Elxan Süleymanov: “Qalib Azərbaycan Sərsəng su anbarının problemlərini həll edəcək!”

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Baş nazir Novruz Məmmədov “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib

AVCİYA prezidenti: “Sərsəng su anbarının taleyi barədə beynəlxalq təşkilatlardan ümid gözləmək sadəlövhlükdür”

Son günlər mətbuatda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət altında olan ərazilərdə Xankəndidəki separatçı rejim tərəfindən həyata keçirilən təxribat xarakterli fəaliyyət nəticəsində Sərsəng su anbarında suyun səviyyəsinin xeyli dərəcədə aşağı düşməsi barədə məlumatlar yayılmaqdadır. Mətbuatda yer alan bu məlumatlarda Xankəndidəki separatçı rejimin həyata keçirdiyi ekosid nəticəsində son 28 ildə Sərsəng su anbarında suyun səviyyəsinin 25,4 metr aşağı düşdüyü, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu prosesin daha da sürətləndiyi və faktiki olaraq Sərsəng su anbarının qurumaqda olduğu bildirilir.

Məlum olduğu kimi, ölkəmizin su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Kiçik Qafqaz dağlarının əhəmiyyəti böyükdür. Belə ki, bu dağlardan öz mənbəyini götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və b. Ermənistanın işğalına qədər özləri ilə ölkəmizin düzən ərazilərinə bol su gətirirdilər, onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdı.
İşğal dövründə Sərsəng su anbarından kanallara verilən suyun qabağı işğalçı qüvvələr tərəfindən kəsilmişdi və cəbhəyanı Azərbaycan əhalisinə qarşı ekoloji terror silahı kimi istifadə edilirdi.
Bununla yanaşı işğal altında olması səbəbindən Sərsəng su anbarının texniki qurğuları baxımsızlıqla üzləşmişdi və onlara xidmət göstərilməməsi səbəbindən qəza təhdidləri mövcud idi.
Belə ki, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla yanaşı, cəbhəyanı rayonlarda yaşayan 400000 mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı artmaqda idi.
Odur ki, rəhbəri olduğum Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Sərsəng su anbarı ilə bağlı qeyd edilən problemləri nəzərə alaraq 2013-2017-ci illər ərzində “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirdi.

serseng-KITAB-268x400.jpg (26 KB)

Bu layihə çərçivəsində işğal altında qalmış Sərsəng su anbarının problemlərini milli və beynəlxalq səviyyədə siyasi gündəliyə gətirdik, yerli və xarici ekspertlərin iştirakı ilə problemlə bağlı dərin araşdırmalar apardıq. Sərsəng su anbarının strateji, siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırdıq, AŞPA, Avropa Parlamenti və AVRONEST PA kimi beynəlxalq qurumlarda böyük işlər gördük. AŞPA-nın 2016-cı il yanvar sessiyasında 2085(2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsinin qəbul edilməsinə nail olduq. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və işğal altında saxlanması vurğulanmış, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilmiş, təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənmiş və “qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilmiş, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilmişdir.

Qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti, bu ölkənin müxtəlif ölkələrdəki diplomatik korpusları, erməni kilsələri, erməni diaspor təşkilatları bu qətnamələrin qarşısını almaq üçün 2015-ci ilin dekabr ayından başlayaraq bütün səylərini səfərbər etmişdilər. Ermənistan tərəfi məruzəçini ölkəyə buraxmadı və ona qarşı kampaniyalar aparıldı. Mənim özüm AŞPA üzvü kimi Sərsəng su anbarına dair qətnamə layihəsi verdikdən sonra anti-Azərbaycan və ermənipərəst qüvvələr tərəfindən təzyiqlərə məruz qaldım. Bu çətinliklərə və təzyiqlərə baxmayaraq AŞPA-da qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsinə nail olduq. Təəssüflər olsun ki, sonradan digər təşkilatların işğalla bağlı qəbul etdiyi sənədlər kimi AŞPA-nın 2085(2016) qətnaməsi də icra olunmadı, beynəlxalq ictimaiyyət tərəfindən onların müddəalarının yerinə yetirilməsi istiqamətində hər hansı səy göstərilmədi və onlar kağız üzərində qaldı. Təəssüf ki, demokratik dəyərlərdən, beynəlxalq hüququn yerinə yetirilməsinin vacibliyindən, insan hüquqlarının aliliyindən dən vuran beynəlxalq təşkilatlar bu məsələdə biganəliyə üstünlük verdi. Mən burada rus alimi, “Qeyri-zorakı inkişaf fəlsəfəsinə giriş monoqrafiyası”nın müəllifi İqor Nikolayeviçin sözlərinə istinad etmək istərdim. “Demokratiya insanlıq tarixinin ən cinayətkar sosial təşkilatıdır”. Ona görə də, Sərsəng su anbarının taleyi barədə beynəlxalq təşkilatlardan ümid gözləmək sadəlövhlükdür.

Vəziyyət yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin payızında 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində dəyişdi. Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Amma etiraf etməliyik ki, indiyədək bəzi məsələlər özünün tam həllini tapmayıb. Məhz buna görə, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən Azərbaycanın suveren ərazisi olan Qarabağın müəyyən hissəsində müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Sərsəng su anbarı Azərbaycanın strateji xarakterli obyeklərindən biri olaraq Qarabağ iqtisadi zonasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisində qalıb.

Qeyd edilənlər kontekstində bildirmək istərdim ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə indiyədək həllini tapmamış problemləri həm siyasi, həm də, zərurət yarandıqda, güc yolu ilə həll edir. Buna nümunə kimi 2022-ci ilin 4 avqustunda erməni hərbi birləşmələrinin silahlı təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı birləşmələri 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının müddəalarına zidd olaraq mövcud olan erməni hərbi birləşmələrinə qarşı “Qisas” əməliyyatına başladı. Azərbaycan silahlı birləşmələri erməni tərəfinin hərbi bazasını və postunu darmadağın etməklə bərabər bir sıra strateji yüksəklikləri, o cümlədən dəniz səviyyəsindən 2374,7 m hündürlükdə yerləşən Buzluq yüksəkliyini nəzarətə götürdü. Buzluq yüksəkliyi Azərbaycan silahlı birləşmələrinə Sərsəng su anbarını və onun ətrafında yerləşən digər yüksəkliklərin hamısını vizual və atəş nəzarətinə götürmək imkanı yaratdı. Artıq Azərbaycan Sərsəng su anbarında həyata keçirilə biləcək istənilən əməliyyata, o cümlədən təxribat xarakterli manipulyasiyalara nəzarət edə bilir. Bu bizə əsas verir ki, Azərbaycan Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi və Goranboy rayonlarının ərazilərini su ilə təmin edəcəkdir.

Beləliklə, əminliklə vurğulamaq istərdim ki, beynəlxalq təşkilatlardan heç bir ümid gözləmək olmaz.
Qalib Azərbaycan suveren və öz milli maraqlarını tam şəkildə qorumağa qadir olan dövlət kimi öz imkanlarından istifadə edərək Sərsəng su anbarında separatçı qüvvələr tərəfindən suyun səviyyəsinin süni şəkildə azaldılmasının qarşısını alacaq, ümumiyyətlə Sərsəng su anbarı ətrafında baş verən prosesləri tənzimləməyə, mövcud problemlərin tam şəkildə aradan qaldırılmasına, ən başlıcası isə Sərsəng su anbarı tam şəkildə yenidən ölkəmizin istifadəsinə qayıtmasına nail olacaq.

elxan suleyman.jpg (69 KB)

Elxan Süleymanov,
AVCİYA-nın prezidenti