Bakının əsas rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzinin binası Fransada kollec şagirdləri üçün riyaziyyat kitabının üz qabığını bəzəyir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin binası Fransada “Declic 2” riyaziyyat kitabının üz qabığı üçün seçilib. Binanın həndəsi fiqur formasında, sonsuzluq işarəsi formasında olması riyaziyyat kitabı üçün ideal üz qabığıdır.
Məşhur memar Zaha Hadidin şah əsəri olan Heydər Əliyev Mərkəzinin binası dünya ölkələrinin memarlıq inciləri sırasındadır.
Binanın memarlıq layihəsini ilk dəfə görəndə onun yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyi düşünülüb. Bu qeyri-adi, mürəkkəb quruluşlu binanın inşası hətta nəzəri cəhətdən reallıqdan uzaq sayılıb. Ancaq bu gün Mərkəz dünya memarlıq incisinə, Bakının rəmzinə çevrilib.
Yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda, davamlılığı, sonsuzluğu təcəssüm etdirən bina dünyada məşhurlaşıb.
Sahəsi 40 min kvadratmetr olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur-üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunub. Bu xüsusiyyətlərinə görə binanın riyaziyyat kitabının üz qabığı üçün seçilməsi təsadüfi olmadığı görünür.
AZƏRTAC