Əsəd Təhləli (Əsəd Tanrıverdi oğlu Əliyev), borçalışünas alim, tarix elmləri doktoru.
Asif Hacılı. Kənd təsərrüfatının əhalini fərəhləndirən, ağır zəhmətinin bəhrəsi olan biçim mərhələsi xüsusi bir mərəkə, toy-bayramdır. Bu proses Borçalıda necə baş verib?
Əsəd Təhləli. Taxıl bicini iyun ayının əvvəlindən başlayar və iyulun sonuna qədər davam edərdi. Əsas bicin aləti oraq və çin idi. Bu alətlər oxşar görünsə də, bir-birindən dişli (çin) və dişsiz (oraq) olması ilə fərqlənirdi. Dən itkisinin qarşısını almaq üçün taxıl seyrək və gödəkkən dəryazla da biçilirdi. Bir əl tutumu biçilmiş taxıl bafa adlanırdı. Bafanın on qomunu bir yerə yığıb dərz bağlayırdılar. Bağlanmış dərzlər qurudulub pencələrə-xaraya (bir pencədə on dərz olurdu) yığılırdı. Arabalarla həyətə daşınan dərzlərin dənini qılçıqdan təmizləmək uçun onu ağac dəyənəklə, xırman yerlərindəkini isə at və öküz vasitəsilə döyürdülər. Taxıl döyümü zamanı yaba, şana, kürək, süpürgə, xəlbir, şadara, hövsər kimi əmək aləti, həmçinin digər əşyalardan da istifadə edilirdi. Gürcüstan azərbaycanlıları yaşayan düzən ərazilərdə yetişdirilən ağ və sarı buğda keyfiyyətinə görə Cənubi Qafqazda birinci yeri tuturdu. Ümumiyyətlə, mövcud olan 16 buğda növündən 11-nin Gürcüstanda becərildiyi barədə bilgilər vardır.
Asif Hacılı. Borçalının, eləcə də Axısqanın zəngin, bol bəhrəli bağlar, bostanlar, məkanı olduğu məlumdur. Qədimdən sultanlıq statusunda olmuş Borçalıda, paşalıq mərkəzi olan Axısqada, eləcə də klassik şəhər mədəniyyətinə və zəngin Azərbaycan etnik mühitinə sahib olan Tiflisdə təsərrüfat əhəmiyyətli bağlardan, bostanlardan başqa, istirahət, memarlıq məramı daşıyan gülbağçalar da mövcud olub. Bu bağlar dastanlara düşüb, şairlər tərəfindən vəsf edilib. Ancaq əsas yeri təsərrüfat və ticarət əhəmiyyətli bağlar tutub. Mənim babam Məhəmməd Hacı oğlu da Sarvanda məşhur bağban kimi tanınıb. Bu barədə nə deyərdiz?
Əsəd Təhləli. Gürcüstan azərbaycanlılarının yaşadığı ərazilərin mülayim iqlimi, saf, təmiz havası, torpağının münbit və məhsuldarlığı burada təbii meyvə ağaclarının, giləmeyvə bitkilərinin – cır alma, armud, zoğal, heyva, nar, əzgil, gilas, gilənar (albalı), göyəm, yemişan, alça, üzüm, tut, fındıq, qoz, badam, püstə, moruq, çiyələk, böyürtikan və s-nin yetişməsinə səbəb olmuşdur. Təsadüfi deyil ki, hələ IX-X əsr ərəb müəllifləri Arranın üçüncü böyük şəhəri sayılan və müsəlman Cəfərilər sülaləsinin tabeliyində olan Tiflis barədə yazırdılar ki, bura çox məhsuldar, meyvəsi və əkin torpaqları bol olan yerdir. Bu bölmədə o da vurğulanır ki, zaman-zaman Tiflisdən başqa ərazilərə meyvə ağaclarının şitilləri daşınmışdır.
Asif Hacılı. Borçalı torpaqları bostançılıq, tərəvəz yetişdirilməsi üçün də əlverişlidir və eloğlularımız bu gün də Gürcüstanda tərəvəz və bostançılıqda öncül yerlərdədirlər. Atam deyərdi ki, hələ 1940-50-ci illərdən Tiflis bazarlarını tərəvəz məhsulları ilə əsasən azərbaycanlılar təmin edərdi.
Əsəd Təhləli. Gürcüstan azərbaycanlıları yaşayan dağətəyi və düzənlik ərazilərin kəndlərində bostan və tərəvəz məhsulları (qarpız, yemiş, balqabaq, xiyar, pomidor, soğan, sarımsaq, lobya, kələm, badımcan, cuğundur, turp, yerkoku və s.) yetişdirilirdi. Əhalinin təsərrufat həyatında göy-göyərti məhsulları – keşniş, cəfəri, şüyüd, reyhan, tərxun, göy soğan və s. muhum yer tuturdu. Ağır zəhmət tələb edən sahə olsa da, XX əsrin əvvəllərində Qarayazı bölgəsinin kəndlərində 12 adda göyərti məhsulu becərilirdi. Etnoqrafik səfər zamanı məlum oldu ki, adıcəkilən bölgənin kəndlərində hazırda 20-dən cox göyərti növü yetişdirilir.
Yeri gəlmişkən, üzümçülük haqqında da müşahidələrimi bölüşüm. Əhalinin təsərrüfat həyatında üzümşülük də mühüm rol oynamış və burada dadı, ətri, rəngi, forması, şirəliliyi, giləsinin iri, xırda olması baxımından bir-birindən fərqlənən “xanlıq”, “sarısaçaq”, “çaqqalboğan”, “qorel”, “girkəni”, “lək”, “sahabı”, “Borşalı” kimi üzüm növləri yetişdirilir. Borçalıların zəngin üzümçülük vərdişləri olub, onlar tənəklərin becərilmə üsulları, ona qulluq qaydası, üzüm meyvəsindən alınan müxtəlif adda məhsullar, içkilərin hazırlanması üsullarına dərindən yiyələniblər.
Asif Hacılı. Məlum olduğu kimi, Borçalı türkləri qədim qarapapaq soyuna aiddirlər və tərəkəmə həyat tərzi keçirən türk toplumu olublar. Bu etnik və etnoqrafik müəyyənlik bu gün öz varlığını saxlayır. Borçalılar tərəkəmə gələnəyinə uyğun olaraq ilin məlum fəsillərində arandan dağa, yaylaqlar və dağdan arana köçürlər. Bu adət tarixən maldarlıqla bağlı olub və bu gün də bu xüsusiyyət qalmaqdadır. Lakin tədricən, xüsusən XX əsrin ortalarından dağlara köç həm də istirahət, müalicə məqsədləri güdüb. Tərəkəmə ruhuna xas, köçlə bağlı məhrəm duyğular böyük ədibimiz Abdulla Şaiqin “Köç” əsərində dolğun təsvir və tərənnüm edilib. Tədqiqatlarınızda Siz də bu məsələyə toxunursunuz. Bu haqda mülahizələrinizi bildirməyi istərdik.
Əsəd Təhləli. Haqlısınız, bu qədim gələnək ilk növbədə maldarlıqla və coğrafi şəraitlə bağlıdır. Gürcüstan azərbaycanlıları yaşayan bölgələrin səfalı yaylaqlara, alp çəmənliklərinə, zəngin və keyfiyyətli bitki örtüyünə, geniş otlaqlara, şır-şır çaylara, bulaqlara malikliyi burada maldarlığın inkişafına, həmçinin əsas məşğuliyyət sahələrindən birinə çevrilməsinə, əsrlər boyu əkinçiliklə birlikdə əhalinin iqtisadi həyatının əsasını təşkil etməsinə səbəb olmuşdur. Ancaq maldarlıq oturaq və elat-tərəkəmə olmaqla iki formada təzahür edir, yerli inək cinsinin “Tərəkəmə” adlandırıldığı, bu təsərrüfatda qoyunçuluğun daha çox əhəmiyyət daşıdığı da məlumdur. Qarayazı, Borçalı, Bolus, Backeçiddə, habelə Saqareco, Laqodex, Telav, Kaspi və Msxet yörələrindəki azərbaycanlı kəndlərində “Tərəkəmə”, “Bozax”, “Qarabağ”, “Tuş”, “Merinos” və s. qoyun cinsləri intişar tapmışdı. Ətindən, südündən, yunundan istifadə edilməsi qoyunçuluğun ən gərəkli sahəyə çevrilməsinə stimul vermişdir. Mövsümlə əlaqədar olaraq qoyunlar yayda yaylaqda, qışda qışlaqda saxlanardı. Qoyunların yaş dövrünə uyğun adları, otarılmasında və dölün mütəşəkkil keçirilməsində çobanların səriştəsi, sağım prosesi, quzulara qulluq qaydaları, onların düçar olduqları xəstəliklərin empirik biliklərə əsasən müalicəsi də maldarlıqda mühüm rol oynayan amillərdəndir.
Asif Hacılı. Lakin maldarlığın geniş yayılması borçalıların oturaq və həm də şəhərli həyat tərzinə xas fəaliyyət növlərinin, yəni sənətkarlığın zəngin ənənələri ilə həmahəngdir. Gürcüstan türkləri Tiflisdə, Borçalıda, Axısqada kamil sənətkarlar kimi də tanınmışlar. Həm özlərini sənətkarlıq məhsulları ilə təmin etmişlər, həm də istehsal etdikləri məhsullar, o cümlədən xalçalar bütövlükdə Qafqazda tanınmışdır.
Əsəd Təhləli. XIX əsrin sonuna aid mənbəyə əsasən, Borcalı qəzasının Şuləver və Cəlaloğlu yorəsində 147 dəmirci, 62 nalbənd, 69 bənna, 73 cəkməci, 38 dərzi, 163 dulgər, 17 xarrat, 57 təkərci, 42 papaqcı, 9 sərrac, 20 mişarcı, 4 pec ustası, 3 cilingər, 2 kurkcu, 1 tənəkci, 2 şuşəsalan, 12 cəlləkci, 52 bərbər, 60 zurnacı fəaliyyət gostərirdi. Onlar təkcə bu işlə kifayətlənməyib, həm də əkincilik və maldarlıqla məşğul idilər.
Asif Hacılı. Əsəd müəllim, Borçalı və yaylaqları sal qayalar, dağ zirvələri, qiymətli daşlarla zəngindir və burada həm türklər, həm eloğlularımızın berzen dediyi, türkcə danışan ortodoks urumlar da daşişləmə sənəti ilə geniş məşğul olublar. Hətta onların daşdan hazırladığı məmulatın ticari əhəmiyyəti də olub. Bu barədə nə deyərdiz?
Əsəd Təhləli. Daşişləmə sənət növü kimi öyrəndiyimiz ərazilərdə çox qədimdən intişar tapmışdır. Bunu Başkecid, Bolus, Borçalı, Ağbulaq, Axalkələk, Msxet bölgələrində, Tiflis şəhərinin müxtəlif guşələrində mövcudluğunu hazırda da qoruyub saxlayan qədim qoç və at heykəlləri də nişan verməkdədir. Burada ağacişləmə sənəti də geniş yayılmışdır. Bu sənət növünün geniş yayılması əhalinin yaşadığı ərazilərin zəngin meşələrlə əhatə olunmasından, həm də təsərrüfat və məişət avadanlığına, habelə istehsal alətlərinə yaranan tələbatdan irəli gəlirdi. Ağacdan tikinti materialı kimi istifadə edilməsi, əkinçilik və əmək alətləri, nəqliyyat növləri (xış, kotan, araba, xizək-kirşə, vəl, bel, dırmıq, yaba və s.), müxtəlif növ ev məişəti əşyaları (taxt, divan, kürsü, beşik, nənni, anbar, sandıq və s.), mətbəx və süfrə ləvazimatları (nehrə, təknə, tabaq, üçayaq, oxlov, ələk, duvaq, ət kötüyü, boşqab, nimçə, qaşıq, çömçə, duzqabı, qəndqabı və s.), toxuculuq vasitələri (dəzgah, cəhrə, daraq, hana ağacı, kirkit və s.), musiqi alətləri (saz, zurna, tütək, balaban, dəf, nağara və s.) hazırlanması bu sahənin miqyasından və zənginliyindən xəbər verir. Borçalıda dəmirçilik də tarixən əsas sənət növlərindən olmuşdur.
Asif Hacılı. Əsəd müəllim bu dedikləriniz olduqca dəyərli və gələcək tədqiqatlar üçün əhəmiyyətlidir. Borçalı qədim türk sənəti xalçaçılığın, ümumən toxuculuğun da xüsusi məktəbinin formalaşmış areallardandır. Bu sənət növü həm tarixi ənənədən və həm də maldarlığın bir təsərrüfat növü kimi geniş yayılmasından qaynaqlanır. Eyni zamanda, bu sənət arxaik mifoloji təsəvvürlərin, klassik dövrə xas rəmz və işarələrin zənginliyi ilə də seçilir. Xalçaçılıq bu gün də bir çox kəndlərdə yaşayır, inkişaf edir, evlərdə hazırlanıb cehiz kimi hədiyyə edilir.
Əsəd Təhləli. Bəli, Gürcüstan azərbaycanlılarının xalçaçılıq sənəti zəngin və qədim bir sənət növüdür və bu gün də yaşamaqdadır. Bu sənətin geniş intişar tapması ilk növbədəxammal (yun) ehtiyatının bolluğu ilə izah olunur. Buna görə də ta qədimlərdən bölgələrdə toxuculuq sənəti də inkişaf etmiş, toxuculuqda başlıca yeri müxtəlif çeşnili xalça-palaz məmulatları istehsalı tutmuşdur. Xalçaçılıq azərbaycanlıların yaşadığı bütün bölgələrdə və çeşidli formalarda izlənilir. Etnoqrafik materialları göstərir ki, tədqiq olunan bölgələrdə toxunan xalçaların hər birinin özünəməxsus adları vardır. Məsələn, “Qırxquyrum”, “Çiyinli”, “Marallı”, “Üç göl”, “Dörd göl”, “Yeddi göl”, “Yaşıllı” (Qaraçöp mahalı), “Gərdək”, “Qoç buynuzu”, “Düyə boynu”, “Çərkəzi”, “Taxta-taxta”, “Qızılquyrum”, “Güzgülü”, “Sümük”, “Can”, “Əndər-döndər” (Təhlə çökəyi), “Qoç buynuzu”, “Aftafa” (Qarakənd-Kosalar eli), “Ziynətnişan və “Zeyvənişan” (Qızılhacılı), mütəxəssislərin Borçalı qarapapaqlarının adı ilə əlaqələndirdiyi “Papaqlı”, Borçalıda toxunub Azərbaycan İncəsənət Muzeyində saxlanan “Qaraqoyunlu”, həmçinin “Faxralı”, “Ləmbəli”, “Dəmirçihəsənli” və s. kimi xalça-palazlar bu qəbildəndir. Bütün bu xalça-palazların toxunuşu və üzərlərindəki naxışlar barədə sözügedən tədqiqatlarımda ətraflı danışılır. Qeyd edək ki, tikmə və keçəçilik sənət növü də qədimdən əhalinin məişətindəki əhəmiyyətli yer tutub.
Asif Hacılı. Əsəd müəllim, Axısqa türklərinə dair toplama və tədqiqat işlərimdə Gürcüstan türklərinin maddi mədəniyyətinin zənginliyi ilə qarşılaşdım. Bu mədəniyyətin qədimliyi və yerli coğrafiyaya uyğunluğu həm də əhalimizin avtoxtonluğuna dəlalət edir. Bu baxımdan Borçalıda mənzərə necədir? Yaşayış məskənlərindən başlamaq istərdim. Bu məskənlər, təbii ki, ümumqafqaz və Azərbaycan, eləcə də islam tipologiyasına uyğundur. Lakin həyat tərzindən gələn maralı özəlliklər də var.
Əsəd Təhləli. Yaşayış məskənlərinin əsas özəlliyi tərəkəmə həyat tərzindən gəlir. İlk növbədə, Gürcüstanın azərbaycanlılarının xalq yaşayış məskənləri müvəqqəti (oba, şenlik, binə, qışlaq, yaylaq və s.) və daimi (kənd, şəhər və s.) olmaqla iki qrupa bölünürdü.
Bölgələrdə ən geniş yayılmış yaşayış məskəni kənd olmuşdur. Kəndi digər yaşayış məskən tiplərindən fərqləndirən, etnoqrafik ədəbiyyatda da vurğulandığı kimi, onun oturaq əhaliyə, eləcə də daimi yaşayış evlərinə, təsərrüfat tikililərinə, həyətyanı sahələrə, inzibati, sosial-mədəni, həmçinin dini mərkəzlərə, ümumi otlaqlara, əkin yerlərinə, içməli sulara, ayrıca qəbiristanlığa malik olması və əhalisinin etnik tərkibinin eyniliyi idi.
Asif Hacılı. Kəndlərin quruluşu yalnız coğrafi relyef və landşaft deyil, özünəməxsus ictimai prinsiplərlə də formalaşıb, bu baxımdan dini, etnik, sosial amillər mühüm rol oynayıb.
Əsəd Təhləli. XIX-XX əsrin əvvəllərində kəndlər qohumluq prinsipinə uyğun olaraq bir neçə patronomik qrupdan təşkil edilmişdi. Məsələn, Başkeçid bölgəsinin Aşağı Oruzman kəndi üç qrupdan – Niyazlı evlərindən, Qarausublardan və Həşimlilərdən, Muğanlı kəndi on patronomik qrupdan –Yekə Əhmədlərdən, Balakişilərdən, Seyranlılardan, Osmanlılardan, Nəzər evlərindən, Kələşlilərdən, Nəsiflərdən, Soyxalılardan, Gəncəlilərdən, Dəlləklilərdən, Dağ Arıxlı kəndi isə səkkiz patronomik qrupdan – Gülsənəmlilərdən, Oruclulardan, Culfalılardan, Şahalı evlərindən, Qamışlılardan, Dəmirlilərdən, Sofululardan və Eyyublulardan ibarət idi. Etnoqrafik araşdırmamız göstərir ki, kəndlərin bu cür təşkili Gürcüstan azərbaycanlıları yaşayan digər bölgələrin kəndləri üçün də xarakterik olmuşdur. Zaman keçdikcə bu tipli kəndlər öz patronomikliyini itirərək qonşuluq prinsipinə uyğunlaşdırılmışdır. Yəni, tayfa, nəsil, ocaq, uşağı, cilək və s. kimi terminlərlə ifadə olunan patronomik qrupların böyüyüb parçalanması və ya yerdəyişməsi nəticəsində əvvəlki qayda pozulmuş və kəndin yaradılmasında daha çox qonşuluq prinsipi əsas götürülmüşdür.
Asif Hacılı. Bəs qonşu xalqlarla təmaslar, qarışıq demoqrafiya faktları ilə qarşılaşmışsınızmı?
Əsəd Təhləli. Tədqiq etdiyimiz bölgələrin əhalisinin etnik tərkibi qarışıq olan bir neçə kənd aşkar edilmişdir. Məsələn, Qarayazının Vayovka (Vaxtangisi), Kaspinin Axalkələk, Təzəkənd (Axalsopeli), Cələ (Mukelcğaro), Tedosminda, Msxetin Hasanalılar (Ağayan), Çömbərli (Qarahasanlı)-Sixisdziri məhz bu tiplidir. Lakin əvvəllər bu kəndlərin əhalisi sırf azərbaycanlılardan ibarət olmuşdur.
Asif Hacılı. Yaşayış kəndlərinin quruluşuna relyef və landşaftın böyük təsiri olur. Axısqanın, Şimali Qafqazın sərt dağ yamaclı ərazilərində evlər terras prinsipi ilə formalaşmışdır. Evin damı üstdəki evin önü olmuşdur, pəncərə də həmin tavanda yerləşmiş, tülküləri cəlb etdiyindən ona “tülkülü pəncərə” deyilmişdir. Borçalıda bu amil necə təzahür edir?
Əsəd Təhləli. Gürcüstan azərbaycanlılarının yaşadığı kəndlər yerin relyef quruluşuna uyğun olaraq yamac, yarımyamac, düzənlik və yaxud yarımyamac və meşəətrafı, yarımyamac və çayqırağı, düzənlik və çayqırağı kimi qruplaşdırılmışdır. Kəndlərin formasına gəldikdə isə, onların topa, dağınıq və sıx-qarışıq tipli olduğu müəyyənləşdirilmişdir. Topa tipli kəndlərin formalaşmasında qan qohumluğu ilə birləşən icma üzvlərinin bir yerdə yaşamaq istəyi, təbii-coğrafi şərait, yerin relyef quruluşu, əhalinin təsərrüfat fəaliyyətinin istiqaməti və məişət tərzi, həyətyanı torpaq sahələrinin azlığı, dağınıq kəndlərin yaranmasında, əsasən, torpaq sahələrinin bolluğu, sıx-qarışıq formalı kəndlərin salınmasında isə böyük ailələrin parçalanması nəticəsində yaranan yeni ailələrin köhnə yurdda qalaraq özlərinə ev tikmələri, eləcə də digər sosial-iqtisadi amillər mühüm rol oynayır.
Asif Hacılı. Sadaladığınız amillər ev quruluşunda da təzahür edir, Axısqa türklərində də, Borçalıda da kənd və ev memarlığında islam inancı, dindən gələn əxlaqi-mənəvi anlayışlar da mühüm rol oynamışdır. Qafqaz və Yaxın Şərqdə Məkkəyə tuşlanmış sferik mənzərə formalaşmışdır. Qarapapaq türk soyu olan borçalılarda dini fanatizm olmasa da, islam inancı, əxlaqı və dəyərləri ciddi qorunub və ev quruluşu da ümumi islam tipologiyasına uyğunlaşıb. Evin quruluşunda məhrəm hissə qapalı olmuş, küçəyə pəncərələr olmamış və s. və i. a.
Əsəd Təhləli. Təbii-coğrafi şəraitdən, yerin relyef quruluşundan, təsərrüfat məişətinin xarakterindən, ailənin formasından, ictimai quruluşun dəyişməsindən, insanların həyat tərzindən, eləcə də tikinti materialının növündən asılı olaraq yaşayış evləri iki qrupa ayrılırdı: a) oturaq əhaliyə məxsus daimi yaşayış evləri (qaradam, saray, “cımğa ev”, işıqlı ev və s.), b) elatlara məxsus müvəqqəti yaşayış evləri (alaçıq, dəyə, koxu və s.).Bütövlükdə isə Cənubi Qafqaz ərazisində e.ə. II minilliyin, bəzi tədqiqatçılara görə isə e.ə. III minilliyin ortalarında meydana gəldiyi vurğulanan və gürcülərin “darbazi”, “saxli” adlandırdığı qaradamlar Gürcüstan azərbaycanlıları arasında “çardaxlı dam”, “yer damı”, “beşik dam”, “öy damı”, “dam”, “torpaq dam”, “yastı dam” və s. kimi terminlərlə ifadə olunurdu. Qaradamlar yeraltı və yerüstü olmaqla iki tipə bölünürdü. Yeraltı qaradamlar birgözlu olaraq taxta arakəsmə ilə iki hissəyə ayrılırdı. Yerüstü qaradamlar isə çay daşından və ya çiy kərpicdən tikilib, iki gözdən ibarət olurdu.
Asif Hacılı. Lakin ağalar-bəylər, əfəndilər, seyidlər, üləmalar yurdu olan Borçalıda və yörəsində zəngin insanlar da çox olub və onların evləri sadə insanlrın evlərindən fərqlənib, yerli koloritli saray tipli olub.
Əsəd Təhləli. Elədir, nəinki Tiflisdə, bölgələrdə də soydaşlarımızın təmtəraqlı sarayları olub. Həmin saray tipli evlər bir necə otaqlı, iri pəncərəli, eyvanlı və hundur tavanlı olması ilə qaradamlardan fərqlənərdi. Divarlarının düz, suvaqlı, tavanının boyaqlı, otaqlarının işıqlı və geniş olması evin interyerinə əsrarəngiz gözəllik verirdi. “Cımğa ev”, həmcinin XX əsrin əvvəlindən çay daşı ilə, ikinci yarısından etibarən isə qırmızı kərpiclə hörülən “aynəbəndli ev”, “imarət” və ya “işıqlı ev” və s. də mövcud olub. Evlərin tikintisində xalqın əsrlər boyu topladığı zəngin empirik biliyə, təcrübə və vərdişlərə, nəsildən-nəsilə ötürülərək yaşadılan adət-ənənələrə əsaslanması, evin tikintisində işlədin materiallar (gil, çiy və bişmiş kərpic, yonma qaya daşı, çay daşı, müxtəlif nov ağaclar, kirəmit, şifer, dəmir, gəc, əhəng, boya və s.) işlədilən əmək alətlərdən istifadə olunub. Daimi yaşayış evləri qışlaqda (aranda), elatlara məxsus müvəqqəti yaşayış evləri isə əsasən yaylaqda tikilərdi.
Asif Hacılı. Yaylaq evləri son əsrlərdə sıradan çıxmış, əhali istirahət üçün yaylağa gedən əhali əsasən ənənəvi dəyə, son dövrlərdə isə həm də fabrik üsulu ilə hazırlanmış müasir çadırlardan istifadə edir. Əsəd müəllim, etnoqrafiyamızın mühüm bir elementi də geyimlər olmuşdur. Hazırda milli geyimlər yalnız rəqs qruplarında qalsa da XIX – XX əsrin əvvəllərində etnik kimliyin mühüm elementi olmuşlar. Gürcüstan azərbaycanlılarının geyimləri zəngin olmuş və qonşu xalqlara da təsir etmişdir. Cənubi Qafqazda əsasən Azərbaycan və Axısqa türklərindən ibarət türk toplumunun geyim tərzi digər xalqlara, o cümlədən gürcülərə təsir edir. Bu dövrlərdə Axısqa türklərinin geyimi də ənənəvi türk-Qafqaz geyimi tipologiyasına daxil imiş. Kişilər – yaxası qaytanla bağlanan köynək, şalvar, arxalıq, yapıncı, kürk geyər,gümüş (yun, ipək, dəri) kəmər bağlar,başa dəri papaq, başlıq, fəs qoyarlarmış. Fəsə çoxvaxt qırmızı və ya yaşıl çalma dolanarmış. Çoxa, arxalıq əsasən göy, boz rəngdə olarmış. Acarvə Kobulet türklərinin yuxarıdan enli,büzmə şalvarlarından fərqliolaraq, Axısqa türklərində dar şalvar dəb imiş və müasirlər bunu Azərbaycan türklərinin geyiminə oxşadırlarmış (Bax: А.Д. Андроников. Описание 3-го, Уравельского, полицейского участка Ахалцихского уезда Тифлисской губернии // ЗКОРГО, Тифлис, 1984; к. XVI, стр. 90-91; С.Макалатия. Месхет-Джавахети. Тбилиси, 1938, стр. 89-91)
Əsəd Təhləli. Bəli, Gürcüstan türklərinin geyimi həm Cənubi Q afqazdakı türk və müsəlmanların geyimi ilə müəyyən ortaqlığa sahib olub, onların geyimi həm də gürcülərə, ermənilərə, dağlı xalqlarına da müəyyən təsir göstərib, digər türk xalqları isə xeyli ümumi cəhətlərə sahib olub.
Asif Hacılı. Türklər arasında geyim yaxınlığı daha dərin olub. Axısqa turklərində kişilərinin ənənəvi geyimininəsas bir ünsurü də yelək (və ya zubon) adlandırılan canlıq – jiletolmuşdur. Yelək muasir pencəklərin altından da geyilir. Axısqa ərazisində qadınlar nəbati naxışlarla bəzənmiş al don, göy rəngli önlük geyər, gümüş belbağı bağlayardılar. Qızlarbaşını şal, tavşalı, ləçəkli şal, ərliqadınlar isə həm də qatxa (altun pullarla bəzənmiş araqçın növü) ilə örtərmiş. Qadınlar bu libasın üstundən Axısqa türklərininehram adlandırdıqları bəyaz çadraya burunərmiş. Mesxet-Cavaxet bölgələrində, eləcədə Acarıstan, Kobulet, Şəvşət, Kaxet, Kartli, İmereti, Quriya, Meqreliya adlandırılan yerlərdə nəinki türk, hətta gürcü, digər xaçpərəst qadınları da uzun müddət çadrada gəziblər. Ümumiyyətlə, başqa etnoqrafik örnəklərdə olduğu kimi, gürcü geyiminin də çox hissəsiturklərdən götürülüb.
Əsəd Təhləli. XX əsrin əvvəllərindən Gürcüstanda fabriklərin yaranması ilə yeni, müasir geyim yayılmağa başlayır və bu, türk-müsəlmanlaraın da geyiminə təsir edir.
Asif Hacılı. Tamamilə doğrudur. Gürcü geyiminə orta əsrlərdə xüsusilə güclənən türk təsiri XIX əsrin sonlarına qədər izlənir. XX əsrin əvvəllərindən isə yeni, universal Avropa geyimi yayılmağa başlayırt. Axısqanın yuxarı kəndlərində kişilər qara satindən, qolları yarıqlı üst paltarı, çoxa, arxalıq geyir, qadınlarəsasən ən’ənəvi libasda qalırlarmış. 20-ci illərdən türklərin geyimində əsaslı dəyişikliklər baş verir – ilk növbədə Axısqa, Adıgün, Azqurda («Azqur ağaları palto geyinmiş…») qalife şalvar, frenc, gimnastyorka,furajka ortaya çıxır. Qadınlar uzun, düz, ensiz qollu paltarlara keçir. Ənənəvi bəzəklər (qatxa, majar,mahmudiyə, pipanur, urubiya, küfə, belbax) isə saxlanır. 1926-cı ildə Valedə toxuculuqsexinin açılması ilə ənənəvi yun, ipək və keçə materiallarına yeni çit parçalar, təzə ipək növləri, satin və sairə əlavə olunur.30-cu illərdən fabrik məhsulları yayılır. Bu dövrlərdə Axısqada müasir emalatxanaların, peşəkar ustaların, müxtəlif millətlərin nümayəndələrindən olan sənətkarların sayı artır, yeni geyimlər meydana çıxır və bunlar aşıq və şairlərin, baməzə adamların düşür:
Bögün bazara bənzər
Yarım ayvaza bənzər
Geyinmiş mavi palto
Zanarım begə bənzər.
(Xalq şeiri)
Azqur ağaları palto geyinmiş,
Əgdürmiş papağı faytona minmiş,
Eşitdim Ramazan üç günə enmiş,
Ömər Əfəndi qoymiş əhdi-peymana
(Molla Məhəmməd Səfil)
Əsəd Təhləli. Həm də geyim konservatizmindən irəli gələn belə yumorlu münasibət digər bölgələrdə, o cümlədən Borçalıda da izlənilir, eyni zamanda müxtəlif amillərin təsiri ilə müəyyən özünəməxsusluq yaranır.