Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

BMT müvafiq sahələrdə Azərbaycana kömək etməyə hazırdır
Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə müraciətlərin qəbulu davam edir
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Müsəlman Şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik xalqımız öz tarixinin müəyyən dövrlərində zamanın hökmü ilə böyük imperiyaların tərkibinə qatılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın mədəni-siyasi yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı.

Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

AZƏRTAC xalqımızın taleyini dəyişən bu tarixi hadisənin əsas məqamlarına və nəticələrinə nəzər salır.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin və mühüm missiyanı imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. İlk parlament və hökumət təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi qəbul olundu. Azərbaycan dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi addımlar atıldı.

Respublikanın ərazi bütövlüyünü və milli təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görüldü. Qısa müddətdə yüksək döyüş qabiliyyətinə malik hərbi hissələr yaradıldı, milli xüsusiyyətlərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarif və mədəniyyətin inkişafı məqsədilə önəmli qərarlar qəbul olundu. Mövcudluğunun ilk günlərindən demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı.

Ancaq birinci respublika cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalına məruz qalaraq müstəqilliyini itirdi.

Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra – 1991-ci ildə bərpa edə bildi. Lakin əsl müstəqilliyimiz 1993-cü ildə xalqımız Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edəndən sonra başladı. Azərbaycan dövləti özünü Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etdi.

Ulu Öndər xilaskarlıq missiyasını üzərinə götürərək respublikanı çətin sınaqlardan uğurla çıxardı, dövlət müstəqilliyini qorudu və möhkəmləndirdi. İndi çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq xəyalları reallığa çevirdi, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində dövlət Bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Hazırda isə azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı müvəffəqiyyətlə icra olunur.

Bu gün müasir Azərbaycan 106 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı güclü, dünyada sayılıb-seçilən dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız hərtərəfli və dinamik inkişafdadır. Fəxrlə qeyd edə bilərik ki, hazırda Azərbaycan dünyanın müstəqil siyasət yürüdən azsaylı ölkələrindən biridir. Ulu Öndərin və Prezident İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasət sayəsində müstəqilliyimiz əbədi, dönməz xarakter alıb.

Azərbaycan xalqı 28 May – Müstəqillik Gününü bu gün xüsusi əhvali-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd edir. Üçrəngli Bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalanır.

Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir. Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir. Xalqımız qanı-canı bahasına əldə etdiyi bu sərvəti əzmlə qoruyur və qoruyacaq.