ATƏT-in iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı məsələ qaldırılıb

Azad edilən ərazilərdə təmizləmə əməliyyatları sürətlə davam etdirilir
Rəcəb Tayyib Ərdoğan: İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb
Məhərrəm Zülfüqarlı: Ermənistanı müdafiə edən insan haqları təşkilatından ədalət gözləməyə dəyməz

ATƏT-in Daimi Şurasının Vyanada keçirilən növbəti iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər barədə məsələ qaldırılıb.

Ölkəmizin ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov bildirib ki, ATƏT-ə üzv ölkələrdən, xüsusilə, ABŞ, Kanada və bir sıra Avropa İttifaqı ölkələrindən olan fiziki və hüquqi şəxslər beynəlxalq hüququ pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi və digər fəaliyyətlərlə məşğul olurlar. Erməni mətbu orqanlarının məlumatlarından da bu fəaliyyətlərin xarici özəl qurumlar tərəfindən maliyyələşdirilməsinin davam etdirildiyi görünür.

Azərbaycan diplomatı beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvləri kimi ABŞ, Kanada və Avropa İttifaqı ölkələrini bu fəaliyyətlərə son qoymağa çağırıb. Daimi nümayəndə vurğulayıb ki, işğal edilmiş ərazilərdə həyata keçirilən iqtisadi və digər fəaliyyət beynəlxalq hüququn imperativ normalarının pozuntusudur və buna görə də hər bir dövlət bu cür pozuntu nəticəsində yaranmış vəziyyəti tanımamaq, eləcə də bu vəziyyətin davam etdirilməsinə hər hansı formada yardım göstərməmək məsuliyyəti daşıyır. Azərbaycan nümayəndəsi ATƏT-in iştirakçı dövlətlərinə, xüsusilə ABŞ, Kanada və Aİ-nin üzvü olan dövlətlərə özəl sektorun fəaliyyəti zamanı insan hüquqları üzrə beynəlxalq öhdəliklərə əməl edilməsi məsuliyyətini xatırladaraq, onları azərbaycanlı məcburi köçkünlərin işğal edilmiş ərazilərdəki mülkiyyət hüquqlarının pozuntusu olan iqtisadi və digər fəaliyyətə son qoyulması üçün zəruri tədbirlər görməyə çağırıb.

Elgün Niftəli, AZƏRTAC-ın xüsusi müxbiri

Vyana