Doqquz ayda dövlət büdcəsinin mədaxili 12045,1 milyon manat, xərcləri 12783,7 milyon manat olub

Dövlət Sosial Müdafiə Fondunun gələn il üzrə büdcəsi məlum olub
Ekologiya və təbii sərvətlər naziri AmCham üzvlərini Şərqi Zəngəzur və Qarabağ İqtisadi zonalarında ətraf mühitin vəziyyəti və görüləcək işlərlə tanış edib
Dubayda Azərbaycan Ticarət Evi açılıb

2017-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12045,1 milyon manat, xərcləri 12783,7 milyon manat olub, 783,6 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Gəlirlər

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12019,0 milyon manat proqnoza qarşı 12045,1 milyon manat və ya 0,2 faiz çox icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1942,0 milyon manat və ya 19,2 faiz çoxdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5224,8 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1 faiz çoxdur.

Həmin vəsaitin 73,2 faizi və ya 3825,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 117,8 faiz əməl edərək dövlət büdcəsinə 1950,4 milyon manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 milyon manat və ya 17,9 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4300,0 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 275,0 milyon manat və ya 6,0 faiz azdır.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 246,7 milyon manat təşkil edib, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 milyon manat və 27,9 faiz çoxdur.

Digər daxilolmalar üzrə büdcəyə 323,2 milyon manat, bundan 250,0 milyon manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən transfert şəklində daxil olub.

2017-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 4320,3 milyon manat vəsait daxil olub.

Xərclər

2017-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,7 faiz və ya 12783,7 milyon manat icra olunub, bu isə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2161,5 milyon manat və ya 20,3 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq, cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,1 faizi və ya 4865,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 milyon manat və ya 7,8 faiz çoxdur.

Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 milyon manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 1666,1 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 milyon manat vəsait yönəldilib.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4590,0 milyon manat icra olunub.

Dövlət büdcəsinin kəsiri

Cari ilin doqquz ayında dövlət büdcəsində 738,6 milyon manat kəsir (defisit) yaranıb.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.

İcmal büdcə

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 17586,9 milyon manat, icmal büdcənin xərcləri isə 16972,4 milyon manat icra olunub, İcmal büdcənin artıqlığı 614,5 milyon manat təşkil edib.