ABŞ hakimiyyəti Dağlıq Qarabağda atəşkəsin pozulması barədə məlumatlardan narahatdır. Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.
O deyib: “Biz son günlər Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması, eləcə də zərərçəkənlər barədə məlumatlardan narahatıq. ABŞ əvvəlki kimi Azərbaycan və Ermənistanı problemin ATƏT-in Minsk qrupunun himayəsi altında sülh yolu ilə həllinə cağırır. Biz hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlar prosesində iştiraka çağırırıq”.
C.Psaki qeyd edib ki, bu məsələ əvvəlki kimi ABŞ-ın diqqət mərkəzindədir.
Öz növbəsində Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bəyan edib ki, Dağlıq Qarabağda gərginliyin eskalasiyası münaqişənin sülh yolu ilə həllinə imkan verməyəcək.