İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Erməni işğalçıların viran qoyduğu yurd yerlərimiz

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi:

– Hörmətli qonaqlar, xanımlar və cənablar, Qarabağa, Şuşaya xoş gəlmisiniz.

Mən çox şadam ki, sizi bu gün burada görürəm, çox sağ olun bizim dəvətimizi qəbul etmisiniz və Şuşa Qlobal Media Forumunda iştirak edirsiniz. Bu, bizim ölkəmiz üçün və əlbəttə, Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir.

Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib və nəhayət bu gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər öz kimliyini qoruya bilmişdir. Baxmayaraq ki, işğal dövründə o, məqsədli şəkildə, qəsdən dağıdılmışdır.

Mən hesab edirəm ki, uzun nitq söyləməyim, birbaşa müzakirələrə keçək və sizi maraqlandıran suallara cavab verəcəyəm. Mən burada nitqimi dayandırıram və sözü moderatora verirəm.

Moderator: Zati-aliləri, icazə verin, əvvəlcə, Sizə təşəkkür edim ki, bu gün bizimlə bir yerdəsiniz. Xanımlar və cənablar, cənab Prezident qeyd etdiyi kimi, müxtəlif fikir mübadiləsi aparmaq üçün buradayıq.

Cənab Prezident, icazənizlə biz iştirakçılardan suallar qəbul edəcəyik. Məlumat vermək istəyirəm ki, bəzi iştirakçılar öz suallarını artıq əvvəlcədən təqdim ediblər ki, vaxta qənaət edək. Mən onları bir-bir səsləndirəcəyəm. Ancaq iştirakçılardan xahiş edirik ki, sualları olduqca onu cənab Prezidentə təqdim etsinlər.

Cənab Prezident, icazənizlə başlaya bilərikmi?

TRT World, Türkiyə – Bora Bayraktar, buyurun.

Bora Bayraktar: Cənab Prezident, dəvətə görə təşəkkür edirəm. Mənim sualım Qarabağ Zəfəri ilə bağlıdır. Bilirik ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Əlbəttə, bu əlaqələrdə liderlərin şəxsi münasibətləri müstəsna əhəmiyyətə malikdir. Biz bilirik ki, Zati-alinizin Türkiyə Prezidenti cənab Ərdoğanla çox gözəl münasibəti var və bu xüsusi münasibətin Qarabağın azad olunmasında xüsusi rolu olmuşdur.

Cənab Prezident, Türkiyə Prezidenti artıq növbəti beş illiyə prezident seçilibdir. Bu, o deməkdir ki, Siz növbəti beş il ərzində də bir yerdə çalışacaqsınız. Zənnimcə, bu, çox gözəl bir fürsətdir. Cənab Prezident bu növbəti beş ildə Sizin prioritetləriniz nədən ibarət olacaqdır? Yəni, zənninizcə, biz bir yerdə nələri etməliyik, Türkiyə ilə əməkdaşlıq baxımından ən aktual məsələlər hansılardır?

Prezident İlham Əliyev: Tamamilə haqlısınız, bizim Prezident Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi.

İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Həmin Bəyannamə bu mehmanxanadan bir neçə yüz metr kənarda imzalanıb və münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırıb. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır. Baxmayaraq ki, bundan öncə də Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Yəni, əməkdaşlığın yüksək səviyyədə olmadığı sahəni tapmaq çətindir. Qardaşım Prezident Ərdoğanın yenidən seçiləcəyinə mənim şübhəm yox idi. Çünki onun hakimiyyətdə olduğu 20 il ərzində Türkiyə üçün etdiyi öz xalqına və ölkəsinə sadiqliyin təzahürüdür. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Əlbəttə, Azərbaycanda elə bir adam tapmaq çətin olar ki, seçkilərin nəticəsindən məmnun olmasın. Əlbəttə ki, növbəti beş il ərzində biz sıx tərəfdaşlığımızı davam etdirəcəyik, dünya dəyişir, regionda vəziyyət dəyişir. Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.

Bildiyiniz kimi, Prezident Ərdoğan seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana edibdir. Bu, ənənədir. Mən də yenidən seçilərkən ilk səfərimi Türkiyəyə etmişdim. Bundan əlavə, bildiyiniz kimi, mən Prezident Ərdoğanın inauqurasiya mərasimində iştirak etdim və orada da biz gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik. Əlbəttə, mən bütün məsələləri açıqlamaq istəməzdim, ancaq bu, məlumdur ki, qarşıdan gələn illərdə Türkiyə və Azərbaycan regionda daha önəmli rol oynayacaqdır. Əlbəttə ki, bu potensialdan istifadə edəcəyik ki, ölkələrimizi daha da yaxınlaşdıraq.

Moderator: ABŞ-dan olan jurnalist Ceyms Flu.

Ceyms Flu: Təşəkkür edirəm cənab Prezident, mənim sualım Azərbaycana qarşı olan təhlükələrlə bağlıdır. Siz ölkənizlə bağlı ən əsas təhlükələri nədə görürsünüz?

Prezident İlham Əliyev: Bilirsiniz, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Birincisi, daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Mən rəqəmlərə varmaq istəməzdim, ancaq maraqlansanız görərsiniz ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk. Bu baxımdan keçmişdə bizə olan təhlükə məhz Ermənistan və onun işğalı ilə bağlı idi. Həmin təhlükə 30 il ərzində məhz buradan qaynaqlanırdı və artıq biz bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, biz keçmişimizi unutmamalıyıq. Biz unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Eyni zamanda, biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna, əlbəttə ki, ehtiyac var. O da bizim tariximizdən qaynaqlanır və biz görürük ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. Bunu deyərkən, əlbəttə, biz gələcəkdə yarana biləcək təhlükələri istisna etməməliyik, çünki dünya və bizim regionumuz bu gün çətin proqnozlaşdırılır. Ancaq hazırda xaricdən qaynaqlanan təhlükə səviyyəsi o qədər də yüksək deyil. Yəqin, bu, ona görədir ki, biz həmin təhlükənin öhdəsindən gələ bilirik.

Mixail Qusman: İcazənizlə sual vermək istəyirəm. Adım Mixail Qusmandır. Mən TASS agentliyini təmsil edirəm.

Hörmətli cənab Prezident, bir ildən bir az çox müddət əvvəl – fevralın 23-də biz TASS agentliyində həmkarlarımızla birlikdə Sizi salamlamaq şərəfinə nail olmuşduq, indi onların bir neçəsi Rusiya KİV-lərinin rəhbərləri ilə birgə bu zaldadır. Bu, Sizin Rusiya Prezidenti ilə Moskva Bəyannaməsini imzalamanızdan sonra ertəsi gün olmuşdu. Bir ildən artıq vaxt keçib. Dünya daha çox turbulent vəziyyətindədir. Azərbaycan qalib olduğu 44 günlük müharibədən sonra ardıcıl iş aparır, lakin hələ ki, Ermənistanla sülh bağlamaq mümkün olmur. Rusiya xüsusi hərbi əməliyyat aparır. Hər halda, Siz imzaladığınız bu Memorandumun inkişafını necə qiymətləndirirsiniz? O, necə yerinə yetirilir? Onun perspektivləri necədir? Fevralın 22-də Moskvada imzalanan bu Memorandumun reallaşdırılmasında problemlər varmı?

Mənim daha bir sualım olacaq. Sağ olun.

Prezident İlham Əliyev: Zənnimcə, ötən ilin fevralında imzalanan Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. Bəyannamə özündə müstəqilliyin ayrı-ayrı dövrlərində müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixini ehtiva edir. Bu, həqiqətən də belə olub, çünki iki ölkə tərəfindən görülən işin həcminə nəzər salsaq, görmək olar ki, hər iki tərəf əlaqələrin möhkəmlənməsini və konkret nəticələrə əsaslanan əməkdaşlığı hədəf götürüb.

Biz sizinlə bu münasibətlərin dərinliyini yaxşı bilirik və qarşılıqlı fəaliyyətimizin sahəsi kifayət qədər genişdir. Uzun illər Rusiyanın vasitəçi qismində mühüm rol oynadığı, həmçinin hərbi əməliyyatların dayandırılmasında mühüm rol oynadığı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin, məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması bu sahələrdən biri olub.

Biz o günləri yaxşı xatırlayırıq. Məhz Rusiya tərəfi Ermənistan və Azərbaycan arasında, – mən rəhbərlik arasında nəzərdə tuturam, – 2020-ci il noyabrın 9-da, Üçtərəfli Bəyanatın razılaşdırılmasının getdiyi bir vaxtda həmin birləşdirici rolu oynamışdı. Bu səbəbdən də Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması möhkəm təmələ malik idi.

İmzalanmadan sonrakı dövrə gəlincə, bu dövr sülh üçün, regionumuz üçün, o cümlədən Rusiya və bizim üçün tamamilə yeni dövrdür. Lakin buna və geosiyasi vəziyyətin bu cür ciddi dəyişikliyinə baxmayaraq, Bəyannamə imzalanan andan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı kifayət qədər uğurlu olub. Yüksək səviyyədə xeyli təmaslar olub, hökumət başçıları, xarici siyasət qurumları və digər hökumət və ictimai strukturların təmsilçiləri səviyyəsində təmaslar olub. Buna görə də mən əminliklə deyə bilərəm ki, Bəyannamənin maddələri yerinə yetirilir. Başlıcası odur ki, rəhbərliklər səviyyəsində siyasi iradə mövcuddur. Burada media nümayəndələrinin təmsil olunmasından və sizin sabah və birigün həm əməkdaşlığı, həm də problemli məsələləri müzakirə edəcəyinizlə bağlı fürsətdən istifadə edərək demək istəyirəm ki, Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə gördüyümüz o kiçik nahamarlıqlar Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmir.

Biz bunu dəqiq bilirik. Lakin bu, həmçinin necə deyərlər, media nümayəndələrinin öz qiymətləndirmələrində tam sərbəst olduqları zamanla bağlı məsələdir. Dünyada Rusiya-Ukrayna müharibəsinin başlanmasından, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi üçün, əlbəttə, müxtəlif qiymətləndirmələr, müxtəlif təhlillər və müxtəlif rəylər qaçılmazdır. Lakin yenə də imkandan istifadə edərək demək istəyirəm ki, hər halda, belə məqamlar Azərbaycan rəhbərliyinin siyasi iradəsinə təsir etmir. Ona görə düşünürəm ki, münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu olacaqdır. Sizin sualınıza Azərbaycan dilində başladığınızı nəzərə alaraq, düşünürəm ki, Siz ikinci sualınızı da dərhal indi verə bilərsiniz. Yoxsa, növbə çatmaya bilər.

Mixail Qusman: Təşəkkür edirəm, cənab Prezident. Mən sualımdan əvvəl böyük minnətdarlıq ifadə etmək istərdim, şəxsən Sizə və bu Forumun təşkilatçılarına. Çünki mən iki il bundan əvvəl azad olunmuş Şuşaya səfər etdim, bu xoşbəxtlik mənə qismət oldu. Şuşa da həqiqətən möhtəşəm şəkildə dəyişir və Forum da müstəsna səviyyədə təşkil olunmuşdur. İkinci sualım, son illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına uğurla rəhbərlik edir və bir ay bundan əvvəl Sizin sələfiniz Uqanda Prezidenti Museveni ilə təmasda oldum, söhbət etdim və Azərbaycanın illər boyunca Qoşulmama Hərəkatına uğurla rəhbərliyi haqqında danışdı, ona yeni nəfəs qatdığını xüsusi vurğuladı. Mənim bununla bağlı iki sualım var. Bu hərəkatın sonrakı təşəkkülünü hansı istiqamətdə görürsünüz? İkincisi, Azərbaycan Hərəkata sədrlik etdiyi dövrdə burada qadınlar forumu, gənclər forumu yaradılıb. Burada medianı da nəzərə alırıq. Necə bilirsiniz, Qoşulmama Hərəkatında media forumu təşkil olunmasını Azərbaycanda necə görürsünüz? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, çox yaxşı ideyadır. Zənnimcə, o, tərəfimizdən tam qəbul ediləcək. Bizim o qədər də çox vaxtımız qalmayıb, çünki bizim sədrliyimiz növbəti ilin əvvəlində başa çatır. Bu səbəbdən bunu etməyə nail olmaq üçün, yəqin ki, biz birlikdə çalışmalıyıq. Bildiyiniz kimi, təşəbbüs “cəzalandırılır”, ona görə də sizi də bu tədbirin hazırlanmasında fəal iştirak etməyə dəvət edirəm. Xüsusilə, siz də qeyd etdiyiniz kimi, Qoşulmama Hərəkatının, mübaliğəsiz şəkildə deyə bilərəm ki, Azərbaycanın sədrliyi dövründə yeni nəfəs almasını nəzərə alsaq, bu, çox faydalı olacaq. Sirr deyil ki, son zamanlarda Hərəkat tədricən deqradasiyaya uğramışdı və o, praktik olaraq xüsusi davamı olmayan müəyyən məsələlərin müzakirə platformasına çevrilmişdi. Biz, bütün işlərdə olduğu kimi, həmçinin bu işimizə də böyük məsuliyyətlə yanaşdıq və institusional inkişaf istiqamətində addım-addım irəliləməyə başladıq. Düşünürəm ki, Azərbaycanın sədrliyinin yekdilliklə daha bir il müddətinə uzadılması faktı, – amma faktiki olaraq ilyarım müddətinə, – onu deməyə əsas verir ki, bizim fəaliyyətimiz qiymətləndirilib və ona ehtiyac var. Mən Sizin qeyd etdiyiniz formatlara əlavə olaraq, parlament platformasını da əlavə edərdim, bu, həmçinin institusional inkişaf baxımından çox mühüm elementdir. Hesab edirik ki, Hərəkat məhz bu yolla getməlidir. Şübhəsiz ki, biz bir neçə aydan sonra öz səlahiyyətlərimizi Uqandaya təhvil verdikdən sonra Uqandanın sədrlik edəcəyi müəyyən müddətdə hələ üçlükdə olacağıq və təbii ki, səylərin birləşdirilməsində, Hərəkatın fəaliyyətində konkret nəticələr əldə olunması işində fəal iştirak edəcəyik.

Deməliyəm ki, COVID-19 pandemiyası zamanı biz dünya ictimaiyyətinin bu problemə diqqətinin cəlb olunmasında liderlik nümayiş etdirdik. Azərbaycan sədr kimi, vaksin milliyyətçiliyinə qarşı fəal çıxış edən ölkələrdən biri olub. Biz heç kimdən çəkinməyərək, ölkələri öz adları ilə adlandırırdıq – onlar özlərinə lazım olduğundan beş dəfə artıq vaksin alırdılar, baxmayaraq ki, eyni zamanda, bir çox yoxsul ölkələr müdafiə olunmamış qalırdılar. Yəni, bu, digərləri ilə yanaşı, sadəcə olaraq, vicdansızlıqdır. Bizim təşəbbüsümüz ilə Hərəkat ölkələrində məlumat bazası yaradılıb, bu bazadan Ümumdünya Səhiyyə Təşkilatı da istifadə edib. Bundan başqa, biz humanitar və maliyyə yardımı məqsədilə 10 milyon ABŞ dolları ayırmışıq və bir çox ölkələrə vaksinlərlə yardım etmişik. Yəni, Hərəkat ölkələri gördülər ki, bu struktur, təşkilat olmasa da, öz məqsədlərinə nail ola bilərlər.

Bakıda keçirilən Sammitdə sədrliyi qəbul edərkən mən dedim ki, biz beynəlxalq hüququ, ədaləti və üzv ölkələrin legitim maraqlarını müdafiə edəcəyik. Düşünürəm ki, biz bu məsələnin öhdəsindən uğurla gəldik. İnanmaq istəyirəm ki, biz sədrlik səlahiyyətlərini təhvil verəndən sonra müsbət dinamika davam edəcək. Hər halda, biz bunun üçün əlimizdən gələni edəcəyik.

Moderator: “Real” Təhlil və İnformasiya Mərkəzi, Mirşahin Ağayev.

Mirşahin Ağayev: Cənab Prezident, 29 ildən sonra Şuşada Azərbaycan Respublikasının Prezidentinə sual vermək bəxtəvərliyini bizə nəsib etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Nəzərə alaq ki, sabah Milli Mətbuat Günüdür, bu, bizim hamımızın bayramıdır və bu bayramı ikiqat möhtəşəm etdiyinizə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan olaraq bütün mediamızın adından minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm.

Sualım Sizin əlinizin işarəsi ilə bağlıdır. Bu, belə də olur, əl uzadırsınız və belə də olur “Dəmir yumruq”. Bu bəyanatı biz Şuşada çox eşitmişik və hər dəfə də bu bəyanatın real əks-sədasını, təsirini görmüşük. Sualım bu gün Şuşadan bir az da üzüaşağıdır, Xankəndi tərəfədir. Bilirsiniz ki, separatçı qüvvələrin tör-töküntüləri orada müəyyən hadisələr törədirlər, dezinformasiyalarla məşğuldurlar. Guya ki, Azərbaycan kimlərisə, nələrisə blokadada saxlayır. Baxmayaraq ki, bu yaxınlarda mən Laçın yolunda “Mirşahinin vaxtı”nın xüsusi buraxılışını hazırladım və orada da hər şeyi gördülər ki, “Qırmızı Xaç” maşınları necə gəlib keçir oradan, insanlara münasibət nə qədər ilıqdır, mülayimdir. Bunlar öz yerində.

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media”nın qarşısında duran vəzifələr sırasında məhz bu tipli dezinformasiyalarla mübarizədən ötrü Siz bizdən nə tələb edirsiniz? Çünki Siz bizi Qələbəyə gətirmisiniz. Bizim media mübarizəmizdə də önümüzdə Siz oldunuz və Azərbaycanın informasiya blokadasının yarılmasında əsas açar şəxs Siz oldunuz. Biz Sizin ardınızca getdik. Ona görə də Sizdən bu məsələdə tövsiyə istəyirəm. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Mən hesab edirəm ki, bu gün Azərbaycan mediası bu istiqamətdə çox böyük işlər görür. Təbii ki, ümumi istiqamət onsuz da bəlli idi. İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Mən işğal dövründə öz çıxışlarımda dəfələrlə deyirdim ki, o gün gələcək, azadlıq günü gələcək, hər birimiz bu günü hər an yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Bu, bizim ümumxalq Qələbəmizdir. Yəni, Azərbaycan xalqı bu Qələbəyə layiq idi.

Təbii ki, beynəlxalq hüququn, ərazi bütövlüyümüzün bərpası, bütün bunlar fundamental hüquqlardır və biz bu hüququ döyüş meydanında qazandıq, qan tökərək, şəhidlər verərək. Amma, eyni zamanda, Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Ona görə mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq.

Siz də yəqin ki, razılaşarsınız ki, əvvəlki dövrdə daha çox biz deyirdik, biz də eşidirdik. Sanki biz özümüz-özümüzə nəyisə sübut etməyə çalışırdıq. Bu, vacib idi. Vacib idi, məsələni gündəlikdə saxlamaq üçün, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün. Şuşanı və o vaxt işğal altında olan digər torpaqları azad edən məhz o oğullar idi ki, onların mütləq əksəriyyəti heç vaxt nə Şuşanı, nə Ağdamı, nə işğal altında olan başqa torpağı görməmişdilər. Yəni, evdəki, evlərdəki tərbiyə, məktəblərdəki tərbiyə və media tərəfindən bu məsələnin daim gündəlikdə saxlanması daxili birliyi böyük dərəcədə möhkəmləndirdi. Təbii ki, dövlət siyasəti başda olmaq şərtilə. Ancaq sonrakı mərhələdə biz daha çox beynəlxalq auditoriyaya çıxış etməyə başladıq. Yəni, bu imkanlar da bizdə yarandı və müxtəlif dillərdə bizim bir çox media resurslarımızın nəşrləri də, internet saytları da, digər elektron vasitələri də mövcuddur. Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir.

O ki qaldı, tövsiyələrə, sözün düzü, mən bundan bir qədər uzağam. Çünki Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə də davam edin.

Moderator: Cənab Prezident, əslində iştirakçılardan bizə daxil olan suallar artır və kifayət qədər fəal iştirak görürük. Ümid edirik ki, sualları səsləndirmək üçün vaxtımız olacaqdır. Birləşmiş Krallıqdan Cordan Morqan.

Cordan Morqan: Cənab Prezident, qonaqpərvərliyə görə təşəkkür edirəm. Adım Cordandır, Birləşmiş Krallıqdanam. Suallarım ondan ibarətdir ki, Siz Azərbaycan üçün və Qərbi Asiya regionu üçün hansı imkanları görürsünüz? Çünki bildiyiniz kimi, Çin və Səudiyyə Ərəbistanı yaxınlaşır və bu baxımdan Azərbaycan üçün hansı perspektivlər var?

Prezident İlham Əliyev: Bizim Asiya ölkələri üçün münasibətlər baxımından? Düz başa düşdüm?

Cordan Morqan: Yox, bütün region üçün perspektivlər baxımından.

Prezident İlham Əliyev: Bilirsiniz, əslində regional inkişaf, – Cənubi Qafqazı nəzərdə tuturam, – əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Əlbəttə, bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər – 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı. O dövrdə çox ziddiyyətli, çox mücərrəd bəyanatlar verilirdi, bundan məqsəd münaqişənin dondurulması idi və bu, Azərbaycan üçün məqbul deyildi. Bəziləri çalışırdılar ki, bu münaqişəni dondursunlar, danışıqları sonsuz etsinlər və ictimai diplomatiya təşəbbüsləri ilə Azərbaycana müəyyən bir əməkdaşlıq təlqin olunsun. Beləliklə, biz Ermənistanla biznes qurmağa, münasibətlərin yaxşılaşmasına məcbur olaq və guya ki, münaqişə gələcək nəsillər tərəfindən həll edilməlidir.

Mən işğal dövründə dəfələrlə ictimaiyyət və beynəlxalq təşkilatlar qarşısında Ermənistana qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini bildirmişəm və bu da sözsüz ki, beynəlxalq təşkilatların bəyannamələrinə və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının, həmçinin Avropa Şurası Parlament Assambleyasının qərarları, hətta Avropa Parlamentinin, – baxmayaraq ki, hazırda kifayət qədər ermənipərəst mövqedədir, onun da qəbul etdiyi qətnamə var idi ki, reallığı əks etdirirdi, – lakin bu sanksiyalar baş vermədi, bunlar Ermənistana qarşı tətbiq olunmadı. Çünki geosiyasi gündəlik tamamilə fərqli idi.

Odur ki, özümüz bunun öhdəsindən gəlməli olduq. Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq və hazırda vəziyyət dəyişib. Qeyd edim ki, həmin dövrlərdə beynəlxalq aktorların heç biri, yəni, bu gün “Qarabağ Azərbaycandır!” deyən beynəlxalq aktorlar heç vaxt bu ifadəni dilə gətirmirdilər. Postsovet məkanındakı digər münaqişələrlə bağlı belə ifadələr istifadə olunurdu. Azərbaycana gəldikdə isə deyirdilər ki, razılığa gəlməlisiniz. Deyirdilər ki, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyünü inteqrasiya etməlisiniz. Onlar bilirdilər ki, bu, mümkün deyil, bunun mümkünsüzlüyünü bilirdilər. Beynəlxalq hüququn fundamental prinsipləri var, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi bu prinsiplərdir. Lakin öz müqəddəratının təyin olunması ərazi bütövlüyü prinsipini kölgədə qoymur və nəzərə alsaq ki, Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur.

Lakin hazırda vəziyyət fərqlidir və beynəlxalq vasitəçilər, belə deyim, öz mövqelərini ifadə edirlər və onlar daha real bir nöqteyi-nəzərdən çıxış edirlər. Bilirsiniz, mən dəfələrlə eşitmişəm, xüsusilə, işğal dövründə eşitmişəm, deyirdilər ki, Azərbaycan reallığı qəbul etməlidir, daha doğrusu nəzərə almalıdır. Mən deyirəm ki, razıyam. Hazırda hamı yeni reallığı nəzərə almalıdır. Çünki 30 illik işğal dövrünü, dağıntılar dövrünü, həmçinin İkinci Qarabağ müharibəsinin reallıqlarını qəbul etmədən həlli düşünmək mümkün deyil. Lakin hazırda beynəlxalq vasitəçilərin səyləri kifayət deyil. Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesdə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur. Çünki düşünürəm ki, Ermənistan son addımını atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə məna daşıdığı onlara kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sonuncu mühüm məqamdır. Əgər bu addım atılsa, – danışıqlar heyəti və xarici işlər nazirləri səviyyəsində danışıqlar gedir, bilirsiniz ki, növbəti danışıqlar yaxın günlərdə Moskvada baş tutacaq, – Ermənistan bu bəndlə razılaşsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür. Lakin bu olmasa, biz onları məcbur edə bilmərik. Biz 28 il onları məcbur edə bilməmişik ki, beynəlxalq hüquqa riayət etsinlər. Yalnız bunu güc hesabına məcbur etdik. Lakin bu halda sülh olmayacaq. Bu, bölgə üçün heç də yaxşı ssenari deyil, sabitliklə, təhlükəsizliklə nəticələnməyəcək. Lakin, eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alsaq, gələcəkdə də çətinliklər yaradacaq. Beləliklə, bildiyiniz kimi, üç vasitəçi var. Bunların hər biri kifayət qədər beynəlxalq səviyyədə mexanizmlərdən istifadə edə bilər ki, müstəqil olaraq fəaliyyət göstərsin. Biz ümid edirik ki, bu üçündən birində təkamülü, irəliləyişi görəcəyik.

Moderator: Növbəti sual İtaliya nümayəndəsi cənab Maurisio Geri.

Maurisio Geri: Təşəkkür edirəm, cənab Prezident, artıq ikinci dəfədir Şuşadayam. Bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Sualım son iki həftə ilə bağlıdır. Mən iki həftə ərzində ADA Universitetində Yay Enerji Məktəbində iştirak etmişəm. Mən Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında körpü rolu haqqında soruşmaq istəyirəm. Ələlxüsus, qaz və digər enerjinin Çin və Rusiya kimi ölkələrdən tam istehlakı ilə əlaqədar. Mən bilirəm ki, Türkmənistanla layihələr var, – əgər Türkmənistan razılaşsa, bilirəm ki, siz də bu layihənin tərəfdaşısınız, – Avropa və yaxud İtaliya hansı dəstəyi verməlidir ki, bu proses inkişaf etsin?

Prezident İlham Əliyev: Transxəzər Qaz Boru Kəməri ilə əlaqədar mən artıq bir neçə dəfə mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, bu, Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə deyil. Çünki Azərbaycanın təşəbbüskarı olduğu layihələr həmin o layihələrdir ki, bu, ölkələrin resurslarına əsaslansın. Məsələn, Cənub Qaz Dəhlizi. Biz o layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Bizim sözsüz ki, Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ümidvaram ki, ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək.

O ki qaldı, Transxəzər layihəsinə, bu layihə bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz nə edə bilərik? Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin, eyni zamanda, onu unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur. Nəyə görə? Çünki tələbat artır. TAP boru kəməri 10 milyard kubmetrə hesablanmışdısa, 20 milyard kubmetrə qaldırılmalıdır. TANAP 16-dan 32-yə qaldırılmalıdır. Bu, əvvəllər bizdən gözlənilmirdi. Lakin indi gözlənilir və vəziyyət dəyişib. Odur ki, biz genişlənmə haqqında niyə danışırıq? Azərbaycan daha çox qaz istehsal edəcək və hər yeni il əvvəlki ildən daha çox istehsal edir. Məsələn, 2021-ci ildə biz 19 milyard kubmetr ixrac edirdik, keçən il artıq 22-yə qalxmışdır və cari ildə 24 olacaq. Sizinlə görüşmədiyimiz bu aylarda biz ən azı 300 milyard kubmetr ehtiyatı olan “Abşeron” qaz yatağının kəşfini elan etmişik və artıq ilk quyu “Şahdəniz”dəki bütün quyulardan daha məhsuldardır. Odur ki, bizim boru kəmərləri sisteminin genişlənməsi öz resurslarımızın artması ilə bağlıdır. Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarına gəldikdə, bunun üçün Transxəzər sualtı qaz boru kəməri inşa edilməlidir və ikincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastruktur lazımdır. Sual yaranır ki, bu mühüm layihəni kim maliyyələşdirəcək? Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda, biz bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq. Məsələn, Cənub Qaz Dəhlizini inşa edəndə biz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etmişdik. Lakin indi isə bunlardan ikisi – Avropa institutları mədən yanacağı ilə əlaqədar layihələri hazırda maliyyələşdirmir. Onlar yaşıl keçid layihələrini maliyyələşdirirlər. Bu da sözsüz ki, vəziyyəti daha çətinləşdirir. Avropada qaz qiymətlərinin dəyişkənliyi də yeni-yeni suallar ortaya qoyur. Həmçinin qiymətə qoyulan məhdudiyyət, – mən düşünürəm ki, bu, qəbulolunmazdır, istehlakçılar həmin yuxarı həddi təyin edir, – bu da istənilən bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Avropa ölkələri illərlə bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarı olub. Beləliklə, real baxışdan bu, çox ciddi bir problemdir. Lakin kimsə Transxəzər boru kəmərini inşa etmək istəsə biz şad olarıq. Nəticədə bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq.

Vüsalə Mahirqızı, “APA Group”un icraçı direktoru: Cənab Prezident, qayıdışla bağlı soruşmaq istəyirəm. Hazırda Böyük Qayıdış Proqramı üzrə əhali Laçına köçürülür. Növbəti hansı rayonumuzun sakinləri öz rayonlarında qarşılanacaq? İkinci sualım isə Sizə bir az bəlkə şəxsi görünə bilər. Qarabağ azad olunanda buraya Ordumuzun ardınca ilk Siz gəldiniz. Sonra çox tez-tez Qarabağa səfərlər edirsiniz, hər dəfə gələndə biz izləyirik, yeni layihələr, yeni yerlər açılır. O, Sizdə necə bir hiss yaradır? Tamamilə dağılmış bir yer və hər dəfə onu daşbadaş tikmək. Necə hiss edirsiniz? Ümumiyyətlə, qalib Prezident olmaq necə bir hissdir?

Prezident İlham Əliyev: Bilirsiniz, mənim hiss etdiyim duyğular Azərbaycan xalqının hiss etdiyi duyğulardan heç də fərqlənmir. Sadəcə olaraq, fərq ondadır ki, mən bu yerləri, necə deyərlər, tez-tez görürəm. İnsanların əksəriyyəti bunu televiziya vasitəsilə görür. Ancaq, eyni zamanda, bildiyiniz kimi, azad edilmiş bölgələrə indi turlar da təşkil edilir və qeyd etdiyiniz kimi, vətəndaşlar da sürətlə azad edilmiş torpaqlara qayıdırlar.

Əlbəttə, ilk növbədə, qürur hissi duyuram. Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə, ilk növbədə, hiss etdiyim qürur hissidir. Çünki xalqımla, Ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil. Mən bilirəm, həmçinin siz də bilirsiniz ki, Şuşaya çatmaq üçün bizim qəhrəman əsgərlərimiz və zabitlərimiz Zəfər yolunu necə keçiblər, yüngül silahlarla, qarşılarında topla, tankla, artilleriya ilə silahlanmış düşmənlə üz-üzə, bəzi hallarda əlbəyaxa döyüşlərdə ölümə necə gediblər. Azərbaycan xalqının ruhu necə də yüksəkdir. Yəni, bütün bunlar xalqımızı hər birimizə bir daha tanıtdı. Azərbaycan insanının necə yüksək mənəvi keyfiyyətlərə malik olmasını bir daha hər birimizə, ilk növbədə, bütün dünyaya göstərdi.

Dağılmış şəhərləri, kəndləri görmək hər birimiz üçün çox ağırdır. Bu ağrı ilə biz barışa bilmirik. Baxmayaraq ki, mən artıq son üç ilə yaxın dövrdə azad edilmiş ərazilərdə bəlkə yüz dəfədən çox olmuşam. Hər dəfə dağıntıları görəndə ürəyim ağrıyır, hər dəfə özümə sual verirəm: nə üçün bizim qonşu saydığımız insanlar bu barbarlığa əl atıblar? Axı, biz onlara nə etmişdik? Özü də Birinci Qarabağ müharibəsində məğlub olan tərəf biz idik. Biz onların şəhərlərini dağıtmırdıq, biz onların qəbirlərini dağıtmırdıq, onların ölülərinin sümüklərini çıxarmırdıq. Nə üçün bunu ediblər? Bu insanların ürəyində bizə qarşı nə qədər nifrət var idi ki, insanlığa sığmayan bu əməlləri etsinlər. Yəni, bunu mən bu günə qədər anlaya bilmirəm və yəqin ki, heç vaxt normal insan bunu anlaya bilməz.

Eyni zamanda, hər dəfə yeni bir inkişaf layihəsini görəndə, yaxud da ki, təməl mərasimində iştirak edəndə sanki, necə deyərlər, damarıma qan vurulur, yəni, o qədər müsbət enerji verir ki, bu müsbət mənəvi enerji insanı fiziki cəhətdən də gücləndirir. Təkcə, bax, bu bölgənin havası deyil, – mən əminəm, siz də eyni hissləri keçirirsiniz, – özümüzü Şuşada yaxşı hiss edirik, yaxud da ki, Zəngilanda, Laçında. Təkcə havaya görə deyil, daxildən gələn xoşbəxtlikdir. Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur.

O ki qaldı, Böyük Qayıdış Proqramına, biz 30-dan çox şəhər və kəndin Baş planını təsdiqlədik, bir çox kəndlərin təməli də qoyuldu və artıq bu rəqəmlər səsləndirilmişdir. Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. İndi biz, necə deyərlər, işin ibtidai mərhələsindəyik. Çünki layihələndirmə, tender prosedurları çox vaxt aparır. Biz istəyirik ki, hər şey qayda ilə, qanunla olsun, tam şəffaf olsun və bu da vaxt aparır. Əminəm ki, keçmiş köçkünlər bunu anlayışla qarşılayırlar. Amma təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Ümid edirəm ki, Şuşa şəhərinə gələn il ilk sakinlər gələcək, yerləşəcəklər. İndi siz də yəqin ki, bu gün hələ vaxtınız olmayıb, ya axşam, ya sabah gəzəcəksiniz, görəcəksiniz ki, bir neçə yerdə artıq inşaat layihələrinin, yəni, yaşayış binalarının tikintisi gedir.

Təbii ki, minatəmizləmə prosesi ən böyük əngəldir. Çünki bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var. Bu miqyasda layihələri iki il yarım ərzində həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi. Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər genişmiqyaslı işlər görüləcək, özü də böyük ərazidə – 10 min kvadratkilometri əhatə edən ərazidə durmadan gecə-gündüz işlər gedir. Azərbaycan ictimaiyyəti də vaxtaşırı məlumatlandırılır, həm planlar haqqında, həm də görülmüş işlər haqqında. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır. Şəhərlərin bərpasının təməlqoyma mərasimini də mən keçmiş köçkünlərlə birlikdə həyata keçirmişəm. Yəni, biz çox istəyirik ki, otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunsunlar və buna doğru gedirik və gedəcəyik.

Moderator: Növbəti sual, Misirdən olan Məcid Şalki.

Məcid Şalki: Cənab Prezident, mən Yaxın Şərq Xəbər Agentliyindənəm. Cənab Prezident, Siz ölkənizə qarşı olan təhlükələrdən və müharibədən sonrakı səyləriniz haqqında danışdınız. Siz minaları qeyd etdiniz. Minalar insanların gündəlik həyatına necə təsir edir? Bu, həm də inkişaf layihələrinə necə mane olur? Bunun öhdəsindən necə gəlirsiniz? Çünki minatəmizləmə çox bahalı prosesdir.

Prezident İlham Əliyev: Bəli, siz ən vacib məsələyə toxundunuz. Çünki minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl onlar ən yüksək səviyyədə Ermənistan baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi. Yəni, bunun heç bir mahiyyəti yox idi. Bu, çox mənasız xəritələr idi. Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Biz özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. Bizim dövlət minatəmizləmə agentliyimiz ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Ancaq bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, onlar etiraf etdilər ki, 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır. Biz beynəlxalq şirkətlərdən bir neçə təklif almışıq ki, onlar bu sahədə işləsinlər. Təəssüf ki, qiymət çox yüksək idi. Mən təfərrüata varmaq istəmirəm, ancaq bu rəqəm bizdə olan rəqəmlərlə müqayisədə 8-10 dəfə artıq idi. Yəni, bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8 və ya 10 dəfə ucuz həyata keçirir. Biz dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya malik insanların sayəsində artıq belə dronlar var. Bu, bizə böyük yardım olur. Ancaq biz dərk edirik ki, bu, çox uzun bir prosesdir. Təəssüflər olsun, bilməliyik ki, gələcəkdə də qurbanlar olacaqdır, ermənilərin bizə qarşı terroru davam edir. Minalardan təmizlənməmiş əraziləri biz təcrid etmişik və azad olunmuş ərazilərə hələ də giriş məhduddur. Bu, bizə imkan verir ki, itkilərin qarşısını alaq. Ancaq keçmiş məcburi köçkünlər kütləvi şəkildə qayıdanda çox ehtiyatlı olmalıdırlar. Mən buradan onlara müraciət edirəm ki, icazə olmayan ərazilərə səfər etməsinlər. Bu, olduqca təhlükəlidir. Bu, ən böyük təhlükələrdən biridir. Təəssüf ki, bizi qarşıda uzun illər belə bir təhlükə gözləyir.

Moderator: Gürcüstandan Gela Vasadze.

Gela Vasadze: Cənab Prezident, hər şeydən əvvəl, belə irimiqyaslı və gözəl tədbirin təşkilinə görə sağ olun. Həqiqətən, təsirləndim. Mən sülhə doğru bir neçə addım və ya bir addım olması barədə Sizinlə razıyam. Lakin sülh Qarabağın erməni əhalisinin inteqrasiyası prosesinin necə keçəcəyindən asılıdır. Dostlarımla söhbət zamanı o xalq haqqında danışanda mən onlardan soruşuram: “Mənə bu xalqın telefonunu verin”. Siz Qarabağ ermənilərinin telefonunu tapmısınız? Siz bu telefonu bilirsiniz? Sağ olun.

Prezident İlham Əliyev: Biz bu məsələ ilə bağlı öz mövqeyimizi dəfələrlə bəyan etmişik və maksimum konstruktivlik göstərmişik. Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazirlər”, gah da “deputatlar” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər.

Biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər.

Amma sonra nə olduğunu yəqin ki, yaxşı bilirsiniz. Azərbaycan ilə Ermənistanın dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması. Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz. Biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik. Biz hər şeyi düzgün etmişik.

Biz İkinci Qarabağ müharibəsinin başlanmasına qədər iki il müddətində erməni rəhbərliyinə də şans vermişik, amma onlar bundan istifadə etmədilər. Biz Laçın-Xankəndi yolunun, sadəcə, “özbaşına keçid” olduğu, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaların bu yol vasitəsilə göndərdiyi vaxtda da şans verirdik. Biz bu minaları aşkar etdik, tapdıq. Biz Rusiya sülhməramlı kontingentinin, həmçinin Ağdamda yerləşən Rusiya-Türkiyə monitorinq mərkəzinin nümayəndələrini dəvət etdik, göstərdik və sual verdik: “Bu minalar Qarabağa necə gətirilib? Onları kim gətirib? Kim diqqətdən qaçırıb?”. Halbuki, bu, mümkün deyil. Ermənistan terroru davam etdirdiyindən, biz Qələbədən sonra öz ərazimizdə nə üçün həlak olmalıyıq?!

Ona görə də bizim bütün addımlarımız məntiqli, əsaslandırılmış, müdrik və kifayət qədər cəsarətli idi. Bu səbəbdən sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ idi və şəraiti əhəmiyyətli dərəcədə dəyişdi. Həmçinin bu hərəkətlərin, hərçənd dərhal və bütün aktorlar tərəfindən heç də həvəslə deyil, tam qəbul edilməsi nəticədə legitim olaraq qəbul olundu. Bu da bir mesaj idi. Lakin biz neçə dəfə mesaj göndərməliyik, neçə dəfə işarə etməliyik? Məgər bunlar artıq az idi? Həm Fərrux əməliyyatı, həm 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, həm 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, həm də nəzarət-buraxılış məntəqəsi. Axı biz neçə dəfə onlara mesaj verməliyik? Məgər belə anlamazdırlar?

Ona görə indi yenidən inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. İndi də istismar edirlər, çünki ekofəallar Laçın-Xankəndi yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə vermirdi. Onlar blokpost qoyaraq, bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar. Siz “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır.

Bu gün çadırlarda oturub və kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil bizdə bəzi jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil olacaq. Sonra nə bilim, hansı olacaq, lakin bu, məsələyə kömək etməyəcək. Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, bizim gücümüz də bundadır. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. Nə üçün hansısa etnik qrup bu fonda fərqlənməlidir, bu, mənə də tam aydın deyil. Bax, bizim yanaşmamız belədir. Biz indiyədək Xankəndidə və ətrafında yaşayan cəmiyyətin sağlam düşüncəli hissəsinin Azərbaycana belə məhəl qoyulmamasının bütün perspektivsizliyini başa düşəcəyinə və sağlam düşüncənin üstünlük təşkil edəcəyinə inamımızı itirməmişik. Əks halda, düşünürəm ki, kiminsə gəlib onların yerinə döyüşəcəyinə indi yalnız sadəlövhlər bel bağlaya bilər. Onların reallıqları anlaya bilməsi və barışması üçün bir neçə mərhələ olub.

Onlar müxtəlif instansiyalara, qonşulardan başlayaraq uzaqda yerləşən bəzi ölkələrə qədər müxtəlif dövlətlərə müraciət ediblər. Amma, zənnimcə, ağlı başında olan heç kim Azərbaycanın ərazisində bizimlə döyüşməyəcək. Ona görə də onlar sonunda bu reallıqları başa düşməli və barışmalıdırlar. Artıq söylədim ki, işğal dövründə vasitəçilər mənə dəfələrlə deyirdi ki, “Birinci Qarabağ müharibəsi belə qurtarıb, siz reallıqları qəbul etməlisiniz”. Lakin mən onları qəbul etmirdim və etmədim. Ancaq indi mən yenə də deyirəm: gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq. Bu səbəbdən ümid edirəm ki, onlar bu sözləri eşidəcək və düzgün nəticə çıxaracaqlar.

Paolo von Schirach, “Global Policy” İnstitutunun prezidenti: Cənab Prezident, qonaqpərvərliyə görə təşəkkür edirəm. Siz müharibədə qalib gəlmisiniz, indi isə sülhü təmin etməlisiniz. Siz bu gün Azərbaycanda çalışmaq istəyən Amerika şirkətlərinə hansı mesajı verə bilərsiniz? Təbii ki, neft və qaz sahəsi bəllidir. Ancaq digər sahələrdə Amerika şirkətlərinə və biznes liderlərinə hansı mesajınız ola bilər ki, qarşılıqlı, faydalı, şəffaf fəaliyyət göstərsinlər. Bu fəaliyyət təbii ki, Sizin müharibədən əziyyət çəkmiş xalqınızın da mənafeyi naminə olmalıdır. Çox sağ olun.

Prezident İlham Əliyev: Əlbəttə, bu gün bizim prioritetimiz təbii ki, qeyri-neft sektorunun inkişafıdır. Biz ümumi daxili məhsulda iqtisadiyyatımızın qeyri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Bu gün biz həm də qeyri-neft ixracını artırırıq. Mənim Amerika şirkətlərinə mesajım o ola bilər ki, bu gün kapital və sərmayə proqnozlaşdırılabilən və sabit məkanlara gedir, belə bir məkan məhz Azərbaycandır. Hətta işğal dövründə də Azərbaycan sabitlik məkanı idi. Ancaq əlbəttə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması müəyyən çətinliklər yaradırdı, müəyyən risklər doğururdu. Ancaq İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra həmin risklər ümumən minimuma endirilib.

Bizim hökumətimizin çox uzaqgörən və proqnozlaşdırılabilən proqramı var. İnkişafla bağlı, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı proqramımız var. Hesab edirəm, Azərbaycanda yaşayan əcnəbi insanlar təsdiq edə bilərlər ki, ölkəmizdə idarəçilikdə çox müsbət dəyişikliklər var, xüsusilə də bizim maliyyə sistemimizdə. Korporativ menecment baxımından da bizim şirkətlərdə böyük dəyişikliklər var. Biz artıq həmin prosesin yekun mərhələsindəyik və məqsədimiz də tam şəkildə beynəlxalq standartlara uyğun olmalıdır. Bizim ölkəmizin iqtisadiyyatı sabitdir. Xarici borcumuz ümumi daxili məhsulla müqayisədə təqribən 10 faizə bərabərdir. Bizim valyuta ehtiyatlarımız da ümumi daxili məhsuldan 10 dəfə artıqdır və biz xarici borcumuzu bir həftə içərisində bağlaya bilərik.

Ticarət dövriyyəmiz böyük profisitlə həyata keçirilir. Bu son altı ay ərzində ixrac-idxalla müqayisədə bizim profisitimiz 10 milyard dollara bərabər idi. Siyasi vəziyyət sabitdir. Azərbaycan özünü neft-qaz sahəsində etibarlı tərəfdaş kimi sübut edib və bu gün coğrafi yerləşməni, artıq çox müasir nəqliyyat infrastrukturunu nəzərə alaraq əlaqələndirmə məsələlərində fəal çalışır. Beləliklə, şirkətlər üçün bizim ümumi mesajlarımız budur. Hesab edirəm ki, bu, Azərbaycana gəlmək istəyən şirkətlər üçün yaxşı bir mesajdır.

Prioritet sahələrə gəldikdə, əlbəttə ki, bir nömrəli məsələ azad olunmuş ərazilərin yenidən qurulmasıdır. Azad olunmuş ərazilərdə bu gün çoxsaylı beynəlxalq şirkətlər kontraktor kimi fəaliyyət göstərir.

Bizim fəal çalışdığımız digər bir mühüm sahə rəqəmsallaşmadır. Həmin sektora böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Böyük potensialımız var. Mən bilirəm ki, bəzi Amerika şirkətləri artıq bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala malikik. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox küləkli şəhərdir və əlbəttə, bəzən külək güclü olanda bu, problem yaradır. Ancaq, eyni zamanda, biz görürük ki, külək Xəzər dənizində də böyük gəlir gətirəcək. Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik. Artıq ilkin hesablama aparılıb və texniki-iqtisadi əsaslandırmanın yəqin ki, sentyabr-oktyabr aylarında təqdim olunacağını gözləyirik. Layihə üzrə Rəhbər Komitənin ilk iclası fevralda Bakıda keçirilib.

Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir, lakin bu, yalnız birincidir. Biz 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalamışıq. Beləliklə, texniki-iqtisadi əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə bilək. Bu, bizə elektrik enerjisi istehsal etmək üçün təbii qaza da qənaət etməyə imkan verəcək və biz həmin həcmləri beynəlxalq bazara çıxaracağıq. Yəni, bu, hər kəs üçün uduşlu bir vəziyyətdir.

Mən Amerika şirkətlərini kənd təsərrüfatı sahəsində də görmək istərdim. Biz, əlbəttə ki, kənd təsərrüfatı sahəsində, suvarmada Amerika şirkətlərinin aparıcı avadanlıqlarından istifadə edirik. Ancaq mən investor görmək istəyirəm, çünki Azərbaycanın kənd təsərrüfatı sahəsinin, xüsusilə azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı olduqca böyükdür. Burada çox məhsuldar torpaqlar var və bizim su resurslarımızın 25 faizi məhz Qarabağdan qaynaqlanır. Təsəvvür edirsiniz, biz 30 il bundan məhrum edilmişdik. Ermənilər platinaları və dambaları bağlayırdılar və bizim 100 minlərlə hektar torpağımız sudan məhrum edilirdi. Biz məcbur idik ki, artezian quyuları qazaq. Bu gün isə artıq həmin su nəinki Qarabağın həyat mənbəyidir, həmin su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik. Belə bir boru kəməri inşa ediləcəkdir.

Kənd təsərrüfatına nəqliyyat sahəsini də əlavə etmək istərdim. Təbii ki, nəqliyyat sektoru beynəlmiləl sektordur, yəni, bir ölkə nəqliyyat qovşağı ola bilməz. Yəni, qovşaq olmaq üçün qonşularla işləmək lazımdır. Bu sahədə bizim qonşularla böyük beynəlxalq əməkdaşlığımız var və nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Moderator: Zati-aliləri, növbəti sual, “Əl-Cəzirə” televiziyasından Muhammed Əl Kadi.

Muhammed Əl Kadi: Çox sağ olun, hörmətli Prezident. Bu gözəl Şuşa şəhərində, Azərbaycanın mədəniyyət paytaxtında qonaqpərvərliyinizə görə Sizə təşəkkür edirəm. Sual ərəb dilində olacaq, qoy bilinsin ki, həqiqətən də bu Forumda ərəblər də var. Çünki ərəblər, həmçinin Qarabağda olan müharibəni böyük maraqla izləyirdilər və görürdük ki, Siz onlarla muzeylərə, mərkəzlərə, məscidlərə dəyən zərərlərdən danışırdınız. Həmçinin tarixi yerlərdən, abidələrdən və minlərlə əlyazmaları, kitabları tələf etdiklərindən danışırdınız. Sizin fikrinizcə, ermənilər Azərbaycanın mədəni irsinə qarşı planlaşdırılmış bu dağıntıları nəyə görə etdilər?

Digər sualımız, Qarabağın yenidən qurulması nə vaxt bitəcək və nə qədər çəkəcək? Çox sağ olun.

Prezident İlham Əliyev: Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Yəni, bu, ancaq başlanğıcdır. Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar – Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində.

Ancaq bu proses tədricən gedir. İşğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Onu da bildirməliyəm, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq.

Mən Laçın şəhərinin timsalında deyə bilərəm ki, bu şəhər cəmi səkkiz ay ərzində tamamilə yenidən quruldu və orada 700-dən çox ailə üçün bu gün şərait var. Həm fərdi evlər, həm çoxmənzilli evlər. Sentyabrın 15-dək məktəb də hazır olacaq, uşaq bağçası da hazır olacaq, xəstəxana da hazır olacaq və digər sosial obyektlər də inşa edilir.

Ona görə növbəti beş il ərzində əminəm ki, azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı, əlbəttə ki, daha genişmiqyaslıdır. Çünki məsələn, əgər Ağdam şəhərini götürsək, işğaldan əvvəlki dövrdə bu şəhərdə təqribən 40, bəlkə də 50 min insan yaşayırdı. Bizim Baş planımıza görə Ağdam şəhərində 100 minə yaxın insan yaşayacaq. Təbii ki, bütün bunlar mərhələli yollarla ediləcək. Çünki vəsait o zaman xərclənməlidir ki, artıq insanlar oraya getməyə hazır olsunlar.

O ki qaldı birinci sualınıza, mən öz şərhlərimdə qeyd etdim ki, bu günə qədər də başa düşə bilmirəm bu qəddarlığın, bu nifrətin mənbəyi haradan qaynaqlanır? Çünki ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşayırlar. Onların kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları – bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara – Qarabağ torpağına qonaq kimi gəlmişdilər, o cümlədən Şuşaya. Onlar iddia edirdilər ki, Şuşa erməni şəhəridir. Birincisi, Şuşa şəhərinin tarixi o qədər də uzaq illərə getmir. 1752-ci ildə Pənahəli xan Şuşada şəhər salmışdır və keçən il Azərbaycanda “Şuşa İli” elan olunmuşdur. Çünki biz Şuşanın 270 illiyini qeyd edirdik. Yaradılandan işğala qədər Şuşada yaşayanların mütləq əksəriyyəti azərbaycanlılar olub.

Əgər Şuşa erməni şəhəri idisə, nə üçün belə acınacaqlı vəziyyətdə idi? Nə üçün Şuşanın 17 bulağı da işğal dövründə ermənilər tərəfindən qurudulmuşdur? Mən Şuşaya 2021-ci il noyabrın 14-də gələndə xüsusilə maraqlandım. Çünki Şuşa 17 məscid, 17 bulaq şəhəri idi. Əgər bu, sizin şəhəriniz idisə, nə üçün siz bulaqları qurutdunuz? Nə üçün siz Şuşada bir daşı daş üstə qoymadınız? Şuşada işğal dövründə tikilən təzə iki və ya üç villa var, onlar da Laçın-Xankəndi yolunun üstündə. Onların da biri Qarabağda, Xankəndidə yerləşən xunta başçısınındır. Deyilənə görə, biri xunta başçısı tərəfindən Ermənistan rəhbərlərinin birinə bağışlanıb, digərinin isə sahibi bəlli deyil.

Bundan başqa, Xankəndi xuntası Şuşada bir daşı daş üstə qoymayıb. O ki qaldı digər şəhərlərə, onların Azərbaycana qarşı, xalqımıza qarşı nifrəti normal insan psixikasına sığışmır. Gərək psixoloqlar, psixiatrlar daha çox təhlil aparıb bizə desinlər ki, bu qəddarlığın, barbarlığın səbəbi nədir? Yəni, qəbir daşlarını oğurlayıb orada azərbaycanlıların adlarını sildirib öz yaxınları üçün qəbir daşları kimi istifadə edirdilər. Bu, hansı mənəviyyata sığan bir məsələdir? Yaxud azərbaycanlıların qəbirlərini qazıb orada ölülərin kəllələrindən qızıl dişlərini çıxararaq əridib bazarda satmaq hansı mənəviyyata sığır? Mən hələ ekologiyaya vurulmuş ziyanı demirəm – 60 min hektar meşə fondu ermənilər tərəfindən məhv edildi, doğranıldı və sonra parket kimi satıldı.

İkinci Qarabağ müharibəsi başa çatanda Rusiya tərəfindən bizə müraciət olundu ki, onlara vaxt verin torpaqlardan çıxsınlar – Ağdam, Kəlbəcər, Laçın. O biabırçı mənzərəni biz hələ unutmamışıq. Ağacları qırırdılar, evləri yandırırdılar, ağacları yandırırdılar və azərbaycanlıların yaşadıqları evlərdə, harada ki, qanunsuz məskunlaşmışdılar, hətta, necə deyərlər, ən ucuz əşyalarını söküb bellərində aparırdılar bütün dünyanın gözü qarşısında. Yəni, buna hansı ad vermək olar? Ona görə biz bu əməllərin sahiblərindən nə gözləyə bilərik? Mənim bütün dediklərim 100 faiz həqiqətdir. Mən heç nəyi zərrə qədər şişirtmirəm. Hələ çox şeyləri demirəm.

Bir səbəb də ola bilər ki, bu bölgəni tamamilə erməniləşdirmək, Azərbaycanın mədəni irsini silmək üçün və öz aləmlərində bu torpaqları gələcəkdə yaşayış üçün yararsız hala salmaq məqsədilə bunları ediblər. Çünki gördüyünüz bu dağıntılar, – ən böyük dağıntılara məruz qalan Füzuli və Ağdam şəhərləridir, orada bir dənə də salamat bina qalmayıb, – müharibə zamanı olan dağıntılar deyil. O dağıntılar Birinci Qarabağ müharibəsindən sonra bu evlərin sökülməsi nəticəsində olan dağıntılardır. Daşları bir-bir söküb aparıb orada-burada satıblar. Yəni, buna nə ad vermək olar?

Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Bax, burada, Şuşada erməni kilsəsi var. Hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, bizim münasibətimiz budur və biz onlardan törətdikləri əməllərə görə qisas almaq fikrində deyilik. Mən hələ müharibə vaxtı və müharibədən sonra onu demişdim ki, biz qisası döyüş meydanında almalıyıq və aldıq da, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz heç vaxt dinc əhaliyə qarşı vuruşmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur.

Yəni, bilirsiniz, bütün bunları deməklə mən yenə də bildirmək istəyirəm ki, bu yaddaş silinmir, silinməyəcək və silinməməlidir. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın. Çünki biz bir dəfə səhv buraxmışdıq, qonşulara çox inandıq və sonra onun acısını çəkməli olduq.

Hər halda, hər şey göz qabağındadır. Bu toplantılar məhz, o cümlədən ona görə əhəmiyyətlidir ki, burada toplaşan beynəlxalq media nümayəndələri hər şeyi öz gözləri ilə görəcəklər və görürlər, Azərbaycan həqiqətlərini öz ölkələrinə, öz ölkələrinin nümayəndələrinə, ictimaiyyətinə çatdıracaqlar. Biz bunu istəyirik.

İşğal dövründə bura bir növ qadağan edilmiş zona idi. Şuşa şəhərinə hələ bəzi xariciləri buraxırdılar, amma Ağdam, Füzuli bölgələrinə heç kimi buraxmırdılar. Çünki gələn adam hər şeyi görəcəkdi. Amma indi hər şey göz qabağındadır və bu, bir daha göstərir ki, biz hansı tarixi nəticə əldə etmişik. Biz təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. Biz erməni xalqını demək olar ki, bu bədəməllərdən xilas etdik. Bəlkə İkinci Qarabağ müharibəsindəki bu acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar elə erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır. Ancaq o təqdirdə xalqlar arasında real barışıq ola bilər. Sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın və onlardan birincisi ermənilər tərəfindən öz günahlarının etiraf edilməsidir.

İqor Korotçenko, rusiyalı hərbi ekspert: Təşəkkür edirik, cənab Prezident. Siz öz çıxışınızda qeyd etdiniz ki, dünya təlatümlüdür, hər şey çox sürətlə dəyişir və bu fonda Azərbaycan uğura nail olur. O, qaya kimi dayanıb. Bir çox ölkə üçün Azərbaycan bu gün ən müxtəlif problemlərin həllinin örnəyidir. Cənab Prezident, Azərbaycanın gələcəyinin strateji baxışı Sizin əllərinizdədir, Siz Azərbaycanın gələcəyini necə görürsünüz? Sağ olun.

Prezident İlham Əliyev: Əvvəlcə, bizim gördüyümüz işlərə və ölkənin özünü hansı mövqedə nümayiş etdirməsinə verdiyiniz qiymətə görə sağ olun. Prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. Amma deməzdim ki, bu, təməl xarakter daşıyır. İşğal altındakı ərazilərin azad olunmasından sonra əlbəttə ki, sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var, həmrəylik var – istər siyasi, istər iqtisadi inkişaf olsun, yaxud da ki, sosial siyasətlə bağlı məsələlər olsun. Odur ki, hazırda Azərbaycan xalqının rifahının yüksəldilməsi əsas məsələdir. Bundan əvvəl də bu, əsas prioritetlərdən biri idi. Lakin başlıca prioritet, əlbəttə ki, ərazilərin işğaldan azad edilməsi və müvafiq olaraq Silahlı Qüvvələrin potensialının artırılması məsələsi idi. O ki qaldı indi Azərbaycanın müdafiə qabiliyyətinə, bu məsələ yenə də diqqət mərkəzində qalmaqdadır, İkinci Qarabağ müharibəsinin təcrübəsini, bizə daha çox lazım olanları, daha az lazım olanları, daha çox nəyin istifadə olunduğu, daha az nəyin istifadə edildiyini nəzərə almaqla. Siz hərbi quruculuq məsələlərinə yaxşı bələd olan bir insan kimi məni yaxşı başa düşürsünüz. Bununla belə, birinci planda, əlbəttə ki, dayanıqlı inkişaf məsələləri durur, neft və qaz sektorundan asılılığın azaldılması dayanır. Düşünürəm ki, bu hədəf, bu məqsəd neft hasil edən bütün ölkələrin qarşısında dayanır. Neft sənayesinin iqtisadiyyatda önəmli yer tutan ölkələrdə bunu etmək o qədər də asan deyil. Amma bunsuz dayanıqlı inkişaf mümkün olmayacaq. Çünki təbii resurslar bitən resurslardır, biz iqtisadiyyatın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik. Təbii ki, biz ehtiyat yaradırıq, valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar bizə əlavə imkanlar qazandırır.

Statistik olaraq vergi və gömrük orqanlarının proqnozları həyata keçirmə qabiliyyətinə baxsanız, mənzərə kifayət qədər təsiredicidir. Artıq ilk il deyil ki, may və iyun aylarında biz büdcəyə əlavələri artım istiqamətində qəbul edirik və bunun əsası odur ki, vergi və gömrük orqanları planlaşdırılandan daha çox gəlir əldə etmişlər. Bu, yalnız və yalnız şəffaflıq və yeni idarəetmə yanaşması sayəsində mümkün olmuşdur. O ki qaldı daha geniş kontekstdə, bilirsinizmi, burada heç də hər şey bizdən asılı deyil. Ermənistanla münasibətlərin tənzimlənməsində də biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq. Çünki yüksək risk zonası təkcə ekspertlərin qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə imkanlarıdır. Bunlar birbaşa olaraq xarici sərmayələrlə bağlı məsələdir, xüsusilə indi. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm bizim iqtisadiyyat, həm də Ermənistan iqtisadiyyatı üçün və ümumiyyətlə, daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Müdafiə potensialı ilə bağlı bu qədər maliyyələşdirməyə ehtiyac qalmayacaq. Odur ki, müəyyən maliyyə resursları ixtiyarımızda sərbəst olacaqdır.

Qeyri-energetika sahəsində də mən məhz Qarabağı və Şərqi Zəngəzuru görürəm. Çünki təbii və iqlim şəraitinə, turizm potensialına, kənd təsərrüfatı və həmçinin bərpaolunan enerji mənbələri resurslarına, potensialına görə bu regionlar bizim ümumi daxili məhsulda ciddi artım təmin edəcək. Məsələn, qeyd edim, növbəti ilin sonuna qədər 200 meqavat gücündə olan 30 hidroelektrik stansiyanın tikintisini başa çatdıracağıq. Artıq 50 meqavatdan çox istismara verilib. Müqayisə üçün, mən ola bilsin ki, bir az təfərrüata varıram, amma ola bilsin sizin üçün maraqlı ola bilər. Qarabağda su elektrik stansiyalarının istifadə səmərəliliyi Azərbaycanın hər hansı digər bölgəsi ilə müqayisədə dəfələrlə yüksəkdir. Yəni, o dərəcədə güclü axın var çatlar o dərəcədə suludur. Hər bir elektrik stansiyası öz səmərəlilik əmsalına malikdir, buxar, qaz, istərsə də su elektrik stansiyası olsun. Yəni, burada son dərəcə səmərəlilik mövcuddur. Yəni, Kəlbəcər-Laçın zonasında külək enerjisinin nəhəng potensialı mövcuddur. Cəbrayıl rayonunda isə demək olar ki, bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisinə başlanacaq. Yəni, bu, olduqca böyük enerji potensialıdır. Üstəgəl, logistik mərkəz. Çünki Zəngəzur dəhlizini heç kim ləğv etməyib, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq. Bu isə olduqca böyük potensial açır. İndi belə bir müasir kəlmə var “bağlantı”, yəni, ingilis dilində “konnektiviti”. Amma tam mənada suala cavab vermək üçün ayrıca bir müsahibəyə ehtiyac var. İnşallah, bunu da edərik. Təşəkkür edirəm.

Moderator: Növbəti sual, Xəlil Muhamməd İbrahim (Çad).

Xəlil Muhamməd İbrahim: Hörmətli Prezident, torpaqlarınızı azad etdikdən sonra bir çox ölkələr Sizə mənəvi, logistik və diplomatik dəstək verdilər. Bir çox ölkələrin mövqeləri aydın deyildi. Sizin diplomatik əlaqələriniz gələcək Azərbaycan üçün necə olacaqdır? İkinci sual, bu kontekstdə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələri necə olacaq. Çox sağ olun.

Prezident İlham Əliyev: Afrika ölkələri ilə bizim əlaqələrimiz sürətlə inkişaf edir. Bir müddət bundan əvvəl Afrika İttifaqında səfirliyimiz də açılmışdır. Bununla bərabər, biz Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələri ilə sıx əlaqədəyik. Mən artıq bunu qeyd etmişəm, COVID dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir. Onu da bildirməliyəm ki, bu günə qədər iqtisadi-ticari sahədə əlaqələr o qədər də yüksək səviyyədə deyil, necə ki, siyasi müstəvidə. Bunun yəqin ki, təbii səbəbləri var. Hesab edirəm ki, təmaslar daha sıx olduqca bu istiqamətdə də imkanlar dəyərləndiriləcək. Hər halda biz bunda maraqlıyıq.

O ki qaldı İkinci Qarabağ savaşı dönəmində ölkələrin mövqeyinə, artıq bu, tarixdə qalıb. Biz bilirik bizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi hesab edirəm ki, düzgün olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq. Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, necə deyərlər, öz daxili səbəbləri var. Biz bunu da başa düşürük. Bəzi ölkələrdən bəlkə daha çox dəstək gözləyirdik, bəzi ölkələrdən, ümumiyyətlə, heç nə gözləmirdik. Yəni, bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Deyə bilərəm ki, bizim təcrübəmizdə belə məsələlər ikitərəfli münasibətlərə o qədər də böyük təsir göstərmir. Deyə bilərəm ki, heç işğal dövründə də bir çox ölkələr tərəfindən neytral mövqe görmüşdük, halbuki, bununla razı deyildik, çünki biz haqlı olaraq tələb edirdik ki, haqq-ədalət mövqeyi üstünlük təşkil etsin. Eyni zamanda, işğal dövründə Ermənistanla həmrəy olan ölkələrin mövqeyini görmüşdük. Ancaq yenə də deyirəm, bu, bizim o ölkələrlə münasibətlərimizin dondurulmasına gətirib çıxarmamışdır, bu birincisi. İkincisi, mən hesab edirəm ki, biz buna müəyyən dərəcədə nail olduq, biz qarşı tərəfin meydanında da oynamağa cəhd etməli idik və bunu da etdik. Ermənistanın yaxın müttəfiqləri sayılan ölkələrlə də, – işğal dövründə, mən o dövrü nəzərdə tuturam, – bizim əlaqələrimiz uğurla inkişaf etdi. Biz o ölkələrə göstərməyi bacardıq ki, onların real olaraq həm siyasi, həm iqtisadi və digər maraqları məhz Azərbaycandadır, Ermənistanda yox. Bu amil də imkan verdi ki, həmin ölkələrin ermənipərəst mövqeyinə müəyyən dərəcədə düzəlişlər edilsin. Düzdür, İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr artıq öz ermənipərəst mövqeyini gizlədə bilməmişdilər, yaxud da bunu istəməmişdilər. Bu, bizim o ölkələrlə münasibətlərin müəyyən dərəcədə gərginləşməsinə gətirib çıxarmışdır. Ancaq bu, o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq və əsas odur ki, sənin gündəliyin olsun.

Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi . Biz hədəfə doğru gedirdik və gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq. O hədəflərə çatmaq üçün əlbəttə ki, siyasi səriştə də az önəmli deyil. Ona görə bütün ölkələrlə bizim əlaqə kanallarımız açıqdır. Bununla paralel olaraq, biz yeri gələndə öz narazılığımızı da, etirazımızı da, cavab addımlarımızı da lazımi səviyyədə ifadə edirik və atırıq.

Qırğızıstandan Nurcan Qasımalıyeva: İkinci Qarabağ müharibəsindən sonra bir sıra Mərkəzi Asiya ölkələri öz marağını ifadə etmişdir ki, Azərbaycana işğaldan azad olunmuş ərazilərin bərpasında dəstək göstərsinlər. Azərbaycan Mərkəzi Asiya ölkələrindən artıq hansı dəstəyi, yaxud da hansı köməyi alıb? Ümumiyyətlə, Siz Mərkəzi Asiya ölkələri ilə münasibətləri necə xarakterizə edərdiniz, xüsusilə Qırğızıstanla?

Prezident İlham Əliyev: Biz göstərdikləri dəstəyə görə Mərkəzi Asiyadan olan dostlarımıza və qardaşlarımıza təşəkkürümüzü ifadə etmək istəyirik. Siz Füzuli Hava Limanından gələndə binaların inşası layihəsini gördünüz. Orada, həmçinin məktəb var və o, səxavətli şəkildə Özbəkistan tərəfindən inşa edilməkdədir. Həmçinin incəsənət mərkəzi var, Qazaxıstan tərəfindən ianə kimi ayrılıb. Hər ikisi hazırda inşa mərhələsindədir. Məktəb avqustun sonuna qədər hazır olmalıdır, gənclər üçün olan incəsənət mərkəzi isə ilin sonuna qədər. Bu, iki dəstək rəmzidir və müharibədən sonra xaricdən aldığımız dəstək bu qədər olmuşdur. Qeyd etməliyəm ki, bu, çox mühüm bir jest idi və həmrəylik nümunəsi idi. Düşünürəm, aydın məsələdir ki, biz məktəbləri özümüz də inşa edə bilərik və biz bunu edirik. Lakin bu, onların həmrəylik nümayiş etdirmək üçün həqiqi istəyidir və doğrudan da qarşımızda böyük işlər var.

O ki qaldı Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa, bu münasibətlər dinamikdir. Mən keçən il, həmçinin bu il Mərkəzi Asiya ölkələrinin bir çoxuna rəsmi səfər etmişəm. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin prezidentləri Azərbaycana rəsmi səfər etmişlər. Həmçinin ilin sonuna qədər dost ölkələrdən əlavə səfərlərin həyata keçirilməsini gözləyirik. Biz ikitərəfli əsaslarda çox fəal işləyirik, xüsusilə sərmayələr və ticarət sahələrində. Biz Özbəkistanla birgə İnvestisiya Fondu yaratmışıq və həmçinin Qırğızıstanla da belə bir təşəbbüs artıq başlayıb. Qeyd etməliyəm ki, aktivlərin həcmi bir o qədər də çox deyil. Lakin bu, layihələrin mövcudluğundan asılı olacaq. Özbəkistanla fond yarım milyard ABŞ dollarına bərabərdir, Qırğızıstanla isə iyirmi beş milyon. Çünki hələ icra üçün layihələr yoxdur. Sözsüz ki, bu fondlar genişləndirilə bilər və düşünürəm ki, genişləndiriləcək.

Eyni zamanda, sualınızda Qırğızıstanla münasibətlərə toxundunuz. Bu münasibətlər çox yaxşıdır, dost münasibətləridir. Mən sizin ölkənizə rəsmi səfər etmişəm və ölkənizin Prezidenti Azərbaycana səfər etmişdir. Bizim, həmçinin Türkdilli Dövlətlər Təşkilatının Sammitində, eyni zamanda, MBD ölkələrinin sammitlərində vaxtaşırı görüşlərimiz olur. Biz, həmçinin Mərkəzi Asiya ölkələri ilə rabitə və nəqliyyat əlaqələrinin qurulması üzərində işləyirik. Bir həftə əvvəl Özbəkistanın Baş naziri, ondan əvvəl isə Qazaxıstanın Baş naziri Azərbaycanda səfərdə olmuşlar. Görüşlərdə müzakirələrin əsas mövzusu nəqliyyat, Xəzər dənizindən keçməklə nəqliyyat yollarının Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya çıxmasıdır. Bu yol Mərkəzi Asiya ölkələri üçün ən mühüm nəqliyyat marşrutlarından biri olacaq. Çünki Azərbaycanın nəqliyyat infrastrukturu müasirdir və eyni zamanda, hazırda yükdaşıma potensialı çox yüksəkdir. Düşünürəm ki, münasibətlərimizin çox gözəl gələcəyi var.

Moderator: Növbəti sual İranın İRNA xəbər agentliyindən Muhammed Rizapurdandır.

Muhammed Rizapur: Cənab Prezident, dəvətə görə Sizə təşəkkür edirəm. Sizi İRNA xəbər agentliyi adından, İran adından salamlayıram. Cənab Prezident, İran və Azərbaycan hökumətləri tərəfindən böyük səylər göstərilir ki, iki ölkə arasında münasibətlər inkişaf etsin, güclənsin. Yaxın günlərdə icra olunacaq layihənin başlanması münasibətlərin güclənməsinə necə təsir edir?

Prezident İlham Əliyev: Üzr istəyirəm, sualınız aydın olmadı. Xahiş edirəm, sualınızı təkrar verin.

Muhammed Rizapur: “İRNA Azəri”nin fəaliyyətə başlaması münasibətlərin güclənməsinə necə təsir göstərəcək?

Prezident İlham Əliyev: Bəlkə bizdən bir az uzaqsınız, odur ki, sualınızı tam eşidə bilmirik. Xahiş edirəm, sualınızı moderatora söyləyin, o da bizə çatdırsın.

Moderator: İRNA-nın Azərbaycandakı bürosunun açılışı? Yaxın günlərdə İRNA agentliyi Azərbaycanda öz bürosunu açacaq və “İRNA Azəri” iki ölkə arasında nə kimi rol oynaya bilər?

Prezident İlham Əliyev: Mən ümid edirəm ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək. Çünki məsuliyyətli KİV kimi sözsüz ki, qonşu ölkələr arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərə bilər. Düşünürəm ki, ən yaxşı üsul İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır. Əlbəttə, yaxşı olardı ki, İranda daha çox insan İkinci Qarabağ müharibəsi və postmüharibə vəziyyəti, ələlxüsus, Azərbaycanın daha geniş regional əməkdaşlıq gündəliyi haqqında məlumatlı olsun. Sizə fəaliyyətinizdə uğurlar diləyirəm. Əminəm ki, siz münasibətlərin güclənməsində müsbət rol oynayacaqsınız.

Moderator: Növbəti sual, TRT World Araşdırmalar Mərkəzinin rəhbəri Tarek Çerkauididəndir.

Tarek Çerkauidi: Zati-aliləri, Siz döyüş meydanında Qələbədən sonra indi bərpa və yenidənqurma işlərində də qələbə çalırsınız. Mənim sualım Şuşa ilə bağlıdır. Növbəti 10 ildə Şuşanı necə görmək istəyirsiniz? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Əlbəttə, Şuşanın bərpası başlanılıbdır, bir müddət öncə Baş plan təsdiq edilibdir və indi artıq ilk yaşayış layihəsi icra olunur. Siz onları şəhərin bir neçə yerində görə bilərsiniz. Həmin layihələr çərçivəsində Şuşa sakinləri yenidən evlərinə qayıdacaqlar. Bununla yanaşı, artıq qeyd etdiyim kimi, Şuşa Prezident Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilibdir və bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaqdır, insan axını olacaqdır. Çünki bu, nadir, misilsiz bir məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir. Əlbəttə ki, bu şəhər qaya üzərində qurulubdur, qədim şəhərdir və bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır. Biz hazırda fəal sürətdə tarixi memarlıq abidələrini bərpa edirik. Üç məscidimiz yenidən qurulubdur. Biri bərpa olunub, digərləri yenidən inşa edilib, çünki onlar dağıdılmışdı. Bizim bərpa etdiyimiz ilk tarix-memarlıq abidəsi dahi şairimiz və Qarabağ xanlığının vəziri Vaqifin məqbərəsi idi. O da işğal dövründə ermənilər tərəfindən dağıdılmışdı. Biz onu yenidən qurduq, bərpa etdik. Biz bulaqları bərpa etdik. Artıq beş bulaq su ilə doludur.

Şuşanın infrastrukturu da inkişaf etdirilir. Çünki ermənilər qaçarkən burada supaylayıcı şəbəkəni dağıtmışdılar. Ona görə də biz şəhərdə sıfırdan yeni supaylayıcı sistem qurmuşuq. Ümumiyyətlə, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulub, yeni yollar yaradılıbdır. Bu ilin sentyabr ayında biz min şagird yerlik məktəbin açılışını edəcəyik və 90 çarpayılıq xəstəxana da ilin sonuna qədər hazır olacaqdır. Şuşada hər şey Baş plan əsasında edilir. Bu isə imkan verəcəkdir ki, şəhər daha gözəl olsun. Yəni, heç vaxt olmadığı qədər gözəl olacaqdır. Çox rahat, müasir şəhər olacaqdır. Eyni zamanda, təbii ki, onun orijinallığı qorunacaqdır, çünki bütün tarixi-memarlıq abidələri hazırda bərpa edilir. Şuşaya səyahət edən insanlar burada tez-tez dəyişikliklərin şahidi olurlar. Çünki bu şəhər gündən-günə gözəlləşir. Bəzi söküntü işləri hələ də qarşıdadır, çünki sovet dövründə tikilmiş binalar var və onların dözümlülüyü bizə imkan vermir ki, onları yenidən istismara verək. Ancaq Şuşanın Baş planı möhtəşəmdir, hesab edirəm ki, 3-4 il ərzində bu şəhər təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaqdır.

Yeri gəlmişkən, bu mehmanxana da yenidir, tamamilə yenidir və o da bizim işlərimizin gözəl təzahürüdür. İki mehmanxana – “Qarabağ” və “Xarıbülbül” bərpa edilib, bu isə sıfırdan inşa edilmiş ən yeni mehmanxanadır. Bu mehmanxana ilə bağlı maraqlı bir fakt ondan ibarətdir ki, burada separatçılar özlərinə qondarma parlamentin binasını inşa edirdilər. Mən Şuşa azad olandan sonra buraya ilk dəfə gələndə gördüm ki, bina tam yekunlaşmamışdı. Onlar öz qondarma “parlament”ini buraya köçürmək istəyirdilər və bu şəhəri – Şuşanı erməniləşdirməyə davam etməyə çalışırdılar. O binanın qarşısında dayanarkən onu şeytan yuvası adlandırdım. Şeytan yuvası söküldü və biz bu 5 ulduzlu gözəl hoteli inşa etdik. Ümid edirəm ki, qonaqlarımız burada özlərini rahat hiss edirlər. Bu, Şuşanın necə sürətlə inkişaf etdiyini göstərir.

Moderator: Cənab Prezident, iki saatdan artıqdır ki, biz Sizinlə birlikdəyik. Aydındır ki, hamı bu prosesin bir hissəsi olmaq istəyir. Lakin biz Sizin qonaqpərvərliyinizdən həddən artıq istifadə etmək istəmirik. Ola bilərmi cənab Markova da imkan verək. Çünki əvvəldən sual verməyə çalışır, buna müvəffəq olmayıb.

Rusiyalı politoloq Sergey Markov: Təşəkkür edirəm, cənab Prezident. İcazənizlə, sualımı ingiliscə verim. Yadımızdadır, bizim ilk kiçik beynəlxalq konfransımız burada keçirildi. Buraya səfərə gələndə də yolboyu partlayış oldu. Ümid edirəm ki, bundan sonra heç bir partlayış olmayacaq və artıq ermənilər də bu reallıqlarla barışacaqdır. Mən təkcə siyasi xadimə deyil, həm də qalib gələn bir şəxsə sual verirəm: Siz çox təcrübəli şəxssiniz. Siz bu gün üç vasitəçini qeyd etdiniz və onlar arasında da müəyyən rəqabət var. Hər bir vasitəçi uğurlu olmağa çalışır. Eyni zamanda, onlar Minsk qrupu çərçivəsində bir yerdə işlədilər, amma bu, heç bir nəticə vermədi. Onlar uğursuzluğa düçar oldular. Çünki onların fəaliyyətsizliyi nəticəsində İkinci Qarabağ müharibəsi baş verdi. Yəni, 28 il ərzində onlar mənasız danışıqlar apardılar və bu da İkinci Qarabağ müharibəsi ilə nəticələndi. Yəni, bu gün biz onun şahidi oluruq ki, vasitəçilərin sayı artır. Ancaq mənə elə gəlir ki, burada məna bir balaca itir. Yəni, Sizcə, vasitəçilərin hansı daha uğurlu olacaqdır? Yəni, vasitəçilər uğurlu olmaq üçün nə etməlidirlər və daha geniş mənada necə hesab edirsiniz, hansı beynəlxalq təşkilatlar böhranla üz-üzə qalmamaq üçün necə inkişaf etməlidirlər? Yəni, BMT bu gün böhrandadır, ATƏT-in Minsk qrupu da ATƏT-in fəaliyyətsizliyini göstərdi. Yəni, Siz beynəlxalq münasibətlər sahəsində böyük təcrübənizə əsaslanaraq, bu beynəlxalq təşkilatların necə daha uğurlu və səmərəli ola biləcəyi barədə nə deyə bilərsiniz?

Prezident İlham Əliyev: Sualınıza görə çox sağ olun. Mən bir balaca aydınlıq gətirmək istəyirəm. Burada vasitəçilərlə bağlı iki prosesimiz var. Biri Azərbaycan və Ermənistanladır, birbaşa orada vasitəçi olaraq Rusiya və ABŞ var. Eyni zamanda da Brüssel formatımız var. Bu, rəsmi danışıqlar formatı deyil, çünki danışıqlar xarici işlər nazirləri, onların heyətləri və ekspertlər səviyyəsində aparılır. Brüssel formatı isə bir balaca əlavə dəstəkverici mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Hesab edirəm ki, o, bu günə qədər müəyyən dərəcədə uğurlu olubdur. Bu formatlar arasında müəyyən fərq var. Minsk qrupu ilə bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün Fransa artıq prosesdə yoxdur. Ancaq Avropa İttifaqı rəsmi vasitəçi olmasa da, mən onu müəyyən təzyiqləri azaldan, iki liderin bir-biri ilə danışıqlar aparmasına və mövqelərini daha yaxşı başa düşmələrinə imkan verən amil adlandırardım. Minsk qrupuna gəldikdə, demək istəyirəm ki, onun fəaliyyətsizliyini mən yox, onlar özləri etdilər. Yəni, İkinci Qarabağ müharibəsindən sonra onlar da özlərinə sual verməyə başladılar ki, növbəti hansı addımlar atmalıdırlar. Bizimlə təmas quranda mən qeyd etdim ki, münaqişə artıq bitib. “Madrid prinsipləri” adlandırılan sənədin bir çox müddəaları artıq həll edilibdir. Ona görə də mən hesab etdim ki, onlar fəaliyyətini davam etdirəcəksə, etimad, quruculuq tədbirləri həyata keçirə bilərlər və 10 noyabr 2020-ci il Bəyannaməsinin müddəalarının tam həyata keçirilməsinə nail olsunlar. Bildiyiniz kimi, iki müddəa hələ də həllini tapmayıb. Bunun birincisi, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, ikincisi isə Naxçıvana çıxışın təmin edilməməsidir. Ermənistan hələ də bu iki müddəanı təmin etməyib. Bu, bir növ geosiyasi toqquşma nəticəsində Minsk qrupu artıq fəaliyyətinə son qoydu. Bu gün Minsk qrupunun yenidən canlandırılması qəbuledilməzdir və biz bunu qəbul etməyəcəyik. Bu qırılmış vazanı yenidən bir yerə gətirmək üçün bu gün müəyyən fikirlər, danışıqlar var. Amma bu, praktiki cəhətdən də mümkün deyil. Eyni zamanda, Azərbaycan buna razı olmayacaqdır. Çünki bizim onların fəaliyyəti ilə bağlı o qədər də xoş xatirələrimiz yoxdur. Rəqabətə gəldikdə, bəli, biz vasitəçilər arasında bu rəqabəti görürük. Bu isə qlobal rəqabətin bir parçasıdır, hətta o rəqabətin harada olmadığını tapmaq çətin olardı, yəni, Cənubi Qafqaz və Azərbaycan istisna deyil.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təbii ki, təşəbbüsü Rusiya öz üzərinə götürdü. Çünki artıq qeyd etdiyim kimi, Rusiya 10 noyabr Bəyannaməsinin hazırlanmasında vasitəçilik edirdi. Rusiya sülhməramlıları hazırda regionda müvəqqəti yerləşdirilib. Rusiya Azərbaycanın qonşusudur, ancaq Ermənistanla qonşu olmasa da, onunla olduqca yaxın ölkədir. Ona görə bu, təbii idi. Daha sonra biz, əlbəttə, gördük ki, Rusiyanın digər məsələlərə bir balaca başı qarışdı və rəqiblər belə demək olarsa, fürsətdən istifadə etdilər. Bu rəqabətin Cənubi Qafqaza hansı təsiri olacağını demək çətindir. Mənim üçün Prezident olaraq hər zaman vacib olub, hətta işğal dövründə də vacib olub ki, Azərbaycan rəqabət meydanına çevrilməməlidir. Bu, bizim üçün və istənilən ölkə üçün ən pis ssenaridir. Biz bu gün görürük ki, məhz bu, Ermənistanda baş verir. Ermənistan elə bir ölkəyə çevrilir ki, orada ciddi rəqabət gedir və bu, ciddi problemlər yarada bilər. Təkcə Rusiya və Amerika deyil, digər ölkələr də bu prosesə fəal surətdə qoşulurlar. Hesab edirəm ki, Ermənistan hökumətinin hazırda aydın xarici siyasət strategiyası yoxdur. İkinci Qarabağ müharibəsinə qədər müəyyən strategiyaları var idi. Bu gün isə bu, yoxdur və bu da onlar üçün ciddi nəticələr yaradacaq.

Azərbaycana gəldikdə isə bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Bildiyiniz kimi, Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri, çox yüksək, yəni ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu isə bizə olan etimadın, etibarın göstəricisidir. Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir, hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, bu rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə belə təmaslar potensial olaraq Azərbaycanda yenə də bərpa edilə bilər.

Yekun nəticənin nədən ibarət olacağını demək çətindir. Əsas məsələ odur ki, istər Moskva, istərsə də Vaşinqton olsun, hər iki vasitəçi danışıqlar üçün şərait yaradır. Bu, üçtərəfli danışıqlar deyil, bu, ikitərəfli danışıqlardır. Bu yaxınlarda Vaşinqtonda olub, bir neçə gündən sonra Moskvada olacaq. Yəni, bu, kimin dəvət etməsindən asılıdır. Bir neçə gün əvvəl Rusiya xarici işlər naziri belə bir dəvət edəndə mən tapşırdım ki, buna razılıq verilsin və tarix müəyyən edilmişdi. Sonra ermənilər tarixin dəyişilməsini xahiş etdilər. Biz də buna razılıq verdik. Amerikalılar nazirləri daha tez-tez dəvət edirlər, ancaq bunu aydın bilmək lazımdır ki, bu, ikitərəfli danışıq formatıdır. Ermənistan ilə Azərbaycan arasında aparılan danışıqlara dair yanaşma odur ki, bu, ikitərəfli olmalıdır. Bu, bizim yanaşmamızdır. Bu görüşlərin harada keçirilməsi, əlbəttə ki, vacibdir. Bunun öz rolu var və biz hər cür vasitəçilik səylərinə açığıq ki, mövqelərimizi yaxınlaşdıraq.

Hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Onlar bunu şifahi şəkildə ediblər, bu, onların mövqeyidir. Biz onu qəbul etdik. Onların baş naziri dedi, “Qarabağ Azərbaycandır”. Kaş ki, o, bunu 2019-cu ildə deyəydi. Amma o, Xankəndidə tamamilə başqa bir söz demişdi. Ancaq o, bu gün həmin sənədə öz imzasını qoymalıdır. Bizim sülh sazişimizin layihəsində belə bir bənd var ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Çünki hazırda onların mövqeləri qeyri-müəyyəndir. Bir tərəfdən deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür. Mətnlə bağlı müəyyən təkliflər var. Onlar milli azlıqların hüquqları və təhlükəsizliyi ilə bağlıdır və bu, hər iki ölkəyə aiddir. Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır. Ümid edirəm ki, biz yekun mərhələyə çatacağıq. Proqnoz vermək çətindir. Mən bizdən asılı olan məsələlərlə bağlı proqnoz verə bilərəm. Ancaq biz danışıqlarla bağlı ümidliyik. Amma biz o qədər də nikbin deyil, real olmalıyıq.

Moderator: Cənab Prezident, bu, son sualımız olacaq, ADA Universitetindən Şəfəq Mehrəliyeva.

Şəfəq Mehrəliyeva: İcazənizlə, mən də sualımı ingilis dilində verərdim. Cənab Prezident, mən ADA Universitetində kommunikasiya sahəsində dərs deyirəm. Bu gün ərzində biz həmkarlarımızla müasir media trendləri haqqında danışacağıq və bu sahədə yaranan sual sosial media ilə peşəkar KİV-lər arasında əlaqələrə aiddir. Burada müəyyən rəqabət var. Siz sosial şəbəkələrdə çox fəalsınız, Sizin fəaliyyətiniz işıqlandırılır. Sizi müxtəlif nəsillərin nümayəndələri izləyirlər. Mənim oğlum da Sizin fanatınızdır və birinci xanım da bilməlidir ki, biz onu çox diqqətlə izləyirik. Onun mesajları, videoları çox isti və səmimi olur və o da Sizinlə birbaşa təmasın vasitəçisidir, heç bir maneəsiz, süzgəcsiz. Sosial şəbəkələrdən istifadə baxımından Siz sosial medianın rolunu necə görürsünüz və Siz ondan istifadə edirsiniz?

Prezident İlham Əliyev: Mən sizə deyə bilərəm ki, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz. Çünki hər bir prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə də Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Eyni zamanda, fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən bir də görürsünüz, cəmiyyətin nəbzini müəyyən qədər hiss etməmək olur. Çünki cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olubdur və ya mən digər məsələlərlə məşğul olmuşam, hətta mənim nəvələrim mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. O, mənə çox yardımçı olur. Bəzi məsələlər var ki, məni də müəyyən dərəcədə qıcıqlandırır. Ölkəmizdə ədalətsizlik, bürokratiya, pis idarəçilik və ya digər mənfi hallar, əlbəttə ki, bizim həmvətənlərimiz, hər bir vətəndaş kimi məni də qıcıqlandırır. Ona görə də mənim kommunikasiya kanallarım fərqlidir, müxtəlifdir. Postmüharibə dövrünü və hazırkı vəziyyəti nəzərə alsaq, təhlükəsizlik məsələləri, sülh prosesi, enerji diplomatiyası, qlobal təhlükəsizlik və Azərbaycanın inkişafı mənim gündəlik fəaliyyətimin böyük hissəsini, əsasını təşkil edir. Ona görə də belə bir şəraitdə müəyyən məsələlər mənim diqqətimdən yayına bilər. Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və ona dərhal reaksiya verim. Sizə deyə bilərəm ki, bir çox hallarda müəyyən dövlət məmurlarının reaksiyası verilir, hətta bir ağacın belə kəsilməsi, – mən onu mediadan bilmişəm, – o, məmurlarda da intizam yaradır. Çünki mən ölkəni gəzirəm, ölkədə səyahət edirəm və mən bunu avtomobillə edirəm. Buna səbəb isə mən avtomobillə hərəkət edəndə daha çox görürəm, nəinki helikopter və ya təyyarə ilə səyahət edəndə. Yerlərdə olan məmurlar bilirlər ki, gələn dəfə gələndə mən bunu yoxlayacağam, buna nəzarət edəcəyəm. Ona görə də mən gələcək fəaliyyətimdə də əlbəttə ki, mediadan istifadə edəcəyəm. Mən, əlbəttə ki, istədiyim qədər fəal deyiləm, çünki məşğulam. Ancaq cəmiyyətdə müəyyən narahatlıq doğuran məsələlərə gəldikdə, mən dərhal təmasdayam, mənim ailəm də mənimlə təmasdadır, qohumlarım təmasdadır və belə görüşlər də çox vacibdir.

Ötən il burada, Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə mən bu tədbirdə iştirak etmədim. Prezident Administrasiyasına göstəriş verdim ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır. Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar.

Sizə səbirli olduğunuz üçün təşəkkür edirəm. Üç saata yaxındır ki, bir yerdəyik. Əminəm ki, siz bu müzakirələr sayəsində ölkələrinizə çox yaxşı nəticələrlə qayıdacaqsınız. Bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaqdır. Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna birinci Şuşa Qlobal Media Forumu adı verilsin.

Moderator: Beləliklə, rəsmi hissəmiz başa çatır. Cənab Prezident, Sizə bir daha təşəkkür edirik. Gələn il görüşənədək.

x x x

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.

Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürüləcək.

Qeyd edək ki, bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.

President.az