Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər 

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Dövlət Miqrasiya Xidməti xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar əcnəbilərə müraciət edib
Avropa Parlamentinin yeni prezidenti seçilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, komplekslə tanışlıq zamanı prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırdılar.

Jurnalist: Xeyirli-uğurlu olsun.

Prezident İlham Əliyev: Salam.

Jurnalist: Bir il əvvəl gələndə də açılış var idi.

Prezident Rəcəb Tayyib Ərdoğan: O vaxt daha yeni təməllər qoyulurdu. Baxın, indi necə olub?

Jurnalist: Yaşıl sahəyə çevrilib.

Prezident Rəcəb Tayyib Ərdoğan: Heyvanlar da gətirildi xaricdən. Həm bunları çoxaldırlar, həm də kəsim aparılır. Abdulkadir də burada məsul şəxsdir.

Jurnalist: Cənab Prezident, kompleks daha da böyüyəcəkmi?

Prezident İlham Əliyev: Abdulkadir bəydən asılıdır.

Prezident Rəcəb Tayyib Ərdoğan: Rəhbər odur, o, necə istəsə, elə də olacaq.

Abdulkadir: Təbii ki, böyüyəcək. İnşallah, Laçında davam edəcəyik.

Prezident İlham Əliyev: Təbii ki, böyüməlidir. Çünki cəmi bir il ərzində belə böyük işin görülməsi artıq gözəl bir nümunədir.

Prezident Rəcəb Tayyib Ərdoğan: Dünya artıq kənd təsərrüfatına, heyvandarlığa yönəlib. Başqa çarələri yoxdur.

Prezident İlham Əliyev: Keçən il biz burada idik. Boş bir sahə idi, heç nə yox idi. Keçən ilin oktyabr ayında təməlini qoyduq. İndi baxın, bir il keçib, görün, nə qədər gözəl işlər görülüb.

Jurnalist: Bundan sonra hava limanı harada açılacaq?

Prezident İlham Əliyev: Laçında.

Jurnalist: Nə zaman açılacaq?

Prezident İlham Əliyev: 2024-cü, yaxud 2025-ci ildə ola bilər.

Prezident Rəcəb Tayyib Ərdoğan: O qədər də uzatma.

Prezident İlham Əliyev: Çünki orada bir dənə də düz yer yoxdur. Böyük torpaq işləri görməliyik. Çünki uçuş-enmə zolağını salmaq üçün biz dağları kəsirik. Odur ki, əsas vaxt ona gedir. Hələ ki, inşaat işləri başlanmayıb. Hələ biz bir il o dağları kəsə-kəsə gedirik. İnşallah, iki ildən, bəlkə də iki il yarımdan sonra Laçında da hava limanı olacaq. İnşallah, Qardaşım da gələcək, bərabər açacağıq.

Prezident Rəcəb Tayyib Ərdoğan: İnşallah.

Sonra dövlət başçıları komplekslə tanış oldular.

Məlumat verildi ki, layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Hər iki prezidentin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Dost Aqropark”ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış heyvanlardan alınan ət məhsullarının paketlərinin üzərinə “Made in Qarabağ” etiketlərinin ilk nümunələrini vurdular.

Dövlət başçıları “Dost Aqropark”ın nəzdində yaradılan Zəngəzur Ağır Atletika Klubunun açılışında da iştirak etdilər. Açılış mərasimində Türkiyənin və Azərbaycanın ağır atletika üzrə milli komandalarının üzvləri, klubun həvəskar idmançıları prezidentlərlə söhbət etdilər.

Diqqətə çatdırıldı ki, “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdiriləcək. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.

Qeyd edək ki, “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb.

Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.

X X X

Daha sonra konsert proqramı təqdim edildi və kompleks barədə videoçarx nümayiş olundu.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış etdilər.

Prezident İlham Əliyev dedi:

– Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür. Qardaş ölkənin sayın Cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdır.

Əziz qardaşımı və onunla bərabər Azərbaycana gəlmiş bütün türk bacı-qardaşlarımızı səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz!” deyirəm. Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada “Aqropark”ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir.

Burada qeyd olundu ki, bu gün Zəngilan üçün xüsusi bir gündür. Düz iki il bundan əvvəl oktyabrın 20-də Zəngilan şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmişdir. Zəngilanın 27 illik işğalı sona çatmışdır. Məhz bu gündə Zəngilanda olmağınız, əziz qardaşımla bərabər Zəngilan Hava Limanının və bu “Aqropark”ın açılışını etməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır. Bu “Aqropark”ın yaradılmasında əməyi olan hər bir kəsə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Burada qeyd olundu ki, bu, birinci özəl sərmayədir. Artıq bu “Aqropark”ın genişləndirilməsi və digər rayonlarda bu kimi aqroparkların yaradılması bu gün də müzakirə edilmişdir. Xeyirli olsun, uğurlu olsun!

X X X

Prezident Rəcəb Tayyib Ərdoğan dedi:

– Hörmətli qardaşım İlham Əliyev ilə birlikdə bir il əvvəl burada bu “Aqropark”ın təməlini qoymuşduq. İndi qardaşımla birlikdə görülən işləri, qoyulan sərmayəni bu gün birlikdə gözlərimizlə gördük. İndiyədək təxminən 3 min baş cins qaramalın buraya gətirilməsini və bunun, İnşallah, hədəf olaraq 10 min başa çatdırılmasını, haradan-haraya deyərək müəyyən etdik.

Müharibəni görmüş və bu müharibə nəticəsində insanların yaşayışı üçün tamamilə yararsız hala salınmış bu yerlər indi bərəkətli torpaqlara çevrilib. Gələrkən İlham qardaşımla bu barədə danışdıq, indi qısa vaxtda – iki-iki il yarım ərzində su anbarını da inşa edəcəyik dedi. Bu anbar sayəsində buralar daha bərəkətli torpaqlara çevriləcək. Bu bərəkətli torpaqlarda, İnşallah, heyvandarlıqla yanaşı, buğda, qarğıdalı, arpa yetişdiriləcək.

Səhv etmirəmsə, Yunus Əmrə şeirlərinin birində yazırdı ki, Allah bir buğda dənəsindən, bir sünbüldən yüz minlərlə dənə yaradır. İndi burada da bunun bənzərini görəcəyik. Bu sünbüllər, İnşallah, dənələrə çevriləcək və buradan Azərbaycana, Türkiyəyə və bütün dünyaya göndəriləcək. Bunu unutmayaq, artıq heyvandarlığın, kənd təsərrüfatının dünyada mühüm yer tutmalı olduğu bir zamana giririk. Əminəm ki, İlham qardaşım bu sahədə çox önəmli bir addım atır, bunu reallaşdırır. Bura artıq bir taxıl anbarı, heyvandarlıq baxımından bir bərəkət tarlası və bir çox ölkənin də, İnşallah, qapısını döyəcəyi bölgəyə çevriləcək.

Mən başda İlham qardaşım olmaqla “Dost Aqropark”ın rəhbərlərinə çox-çox təşəkkür edirəm, onları təbrik edirəm.

İnşallah, bu torpaqların bərəkətli torpaqlar olaraq əbədi qalmasını diləyirəm.

Gördüyünüz kimi, indi əlimdə qızıl qulplu qayçı var. Bu, ikincidir. Hava limanını açarkən bir dənə aldıq, birini də indi aldıq. Aqroparkımız xeyirli olsun.

x x x

Daha sonra dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsdilər.

AZƏRTAC