“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə reallaşdırılan “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2” (SPERA 2) birgə proqramı çərçivəsində icra etdiyi “Sosial cəhətdən gücləndirilmə və davranış dəyişikliyinə kömək etməyi təmin edəcək psixoloji və psixo-sosial dəstək” layihəsinin ictimai hesabatlılığı və keçmiş məhkumların sosial adaptasiya sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirdi. Tədbirdə bu sahədə fəaliyyət göstərən dövlət qurumları və QHT təmsilçiləri iştirak edirdi. Təşkilat rəhbəri Rafik İsmayılov və layihə komandası tədbir iştirakçılarına qeyd olunan layihə çərçivəsində görülən işlər barədə geniş məlumat verdilər. Bildirildi ki, layihənin icra olunduğu 9 ay ərzində “həbsdən ailəyədək psixo-sosial dəstək” prinsipi əsasında 162 məhkuma psixoloji, 196 məhkuma sosial xidmətlər göstərilmiş, 27 keçmiş məhkum ailəsi ilə (regionlarda) iş aparılmış, 21 nəfər 3 ay müddətinə sığınacaqda yerləşdirilmiş, yaşayış yeri təmin edilmiş, 14400 nəfər məhkumla azadlığa hazırlanma və layihəyə cəlb edilmə məqsədilə məlumatlandırma sessiyaları keçirilmişdir.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Probasiya Xidməti, Dövlət Məşğuluq Agentliyi, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi və digər bu sahədə fəaliyyət göstərən dövlət qurumları təmsilçiləri “Penitensiar müəssisələrdən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında” qanundan irəli gələn öhdəliklərin icrası vəziyyətindən, habelə QHT sektoru ilə ölkədə təkrar cinayətkarlıq statistikasının azaldılmasına yönəlik birgə fəaliyyətin zəruruiliyindən danışdılar. Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Probasiya Xidməti Musa Hümbətov bildirdi ki, şərti cəza müddətində olan məhkumlar üçün psixo-sosial yardım tədbirlərinin keçirilməsi residivliyin və cinayət törətmiş şəxslərin cəmiyyətə reinteqrasiya olunması baxımından vacibdir. Dövlət qurumlarının nümayəndələri bu sahədə əməkdaşlığa hazır olduqlarını və vətəndaş cəmiyyəti instutları ilə gələcəkdə də, birgə sosial problemlərin həllində fəaliyyət göstərmək niyyətlərini vurğuladılar. Qeyd olundu ki, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi və Ədliyyə Nazirliyinin Probasiya Xidməti layihə çərçivəsində əməkdaşlığın davamlılığının təmin olunması və rəsmiləşdirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması niyyətindədirlər. Digər tədbir iştirakçıları da görülən işlərin vacibliyi və əhəmiyyətindən danışaraq bir sıra önəmli təkliflər səsləndirdilər.
08.10.2021