Ahıska Türk mədəniyyətinin etnik tipologiyası- təsərrüfat növləri

Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Ahıska türklərinin etnik tarixi- Qədim dövr
Milli Kitabxana koronavirus təhlükəsinə görə bağlanıb

Ahıska türklərinin ənənəvi xalq mədəniyyəti, folkloru, etnoqrafiyası zəngin və rəngarəngdir. Məzmun və formasına görə Ahıska-türk mədəniyyətinin əsas tərkib hissələri – maddi və mənəvi mədəniyyət, o cümlədən təsərrüfat növləri, adət və mərasmlər, folklor, ədəbiyyat, xalq sənətidir.

Əkinçilik

Qədim əkinçilik diyarı olan Ahıska mahalında dağətəyi əkinçilik daha çox inkişaf etmişdi. Sıldırım qayalar belində, sərt yamaclarda şırımlar salmış, arxlar açmış zəhmətsevər türklər dağ əkinçiliyinin bütün sirlərinə yiyələnmişdi. Türklərin vətəndə yetirdiyi bol taxıl, tərəvəz, meyvə nəinki yerli əhalinin tələbatını ödəyir, həm də müəyyən ticarət əhəmiyyətinə malik olurmuş. Taxıl məhsullarından ən çox buğda, arpa, qarğıdalı əkilib-becərilərmiş. Kətan, pərinc, mərci, noxud, darıda əsas məhsullardanmış. Dağ yamaclarının, sərt gədiklərin, çənli bellərin torpaq qatı nazik və dözümsüz olduğundan Ahıskada herik əkinçiliyindən istifadə edilərmiş. – Eyni sahədə taxıl əkinləri bostançılıqla növbələnərmiş.

Ahıska – Axılkələk bölgələrində türk əkinçilərinin istifadə etdiyi əsas əmək alətləri – sapan, tapan, cilğa, çapa, tırpan, kafesli tırpan, kerendi, kəsər, burçak, kazma, tırmık, kılınc, dirgən, dönməcə, sürgü, oraq, sırma, kavrama, kafes, yaba, bel, kürək, kütən, dögen və sairədir. Əkinçiliklə bağlı başqa terminlər – ciftçi, harman, herik, anbar, çuval, kuyi, xalbur, küleş, əleg, kotan, gəmi, sel kimi adlar da Anadolu və Azərbaycanın hər yerində işlənən ümumtürk anlayışlarından xəbər verir.

Bostançılıq

Ahıska türkləri ana yurdlarında bostan işləri ilə də məşğul olublar. Saf çeşmələrin, şəffaf çayların suları ilə suvarılan bostanlarda kartof (kartopi), soğan, sarımsaq, bibər (pimpila), pomidor (patlican), badımcan (qara patlican), xiyar, kələm (laxana), çuğundur (carğala), yerkökü (pörçükli, zərdə), turp (şalğam), nanə (gözüm), kəvər (pırasa) və başqa bitkilər yetişdirilərmiş. Bostançılıqda çapa, toxa, tırmıx, kazma, bel kimi alətlər işlədilərmiş.

Bağçılıq

Ahıskanın dağ ətəkləri, aşağı kəndlər göz işlədikcə uzanan bərəkətli meyvə bağları ilə məşhur olub. Bu bağlarda yetişən alma, armud, ərik (zərdəli), zoğal (qızılcuq), cancur (gavalı növü), qoz, fındıq, gilas (kirəz), şabalıd (kəsdənə), alça, tut, böyürtkən (makuval), heyva və sairə xüsusilə şöhrətlənibmiş. Bir çox alma növləri (şəkər, şəkərnabad, qərənfil, degirman, səbə, şah, şəfrən, yağ, paşa, əcərə, əhmədiyyə, sirap, bəyaz), armud sortları (nənə, dedirza, beg, sasela, tavrucul, nanəzir, güz, gügüm, qızıl, fasela, bağriqara, incir, bəyaz, bibi, ağırca, ağırşah) Ahıska bağlarına hər yerdə şöhrət gətiribmiş. Panta adlanan armuda oxşar dağ meyvəsinin də bir çox növü varmış: sari, şərbət, soltanli, qara, mexrik, kut, barcuc…

Maldarlıq

Bir çox türk bölgələrində olduğu kimi, Ahıskada da baharın axırlarında naxırlar, sürülər yaylaqlara çıxarılar, payızda qaytarılarmış. Qışlalarda mal-heyvan ümumi kənd naxırına qatılarmış. Kənd naxırını otaran daimi naxırçı (naxırci) ilə haqq-hesabı pul, buğda, meyvə, mal-qoyun, başqa məhsulla çürüdərlərmiş. Müasir dövrdə elin naxırını kənd camaatı növbə ilə (nobat) otarır.Ahıska türklərinin istehsal etdikləri süd məhsulları türk dünyasının hər yerində rast gəlinən ağartılarla eynidir – yağ, yoğurt, qaymaq, pendir, ayran, qurud, dələmə… Yerli əlamətdar cəhətlər əsasən müxtəlif pendir növləri, xüsusən çeçil pendiridir. Saçaq-saçaq olan bu pendirin ən yaxşısı Saxan kəndində kəsilərmiş. Bundan başqa təpmə, çuma, atma, davar pendirləri də məşhurmuş. Əksər evlərdə “yayuk (nehrə)” olarmış.

Sənətkarlıq.

Ahıska mahalı hələ paşalıq dövründən öz kamil sənətkarları ilə şöhrət tapıbmış. XIX əsrdə Ahıskada  zərgərlik və  tikmə işləri xüsusilə inkişaf edir.  Ahıska zərkeşlərinin düzəltdiyi şəbəkəli qızıl və gümüş bəzəklər, məxmər və mahud üzərində tikmələr bütün Qafqazda məşhurlaşır. Ahıskanın qızıl və gümüş sinəbəndləri (majar), mahmudiyələr, pipanur, küfələr, kəmərlər, gəlinlərin başa qoyduğu zərli-bəzəkli qatxalar əsl sənət dəyəri olan əsərlər kimi hər yerə yayılır. Ahıska mahalında çoxlu çəkməçi, dərzi, dülgər, dəmirçi də varmış. Ahıska gözəl kəmər ustaları ilə məşhur olub. XIX əsrin ortalarında zərgərlik və tikmə işi xüsusilə yüksək səviyyəyə qalxır, bu sənətlərlə yüzlərlə ailə məşğul olur. XIX yüzilin axırlarına doğru zadəganlar arasında Avropa dəbinin və libasının yayılmağa başlaması ilə tədricən ənənəvi zərgərlik və tikmə məhsuluna tələbat da azalır. Fabrik məhsullarının axını da el sənətini sarsıdır. Beləliklə, tədricən Ahıska sənətkarlarının bazarı kasadlaşır, köhnə peşələr aradan çıxır (Bax: 35, c. 211). Müasir dövrdə tikmə sənəti xeyli dərəcədə bərpa olunmuşdur. Demək olar, hər türk evində toxumalar, tikmələr var. Bunlardan cehizlik, bəzək kimi və məişətdə istifadə olunur, bir  çoxu sənət dəyərlidir.

Mətbəx

Ahıska türklərinin qidasını əsasən çörək, un yeməkləri, ət, süd və bitki məhsulları təşkil edir. Ahıska türkləri vətəndə çörəyi buğda, yulaf və qarğıdalı unundan bişirərmiş. Əsas çörək növləri: tandurətməgi, furunətməgi, yuxa, cadi, yağli cadi, üfgə, kömbə və sairədir. Çörək təndir və furunda bişirilər, yuxa isə sacda salınarmış. Taxıl məhsullarından, xüsusən buğda və yulaf unundan bişirilən xörəklər də son dərəcə rəngarəngdir: xingal, lapata xingali, əfəndi xingali, şor xingali, bükməli xingal, basdırma xingali, manti, xanım mantisi, ətməgaşi, tatarbəyi, ərişdə, qutab, quymaq, müxtəlif sıyıqlar… Əsas ət xörəkləri: kabab, sucuq, buğlama, bazlama, bişi, paça, savutma, közləmə, basdurma, beşbarmaq, köftə, bozbaş, piti, dolma… Rəngarəng şorbalar: puşruk çorbasi, cincar çorbasi, mərci çorbasi, ayran çorbasi, çərəz çorbasi, əriştə çorbasi, qızılcuq çorbasi, pirinc çorbasi, sütlü çorba, tutmac çorbasi… Kartopi ezmesi, kartopi haşlamasi, hoçuta, xoyul, heris, paxıraçlama, pata, kələcoş, palaça, luxma, peynir qovurmasi, lazut (qarğıdalı) bulamaci da gündəlik yeməklərdəndir. Ətli, səbzəli, südlü, çərəzli, lobyalı aş növləri də türk mətbəxində xüsusi yer tutur. Toyda-nişanda, bayramda, qonaqlıqda Ahıska ellərində müxtəlif şirniyyat hazırlanarmış – subörəgi, şəkərləmə, kətə, luxum, qətmər, qulaqlı qətmər, çullama qətmər, gəvrək, halva, paxlava… Ahıska türklərinin mətbəxində əsas yeri şərbət, sinor, ayran, yoğurt, çay, qəhvə kimi içkilərtuturmuş. Türklərin düzəltdikləri pəstil (tut, zoğal, cancur şirəsinə un qatılır, qaynadılır, alınmış maye taxta üzərində qurudulur,sonra bıçaqlaaralanır), kömə (tut şirəsinə azca un qatılır, qaynadılır,qozu sapa «boncuk kibi» taxır,bu şirəyə 3-4 dəfə salıb-çıxarır, qurudurlar), bəkməz, eləcə də kələm (laxana), pomidor (patlican), xiyar, turp (şalğam),bibər (pimpila) turşuları etnik mətbəxin duzunu-məzəsini təşkil edir. Türklərin sucuq və basdırmaları da çox məşhurdur. Ahıska türklərinin əsas mətbəx avadanlığı: sapli (tava növü), tava, qazan, ibrığ (bardaq növü), aş taliki (boşqab), çay taliki, ləngər(sini), sac, paxır, peşkun, kərsən, süzək, biçaq, çəngəl,kaşıx, farduc…

Geyim

XIX əsrdə və XX əsrin əvvəllərində Ahıska türklərinin geyimi ənənəvi türk-Qafqaz geyimi tipologiyasına daxil imiş. Kişilər – yaxası qaytanla bağlanan köynək, şalvar, arxalıq, yapıncı, kürk geyər,gümüş (yun, ipək, dəri) kəmər bağlar,başa dəri papaq, başlıq, fəs qoyarlarmış. Fəsə çoxvaxt qırmızı və ya yaşıl çalma dolanarmış. Çoxa, arxalıq əsasən göy, boz rəngdə olarmış. Acarvə Kobulet türklərinin yuxarıdan enli,büzmə şalvarlarından fərqliolaraq, Ahıska türklərində dar şalvar dəb imiş və müasirlər bunu Azərbaycan türklərinin geyiminə oxşadırlarmış (Bax: 13, с. 90-91; 26, с. 89-91). Turk kişilərinin ənənəvi geyimininəsas bir ünsurü də yelək (və ya zubon) adlandırılan canlıq – jiletolmuşdur. Yelək muasir pencəklərin altından da geyilir. Qadınlar nəbati naxışlarla bəzənmiş al don, göy rəngli önlük geyər, gümüş belbağı bağlayardılar. Qızlarbaşını şal, tavşalı, ləçəkli şal, ərliqadınlar isə həm  də qatxa (altun  pullarla  bəzənmiş araqçın növü) ilə ör­tərmiş. Qadınlar bu libasın üstundən Ahıska  türklərininehram adlan­dır­dıqları bəyaz çadraya burunərmiş.

Mesxet-Cavaxet bölgələ­rin­də, eləcədə Acarıstan, Kobulet, Şəvşət,  Kaxet, Kartli, İmereti, Quriya, Meqreliya adlandırılan yerlərdə nəinki türk, hətta gürcü, digər xaçpərəst qadınları da uzun müddət çadrada gəziblər. Ümumiyyətlə, başqa etnoqrafik örnək­lərdə olduğu kimi, gürcü geyiminin də çox hissəsiturklərdən götürülüb. Kaxet  çarları və aznaurlar (gürcü zadəganları) «qızılbaş üslubunda» gödəkçə geyər, çalma bağlarmış. İmeretdə, digər yerlərdə də türk qaf­tan­ları, «qızılbaş qiyafəsi» gurcülərinəsas libası imiş (Bax: 16, с. 279-281). Gürcü geyiminə orta əsrlərdə xüsusilə güclənən türk tə’siri son günlərə qədər öz nüfuzunu saxlayıb. XX əsrin  əvvəllərində yuxarı  kəndlərdə kişilər qara satindən, qolla­rı yarıqlı üst paltarı, çoxa, arxalıq geyir, qadınlarəsasən ənənəvi libasda qalırlarmış.  20-ci   illərdən  türklərin  geyimində  əsaslı dəyişikliklər baş verir – Ahıska, Adıgün, Azqurda qalife şalvar, frenc, gimnastyorka,furajka ortaya çıxır. Qadınlar uzun, düz, ensiz qollu paltarlara keçir. Ənənəvi bəzəklər (qatxa, majar,mahmudiyə, pipanur, urubiya, küfə, belbax) isə saxlanır. 1926-cı ildə Valedə toxuculuqsexinin açılması ilə ənənəvi yun, ipək və keçə materiallarına yeni çit parçalar, təzə ipək növləri, satin və sairə əlavə olunur.30-cu illərdən fabrik məhsulları yayılır.  Ahıska türklərinin geyiminə aidəsas terminlər: kondura, çarux, şarvar,  gömlək, çoxa, arxalux, yelək (zubon), ehram, qaftan, don, xələt, ətək, kürk, yapıncı, qurşaq, kəmər, belbağı, şal, tavşali,ləçək, peştamal, tuman, dizdon, başmaq, qatxa, çalma, fəs, papax, küfə, pirpirə, majar,  mahmudiyə, pipanur,  urubiya…

Mərasimlər

Ahıska türklərinin mərasimləri ümumtürk tipologiyasına və şəriətə uyğundur. Toy mərasiminin mərhələləri (Qız saraflamax və bəgənmax; Elçilux; Şərbət içmax; Gəlin görməyə getmax; Nişan degişmax və urba göturmax; Kəsim kəsmək; Toy şərtləri: başlıq və toy xərçi; Dəvət; Xına yaxdi; Məsləhət aşı; Kəbin; Gəlin çıxarmax və gətirmax; Güvəgiyə vermax; Duvağaçımi (yüzaçımi); Üzgördi (eniştəlüğə getmax); Ayaqdönd) və elementləri (atlılar, məqərlər, başlux, toy xərci, dəvətçi) yerli koloriti əks etdirsə də, Şərqi Anadolu və Qərbi Azərbaycan ənənəsindən mahiyyətcə fərqlənmir. Şəriət qaydalarına uyğun olaraq, türklər axirət dünyasına öncədən hazırlaşır, halal yaşayır, borc saxlamır, ailə, vərəsəlik məsələlərin həll edir, yas üçün tədarük görürlər. Ahıska turklərinin həyatını Novruz, Yılbaşı, Xıdırəlləz, Mövlud, Rəcəb, Qurban, Ramazan,  kimi bayramlar, «yığnax», «sıra türküsi», «sıra oyuni», «sıra masali», «fincan-yüzük», «süpürgə seyri» adlanan əyləncələr, aşıq məclisləri, nağıl gecələri süsləmişdir. Maraqlı adətlərdən biri də məşhur alim M.Y.Marrın təsvir etdiyi, danışıq yasağı – böyüklərin, yaşlı qohumların qarşısında danışığa qoyulan yasaqla bağlı “əl dili”dir (28, с.191-214)

Prof. Dr. Asif Hacılı