Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın payız sessiyası barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, Səməd Seyidov bu sessiyanın digər sessiyalardan fərqli olaraq o qədər də asan keçmədiyini bildirdi. O dedi ki, səbəb təkcə Azərbaycanla bağlı sənədlərin müzakirəsi deyildi, ümumiyyətlə, sessiyanın bir neçə günü Azərbaycana həsr olundu. Sual olunur. Buna nə ehtiyac var idi? Nəyə görə Azərbaycanla bağlı məsələlər gündəmə gətirildi? Bütün bunlar bizə aydındır. Avropa Şurasının özündə gedən proseslər ona dəlalət edir ki, onlar bu gün əslində hansısa bir ölkəni hədəf alaraq öz niyyətlərini həyata keçirirlər. Azərbaycandan başqa monitorinq altında olan ölkələr də var, lakin həmin ölkələrə bu cür yanaşılmır. Görürük ki, burada Azərbaycan bir hədəf kimi seçilib. Ölkəmizlə bağlı məlum qərəzli qətnamələrin qəbul olunması prosesində Azərbaycana mənfi münasibət bəsləyən, hətta nifrət edən deputatlar əsassız iddialar səsləndirdilər. Keçirilən iclaslar zamanı çıxış edən şəxslər qəbul edilmiş sənədlərə elə əlavələr edirlər ki, bunlar, ümumiyyətlə, həqiqəti əks etdirmir. Bu gün Avropa Şurasının baş katibi ən yüksək dəyərləri – insan haqlarını, demokratiyanı alətə çevirərək Azərbaycana qarşı təzyiq göstərir. Bir milyon qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarına etinasızlıq Azərbaycana qarşı ən böyük ədalətsizlikdir.