İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edib

Nazirlər Kabinetində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə dair iclas keçirilib
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb
Vladimir Putin: Azərbaycanla müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk

Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Tacikistan Prezidenti Emoməli Rəhmon qonaqları salamlayaraq dedi: Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyev sammitimizin işində fəxri qonaq qismində iştirak edir. Sizi salamlayıram.

X X X

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında vurğuladı: Fəxri qonağımızı, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi xüsusi olaraq salamlamaq istəyirəm. Qardaş Azərbaycanın liderinin iştirakı xalqlarımızın çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmlənməsinə yönəlmiş səmimi səylərinin göstəricisidir.

Əminəm ki, bugünkü sammit həqiqətən əlamətdar olacaq və çoxplanlı əməkdaşlığımızın gələcək dinamikasını müəyyən edəcək.

X X X

Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında qeyd etdi: Fürsətdən istifadə edərək mən də Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi salamlamaq istəyirəm.

X X X

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxışında bildirdi: İcazə verin, mən də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edən hörmətli İlham Heydər oğlunu salamlayım.

X X X

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısının tədbirdə iştirakını yüksək qiymətləndirərək dedi: Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi bizim görüşümüzdə görməkdən şadam. Sizin iştirakınız region ölkələrinin Azərbaycan ilə dərin tarixi qarşılıqlı əlaqələrinin və əməkdaşlığın hazırkı yüksək səviyyəsinin daha bir təsdiqidir.

Ölkələrimizin gələcək nəqliyyat potensialını artırmaq məqsədilə sahə nazirlərin görüşləri çərçivəsində Mərkəzi Asiyanın nəqliyyat və tranziti haqqında sazişlər hazırlamasını, Çin, Cənubi Asiya və Yaxın Şərq ölkələrinə, Avropa İttifaqına çıxış üçün səmərəli nəqliyyat dəhlizlərinin konkret mexanizmlərinin biznes üçün sərfəli keçid tarifləri tətbiq edilməklə yaradılmasını, nəqliyyat xidmətlərinin liberallaşdırılması üzrə tədbirlər planının tərtib edilməsini, icazə prosedurlarının optimallaşdırılmasını, beynəlxalq daşımaların inteqrasiyalı rəqəmsal platformalarının yaradılması məsələsinin nəzərdən keçirilməsini, azərbaycanlı tərəfdaşlarımızın birgə işimizə fəal qoşulmasını təklif edirəm.

X X X

Sonra çıxış üçün söz dövlətimizin başçısına verildi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Emoməli Şaripoviç.

Hörmətli dövlət başçıları, əziz dostlar.

Əvvəlcə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak etmək məqsədilə dəvətə görə Tacikistan Prezidenti, hörmətli Emoməli Şaripoviç Rəhmona təşəkkür etmək istərdim. Eyni zamanda, bu tədbirdə Azərbaycanın iştirakına verdikləri dəstəyə görə hörmətli həmkarlarıma minnətdarlığımı bildirirəm.

Mən bu il qardaş Tacikistana ikinci dəfə səfər edirəm. Apreldəki dövlət səfərim, səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu fürsətdən istifadə edərək dost Tacikistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

Son iki il ərzində mən Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişəm. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək.

İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük.

Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır.

Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.

Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.

Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.

Hörmətli həmkarlar, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili tamam olur. Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram.

Bu gün keçirilən görüşə dəvətə görə bütün dövlət başçılarına bir daha təşəkkürümü bildirmək istəyirəm və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident Emoməli Rəhmon çıxışına görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür etdi.

X X X

Çıxışlardan sonra BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olundu.

Daha sonra Məşvərət görüşünün Birgə Bəyanatı imzalandı.

X X X

Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.

President.az