Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Berlin landtaqının deputatı Andreas Ştatskovskinin seçki dairəsində yerləşən ofisində (“Bürgerbüro von Andreas Statzkowski”) keçirilmiş tədbirin qonağı olub.
AZƏRTAC xəbər verir ki, Almaniyanın hakim Xristian-Demokratlar İttifaqı (CDU) partiyasının üzvü olan A.Ştatskovski Berlinin qabaqcıl iqtisadi və mədəni bölgəsi olan Şarlottenburq-Vilmersdorf rayonundakı Vestend seçki dairəsindən seçilmiş deputatdır. O, seçki dairəsindəki ofisində CDU-nun Şarlottenburq-Vilmersdorf rayon şöbəsinin üzvləri və Vestend seçki dairəsinin sakinləri üçün tədbirlər təşkil edir. Bu sıradan növbəti tədbir Azərbaycana həsr olunub.
Tədbirdə deputat A.Ştatskovski iştirakçılara ölkəmizlə bağlı məlumat verib, Azərbaycanı inkişaf edən Avropa ölkəsi adlandırıb.
Sonra SOCAR-ın hazırladığı Azərbaycana dair qısametrajlı film nümayiş etdirilib.
Daha sonra səfir Ramin Həsənovun Azərbaycanın xarici siyasəti və təhlükəsizlik məsələləri ilə bağlı mövqeyi, eləcə də ölkəmizin Avropa İttifaqına üzv dövlətlər, o cümlədən Almaniya ilə əməkdaşlığına dair məruzəsi dinlənilib.
Diplomat məruzəsində Azərbaycanın müstəqillik tarixinə toxunaraq, respublikamızın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edib. O, müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin həmin dövrdə mütərəqqi dövlətçilik təsisatları qurduğunu, qadınlara seçki, ölkədə yaşayan milli azlıqlara parlamentdə təmsil olunmaq hüquqları verdiyini diqqətə çatdırıb.
R.Həsənov 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyası sayəsində dünya, o cümlədən Avropa ölkələri, eləcə də aparıcı enerji şirkətləri ilə uğurlu əməkdaşlıq qurduğunu və regional işbirliyinə böyük töhfə verdiyini qeyd edib. Bu əməkdaşlıq sayəsində ölkəmizin hazırda etibarlı tərəfdaş kimi qəbul olunduğunu, xarici investorları və tərəfdaşları regiona cəlb etdiyini, bir sıra transregional layihələri müvəffəqiyyətlə həyata keçirdiyini və hazırda Cənub Qaz Dəhlizi kimi nəhəng layihəni reallaşdırmaqda olduğunu bildirib.
Səfir Cənub Qaz Dəhlizinin regionda inkişafa və əməkdaşlığa töhfəsini, eləcə də Avropanın enerji təchizatında və onu təmin edən mənbələrin şaxələndirilməsində rolunu vurğulayıb. Bildirib ki, TANAP və TAP layihələri üzrə işlərin xeyli hissəsi başa çatıb. İnfrastrukturun tam hazır olmasından sonra Azərbaycan qazı ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin qaz ehtiyatlarının Avropa bazarına çıxarılması üçün əlverişli şərait yaranacaq. Almaniyanın “Uniper” enerji şirkəti də Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazını Avropa bazarına çıxaracaq.
Diplomat mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın müstəqil siyasət yürütdüyünü və Ermənistan istisna olmaqla bütün qonşuları ilə dostluq və əməkdaşlıq münasibətləri qurduğunu bildirib. Qeyd edib ki, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixən müxtəlif dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Buna görə də ölkəmiz yaşı min illərlə ölçülən multikulturalizm və tolerantlıq ənənələrinə sahibdir. Milli mədəniyyətimizdə və kimliyimizdə əksini tapan bu müxtəliflik və dözümlülük Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasət yürütməsi üçün əlverişli zəmin yaradıb. Azərbaycan müxtəlif geosiyasi məkanlarda yerləşən qurumlarla və ölkələrlə müvəffəqiyyətlə əməkdaşlıq edir.
Bildirilib ki, ölkəmiz bütün qonşuları ilə konstruktiv əməkdaşlıq edir. Azərbaycanın yalnız ölkəmizə hərbi təcavüz etmiş və beynəlxalq hüquqa zidd olaraq torpaqlarımızı hələ də işğal altında saxlayan Ermənistan ilə münasibətləri gərgindir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin Dağlıq Qarabağ və ətraf rayonları qonşu Ermənistan tərəfindən işğal edilib. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində indiyədək heç bir irəliləyiş əldə olunmayıb.
Münaqişənin həlli imkanlarına toxunan səfir bunun yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı əsasında mümkün olduğunu, Ermənistanın rəhbər tutduğu xalqların öz müqəddəratını təyinetmə hüququnu təhrif etdiyini bildirib. Dağlıq Qarabağın müstəqil olmasının və ya Ermənistana birləşdirilməsinin beynəlxalq hüquqla mümkün olmadığı və Azərbaycanın bunu heç vaxt qəbul etməyəcəyi xüsusi vurğulanıb.
Azərbaycan-Almaniya münasibətlərindən danışan R.Həsənov təxminən 200 il əvvəl Şərqə üz tutmuş şvab almanlarının ölkəmizdə məskunlaşdıqlarını bildirib. O, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, tədbirlər planının hazırlandığını, hər iki ölkədə bir sıra tədbirlərin keçirildiyini və bunun davam etdiyini diqqətə çatdırıb. Azərbaycanda alman irsinin dövlət səviyyəsində qorunduğu və təşviq olunduğu, bu irsin və xalqlarımız arasındakı tarixi bağların bugünkü münasibətlər üçün möhkəm baza yaratdığı bildirilib.
Səfir iki ölkə arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun olduğunu, dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya səfərlər etdiyini diqqətə çatdırıb. O, Azərbaycan-Almaniya iqtisadi münasibətlərinə dair faktları diqqətə çatdırıb, iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün böyük potensialın olduğunu qeyd edib.
Məruzədə, həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib, xarici sərmayədarlar üçün cəlbedici investisiya mühitinin yaradıldığı bildirib. Qeyd olunub ki, ölkəmiz enerji ilə yanaşı, nəqliyyat və İKT sahələrində də regional layihələr həyata keçirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün mühüm işlər görür, tarixi “İpək Yolu”nun bərpası üzrə həyata keçirilən layihələrə fəal dəstək verir. Azərbaycanda sənaye ilə yanaşı, turizm, kənd təsərrüfatı, səhiyyə və s. sahələrin inkişafı da prioritet məsələdir. Bütün bunlar xarici, o cümlədən alman şirkətlərinin ölkəmizlə əməkdaşlığı üçün yeni imkanlar açır.
R.Həsənov Azərbaycan ilə Almaniya arasında təhsil sahəsində də intensiv əməkdaşlığın mövcud olduğunu, bu ölkənin ali məktəblərində çoxlu sayda azərbaycanlı gəncin təhsil aldığını bildirib. O, alman dilinin Azərbaycanda həm orta, həm də ali təhsil ocaqlarında tədris olunduğunu, ölkəmizdə Göte Mərkəzinin açılmasının ikitərəfli münasibətlərin gələcəyi üçün yaxşı imkan yaratdığını vurğulayıb.
Mühazirədən sonra səfir Azərbaycanın Rusiya, İran, Türkiyə ilə münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə gender məsələləri, respublikamızın turizm imkanları barədə iştirakçıların suallarını cavablandırıb.
Vüqar Seyidov, AZƏRTAC-ın xüsusi müxbiri
Berlin