Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Zəfərlə başa çatmış Vətən müharibəsi nəticəsində Azərbaycanın Qarabağ bölgəsindəki su ehtiyatları yenidən özünə qaytarıldı
AVCİYA-nın vitse prezidenti Məhərrəm Zülfüqarlının ikinci kitabı Avropa dillərində yayımlanıb

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub.

Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verdi ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.

Onu da qeyd edək ki, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.“Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası istifadəyə verilib .

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yarımstansiya barədə məlumat verdi.

Bildirildi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonunun elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən genişmiqyaslı işlər həyata keçirilib. Elektroenergetika infrastrukturu tamamilə dağıdılmış Zəngilan rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından ümumi uzunluğu 110 kilometr olan ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yarımstansiya binası müasir avadanlıqla təchiz olunub, 25 MVA gücündə 2 transformator quraşdırılıb. Gələcəkdə şəbəkənin genişləndirilməsi nəzərə alınaraq lazımi infrastruktur yaradılıb. Burada mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub ki, bu da yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunmasına və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsinə imkan verir.

Qeyd edək ki, işğala qədər 40 min nəfərdən çox əhalisi olan Zəngilan rayonunun ümumi enerji tələbatı orta hesabla 7 MVt olub. Hazırda ərazisində hava limanı, qızıl, mis yataqları, dağ-eko, aqro və mədəni turizm, “Ağıllı şəhər”, “Ağıllı kənd” də daxil olmaqla qeyri-əhali abonentlərin və 50 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Zəngilanda 2040-cı il üçün elektrik enerjisi tələbatının 40 MVt-dan artıq olacağı gözlənilir. Məhz bu səbəbdən də Zəngilan rayonunun və ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonunun gələcək inkişaf istiqamətləri nəzərə alınaraq artacaq güc tələbatlarının qarşılanması məqsədilə yeni çəkilən 110 kV-luq ikidövrəli elektrik verilişi xəttinin gücötürmə qabiliyyəti 150-160 MVt-dır. “Zəngilan” yarımstansiyası, ilk növbədə, Zəngilan rayonunda yerləşən hərbi hissələri, sərhəd xidmətinin obyektlərini, bir sıra infrastruktur layihələri həyata keçirən müxtəlif dövlət strukturlarının, yol-tikinti şirkətlərinin obyektlərini elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyev “Zəngilan” yarımstansiyasını işə saldı.

AZƏRTAC