“Notizie geopolitiche” AŞPA-da Sərsəng su anbarı ilə bağlı qəbul olunmuş qətnamədən yazır

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ
Azad edilən ərazilərdə təmizləmə əməliyyatları sürətlə davam etdirilir
“Con Batçelor Şou”: Tərtər rayonundan reportaj

İtaliyanın “Notizie geopolitiche” xəbər portalında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Bosniya və Herseqovinadan olan deputat Melitsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzəsi üzrə qətnamə qəbul edilməsi kontekstində Ermənistan-Azərbaycan münaqişəsinin təhlil edildiyi məqalə yayılıb.

Məqalədə bildirilir ki, AŞPA-nın qış sessiyasında qəbul edilən bu qətnamə bir sıra məqamlara yenidən aydınlıq gətirdi. Belə ki, “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzə üzrə qətnamənin qəbulu ilə əslində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı bir daha təsdiqlənmiş oldu.

Məruzədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmamasının bütün ətraf ərazilər üçün təhlükə yaratdığı, anbarın baxımsız vəziyyətdə qalmasının çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxaracağı qeyd olunur.

Məruzənin bütün müddəalarının təhlil olunduğu yazıda Milli Məclisin deputatları Rasim Musabəyovun və Asim Mollazadənin məsələyə dair fikirləri də yer alıb. A.Mollazadə qeyd edib ki, M.Markoviçin qətnaməsi Azərbaycanın hüquqlarının müdafiəsi baxımından önəmli addımdır və Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirdiyi təcavüzkar siyasəti pisləyir. R.Musabəyov isə Sərsəng su anbarının uzun illərdir baxımsız qalmasının çox təhlükəli nəticələr verə biləcəyini və bunun günahkarının Ermənistan olduğunu bildirib.

Yazıda Fransa Senatının Yuxarı Palatasının senatoru Natali Qulenin də məsələ ilə bağlı fikirləri yer alıb. O vurğulayıb ki, AŞPA-da qəbul olunmuş bu qətnamə təcavüzkarın kim olduğunu aydın şəkildə göstərir və Ermənistanın həm tarixi, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən yanlış yolda olduğunu nümayiş etdirir. Belə bir sənədin qəbulu işğal olunmuş Azərbaycan ərazilərinə münasibətdə tarixi hüquqların beynəlxalq səviyyədə tanınması istiqamətində növbəti addımdır.

Yazıda, həmçinin qeyd olunur ki, AŞPA-nın yeni sədri Pedro Aqramunt Avropanın hələ də həll edilməmiş münaqişələrlə, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı çağırışlarının olduğunu bildirib və çıxış yolu tapmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.