Oktyabrın 18-də İtaliya Senatında keçirilmiş Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 illiyinə həsr edilmiş konfrans çərçivəsində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İtaliyanın “Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marciglianoya müsahibə verib. Müsahibə İtaliyanın nüfuzlu “İl Giornale” qəzetində dərc edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Azərbaycanın Avropa İttifaqı və İtaliya ilə əməkdaşlığının inkişaf perspektivlərinə toxunulub.
Azərbaycanın Avropa ilə sıx bağlılığının olduğunu bildirən H.Hacıyev ölkəmizin terrorizmin, qanunsuz miqrasiyanın, ekstremizmin və radikalizmin qarşısının alınmasında oynadığı mühüm roldan, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışıb. Azərbaycanın Avropa İttifaqı, o cümlədən İtaliyanın tərəfdaşı olduğunu bildirib. Mətbuat xidmətinin rəhbəri Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin yekunlaşdırılması üzrə intensiv danışıqların aparıldığını və bu sazişin qarşıdan gələn illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün mühüm çərçivə rolunu oynayacağını qeyd edib.
Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı sualı cavablandıran H.Hacıyev bütün beynəlxalq ictimaiyyət kimi regiondakı vəziyyətin Azərbaycanı da narahat etdiyini qeyd edib. O, regionda sabitliyin təmin olunması üçün uzun sürən münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə köklü həllinin tapılmasının zəruriliyini qeyd edib. Bildirib ki, dövlətlərin daxili işlərinə qarışmağı və idarəçilik sistemini zorakı yollarla dəyişməyi nəzərdə tutan siyasi eksperimentlərə son qoyulmalı, dinlərarası və mədəniyyətlərarası dialoq təşviq edilməlidir.
XİN rəsmisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atıla biləcək addımlar və bu xüsusda İtaliyanın töhfəsinə dair sualı cavablandıraraq bildirib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları və atılmalı olan addımlar bəllidir. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Münaqişənin həllinə İtaliyanın töhfəsinə gəldikdə isə, o deyib ki, İtaliyanın Trentino-Alto Adige muxtar region modeli Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ regionunun muxtar statusu üçün öyrənilməli olan uğurlu modellərdən biri ola bilər və İtaliyanın ATƏT-in Minsk qrupunda üzvlüyünü və gələn il ATƏT-ə sədrliyini nəzərə alaraq, Minsk qrupu çərçivəsində də bu modelin öyrənilməsi və İtaliyanın təcrübəsinin bölüşülməsi çox faydalı olardı.
Müsahibə əsnasında H.Hacıyev Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi kimi məsələlərə də toxunub.