyət istiqamətləri üzrə 19 146 142.77 məbləğində vəsait xərclənib. Onlardan: məişət şəraitinin yaxşılaşdırılmasına – 1 331 şəhid ailəsi üzvü, 1 605 yaralı və 6 itkin ailəsi üzvü; təhsil haqqı – 33 şəhid ailəsi üzvü, 2 yaralı; istehlak kreditlərinin ödənilməsi – 493 şəhid ailəsi üzvü, 426 yaralı və 4 itkin ailəsi üzvü, tibb xidmətlərin ödənilməsi – 621 şəhid ailəsi üzvü və 176 yaralı.

Yeni doğulmuş 59 şəhid övladının zəruri tibbi xərcləri qarşılanıb, hər bir uşağın adına bank hesabı açılaraq 5.000 manat depozit qoyulub, şəhid övladı 18 yaşına çatanda üzərinə faiz gəlmiş depozitini istifadə edə biləcək.

63 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 7–i sağalaraq geri qayıdıb.

“YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.

İsraildən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis Azərbaycana gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 30 nəfər əməliyyat edilib, onlardan 5 nəfərin görmə qabiliyyəti bərpa olunub, 1 nəfər göz yaşı kisəsinin bərpası və protez göz qoyulması üçün əməliyyat edilib, 4 nəfər isə göz qapağının bərpası üçün plastik əməliyyat olunub. 51 nəfərə protez göz qoyulub, 4 nəfər üçün protez göz sifariş olunub, 1 nəfər protez qoyulmasından imtina edib, 82 nəfər isə sadəcə müayinə edilib.

Martın 10-da Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə ediliblər.

Martın 10-dan 13-nə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondlarında konkret məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, Türkiyə Respublikasında müalicə alan ağır yaralılar ziyarət olunub.

“YAŞAT” Fondunun təşəbbüsü, “Vətən Ulduzları” Fondunun təşkilatçılığı ilə martın 17-si və 18-də 10 şəhid övladı Ankara şəhərində baş tutan “Övladlarımız Tək Ürək” 18 mart şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak ediblər.

Martın 18-dən 21-nə kimi “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 AZN dəyərində olan 4000 qutu Novruz sovqatı paylanılıb.

Aprelin 16-da dövlət agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

“YAŞAT” Fondu ilə Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ilə, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi arasında şəhidlərin övladlarına ödənişsiz, əlilliyi müəyyən edilmiş şəxslərin övladlarına isə 50 faiz güzəştlə təhsil alması məqsədilə niyyət protokolu imzalanıb. Sözügedən təhsil müəssisələrinə şəhid və yaralananların övladlarının qəbul edilməsi üçün imtahanlar davam edir.

“YAŞAT” Fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı əsasında yaradılıb.

AZƏRTAC