Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!
AZƏRTAC xəbər verir ki, bu fikirləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində söyləyib.
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”, – deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik: “O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.