GÜRCÜSTANDA AZƏRBAYCAN DİLLİ MƏTBUAT ORQANLARININ NƏŞRİ TARİXİ- I Hissə

Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları
XİN: Bakı 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən Borçalı söhbətləri layihəsində filologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun kafedra müdiri Razim Məmmədovla növbəti söhbət  “GÜRCÜSTANDA AZƏRBAYCAN DİLLİ MƏTBUAT ORQANLARININ NƏŞRİ TARİXİNƏ” həsr olunub.

Asif Hacılı. Hörmətli Razim müəllim, dəvətimizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm, fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə icra olunan “Borçalı söhbətləri” layihəsi artıq bir neçə ildir davam edir. Bir çox mövzuların əhatə olunduğu bu Layihə üzrə Sizlə aparacağımız söhbəti Gürcüstanda Azərbaycan dilli mətbuat orqanlarının nəşri tarixinə həsr etmək istərdik. Azərbaycan mətbuatının məhz Gürcüstanda yaranması əslində qanunauyğun hal idi, əvvələn, Tiflisdə tarixən zəngin Azərbaycan türk-islam mədəniyyəti və əhalisi olub, ikincisi, Rusiya tərəfindən Cənubi Qafqazın işğalından sonra Cənubi Qafqaz canişinliyi Tiflisdə yerləşib. Bu amillərin təsiri ilə Tiflisdə Azərbaycan mətbuatını təşəkkülü qanunauyğun proses oldu. Bəs bu proses necə baş verdi, mətbuatımız hansı dövrdə və ictimai-mədəni mühitdə yarandı?

            Razim Məmmədov. Asif müəllim, mən də Sizə dəvətə görə təşəkkür edirəm, Borçalı haqqında bu dəyərli layihəyə görə hörmətli Elxan müəllimə minnətdarlığımı bildirirəm. Qafqazda Azərbaycan xalqı şərəfli tarixi, zəngin maddi və mənəvi mədəniyyət abidələri ilə mühüm yerlərdən birini tutsa da təəssüflə qeyd etmək lazımdır ki, Qafqazda Azərbaycan mətbuat orqanlarının yaranması xeyli gecikmişdi. Bunun obyektiv və subyektiv səbəbləri mövcuddur. Xatırladaq ki, o vaxtlar Cənubi Qafqazın mədəniyyət mərkəzi hesab edilən Tiflis şəhərində rus və gürcü dillərində bir sıra qəzetlər nəşr olunurdu. Onlardan biri də əsası 1828-ci ildə qoyulan “Tifliskiye vedomosti” qəzeti idi. Bu qəzet 1829-cu ildə gürcü, 1830-cu ildə fars və 1832-ci ilin əvvəllərində isə Azərbaycan dilində də buraxılmışdır. “Tiflis əxbarı” adı ilə buraxılan bu qəzet-vərəqin ömrü uzun olmamışdır. Belə ki,  onun redaktoru P.S.Sankovskinin 1832-ci ilin oktyabr ayının 19-da vəfat etməsi qəzetin bağlanması ilə nəticələnmişdi. “Tiflis əxbarı”nın da sonuncu nömrəsi 1833-cu ilin əvvəllərində buraxılmışdır.

            Asif Hacılı. Bu fakt, yəni redaktorun vəfatı ilə qəzetin bağlanması özü də göstərir ki, çar hökuməti yerli türklərin mətbuatına dövləti əhəmiyyətli məsələ kimi yanaşmırdı. Digər tərəfdən, haqq naminə deməliyik ki, həmin dövrdə Azərbaycan maarifçiliyi yeni formalaşırdı və müvafiq biliklərə, təcrübəyə, dillərə yiyələnmiş mütəxəssislər, demək olar ki, yox idi. P.S.Sankovskinin vəfatından sonra Azərbaycan dilində sadəcə qəzet-vərəqin nəşri də, yəqin ki, kadr çatışmazlığı ilə izah olunur.

Razim Məmmədov. Yəqin ki, bu amilin də rolu olub.1845-ci ildə Tiflisdə Azərbaycan dilində “Qafqazın bu tərəfinin xəbərləri” adlı qəzet-vərəq buraxılmışdır. Bu qəzet 1838-ci ildə Tiflisdə rus dilində nəşrə başlayan “Закавказский вестник”in əlavəsi kimi çap olunurdu. “Qafqazın bu tərəflərinin xəbərləri” qəzeti 1846-cı ildə bağlanmışdır. İstər “Tiflis əxbarı”, istərsə də “Qafqazın bu tərəfinin xəbərləri” qəzetlərinin əsas vəzifələri rəsmi dövlət məlumatları, fərmanları, qərar və qanunnamələrini Azərbaycan dilində yaymaqdan ibarət olmuşdur. Lakin etiraf etmək lazımdır ki, bu qəzetlərlə Azərbaycan mətbuatı yaranmadı, ancaq olsa-olsa tədqiqatçıların da qeyd etdiyi kimi, onlar yalnız və yalnız yaranmaqda olan Azərbaycan milli mətbuatının rüşeymi oldular. Azərbaycan milli mətbuatının yaranma tarixi isə 1868-ci ildən qəzet buraxmaq fikrinə düşən tanınmış ziyalı Həsən bəy Zərdabinin 1875-ci ilin iyun ayının 22-də çap etdirdiyi “Əkinçi” qəzeti ilə bağlıdır. Çox təəssüf ki, milli mətbuatımızın ilki – “Əkinçi”nin nəşri də uzun sürməmiş, H.B.Zərdabi müəyyən təzyiqlərdən sonra 1877-ci ildə qəzetin çapını dayandırmaq məcburiyyətində qalmışdır.

Asif Hacılı. Razim müəllim, çox vacib məsələyə toxundunuz. Milli mətbuatımızın tarixi, haqlı olaraq qeyd etdiyiniz kimi, adlarını çəkdiyiniz, rəsmi-inzibati səciyyə daşıyan, Azərbaycan xalqının, Cənubi Qafqaz türklərinin məişəti, ictimai həyatı, mədəniyyəti ilə ciddi əlaqəsi olmayan, mahiyyət etibarilə informativ səciyyəli həmin orqanlarla başlamır. Bunlar milli mətbuatımızın qaynaqlarından ola bilər. Milli mətbuatımız milli maarifçiliyin parlaq və vətənpərvər nümayəndəsi Həsən bəy Zərdabinin 1879-ci ildə nəşrə başlayan “Əkinçi” qəzeti ilə başlayır. Bu qəzet az müddətdə fəaliyyət göstərsə də, ana dilli mətbuatımızın milli amalını, üslub və məzmununun əsas cizgilərini müəyyənləşdirdi.

  Razim Məmmədov. Təəssüf ki, “Əkinçi” qəzetinin ömrü də az oldu, bu qəzet bağlandıqdan iki il sonra 1879-cu ildə Səid Ünsizadənin redaktorluğu ilə Tiflisdə Azərbaycan dilində “Ziya” qəzetinin nəşrinə başlanmışdır. Cəmi 76 nömrəsi çıxdıqdan sora 1880-ci ildə qəzet öz fəaliyyətini “Ziyayi-Qafqaziyyə” (1880-1884) adı ilə davam etdirmişdir. Bu adla isə qəzetin 107 nömrəsi işıq üzü görmüşdür. Bu qəzetlər öz səhifələrində mütərəqqi fikirli ziyalıların yazılarına daha çox üstünlük vermişdilər. Bəzi məsələlərdə onların niyyəti “Əkinçi” qəzetinin məqsədi ilə üst-üstə düşürdü. Hacı Səid Ünsizadənin redaktə etdiyi bu qəzetlərin cəmi 183 nömrəsi işıq üzü görmüşdür. “Ziyayi-Qafqaziyyə” qəzeti 1884-cü ildə nəşrini dayandırmışdı.

Asif Hacılı. Tiflis Azərbaycan ədəbi mühitinin tədqiqatçısı professor Abbas Hacıyevin 1965-ci ildə rəhmətlik müəllimi Mir Cəlalın rəhbərliyi ilə yazdığı və sonradan monoqrafiya kimi çap etdiyi dissertasiyasında vurğuladığı kimi, XIX əsrin ikinci yarısında mətbuat sahəsində durğunluq olsa da, müəyyən təşəbbüslər olmuşdur: “«Tiflis əxbarı» və «Zaqafzazski vestnik»ə əlavə nəzərə alınmazsa, «Əkinçi»yə qədər Azərbaycan dilində nə Bakıda, nə də Tiflisdə qəzet və jurnal çıxmamışdır. Lakin əsrin ikinci yarısından Azərbaycan dilində qəzet çıxarmaq üçün təşəbbüslər olmuşdur. Bakı realnı gimnaziyasının müəllimlərindən biri «Bakı xəbərləri» adlı qəzeti Azərbaycan əlavəsi ilə çıxarmağa çalışmışdır” (Abbas Hacıyev. Tiflis ədəbi mühiti. Bakı, Yazıçı, 1980. – S. 23). M.F. Axundov və gürcü maarifpərvəri A.Seretelinin Azərbaycan dilində mətbuat orqanı açmaq təşəbbüsləri uğursuz olmuşdur. Nəhayət, “Tiflisdə azərbaycanca qəzet nəşr etmək təşəbbüskarlarından ilk müvəffəqiyyəti Ünsizadə qardaşları qazandılar. C.Ə.Ünsizadənin redaktorluğu ilə burada «Ziya» (14 yanvar, 1879 – 6 dekabr, 1880) fəaliyyətə başladı” (Abbas Hacıyev, s.23). 1880-ci ildən qəzet «Ziyayi-Qafqaziyyə» (6 dekabr, 1880 – 1 iyun, 1884) adı ilə nəşr olunan bu qəzet H. B. Zərdabinin nəşr etdiyi “Əkinçi”dən sonra Azərbaycan dilində ikinci qəzet oldu.

Razim Məmmədov. Bəli həmin dövrün ümumi prosesləri mürəkkəb axarda cərəyan edirdi və mətbuata da bunun təsiri güclü idi. Müxtəlif əqidəli, zehniyyətli xadimlər və cərəyanlar var idi. «Ziyayi-Qafqaziyyə» Azərbaycan dilində çıxsa da, “Əkinçi” qədər əhəmiyyətli və təsirli olmadı.  

Asif Hacılı. Doğrudur, təsir dairəsinə, məzmun və məramına görə müxtəlif cərəyanlar var idi və həm də maarifçilik ideyaları yayılır, maarifçilər geniş fəaliyyət göstərir, milli idealları yaymaq üçün qəzetçiliyin, mətbuatın əsas amili olan mətbəəçiliyi də nəzərdən qaçırmırdılar. Prof. Abbas Hacıyevin vurğuladığı kimi, “Ünsizadə qardaşlarının mühüm bir xidməti də onların Tiflisdə “Ziya” mətbəəsini açmaları, bu mətbəədə Azərbaycan dilində bədii əsərlərin, dərslik və müxtəlif məzmunlu digər kitabların, o cümlədən  S.Ə.Şirvani, N.B.Vəzirov, A.O.Çernyayevski kimi maarifpərvərlərin əsərlərinin dərc edilməsidir.  Lakin “«Ziya» və «Ziyayi-Qafqaziyyə» «Əkinçi»nin yolunu davam etdirən, Vaqif və Vidadi, Zakir və Axundov ənənələrindən qidalanan qəzet deyildi” (Abbas Hacıyev, s.23).

Razim Məmmədov. Bəli, tamamilə doğrudur, mətbuat sahəsində proseslər fərqli, ziddiyyətli axarda olmuşdur. Nəhayət, Səid Ünsizədənin qardaşı Cəlal Ünsizadə 1883-cü ildә Tiflisdә Azәrbaycan dilindә yeni bir mәtbuat orqanı – “Kəşkül” adlı jurnal nәşr etmәyә başlayır. Jurnalın 11 nömrəsi işıq üzü gördükdən sonra onun nəşri qəzet şəklində davam etdirilmişdir. “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərində bir qədər irəli gedən bu mətbuat təşkilatı öz ətrafına o dövrün ən qabaqcıl ziyalılarını toplamağa müvəffəq olmuşdur. “Kəşkül” qəzetinin səhifələrində H.Zərdabi, F.Köçərli, С.Ə.Şirvani, S.M.Qənizadə, R.Ахundov, С.Vəlibəyov və başqaları kimi tanınmış ədiblərinin əsərləri işıq görmüşdü. Bundan əlavə, onun sәhifәlәrindә görkәmli rus, ukrayna, gürcü ədiblәrinin әsәrlәrindәn tәrcümәlәr verilmişdi. Lakin qəzetin redaksiyası Tiflisdən Şamaxıya köçürüldükdən sonra onun fәaliyyәti uzun sürmәmişdir. Qəzet 1891-ci ildə nəşrini dayandırmışdır. Qəzetin cəmi 123 nömrəsi çapdan çıxmışdır. Tiflisdə yaşayan azərbaycanlı ziyalılar “Kəşkül” qəzeti bağlandıqdan sonra da burada Azərbaycan dilində qəzet və ya jurnal buraxmaq üçün dəfələrlə təşəbbüs göstərmişlər. 1896-cı ildə M.Şahtaxtlı Tiflis şəhərində Azərbaycan dilində “Tiflis” adlı, Kamal Ünsizadə isə 1900-cu ildə “Danış” adlı qəzet nəşr etdirmək istəmişlər. Lakin onların qəzet nəşr etdirmək arzuları baş tutmamışdır. Bunu hər şeydən əvvəl çar Rusiyasının azərbaycanlılara qarşı qeyri-obyektiv münasibəti ilə izah etmək olar.

Asif Hacılı. “Kəşkül” ümumən demokratik ideyalara sadiq və demokratik qüvvələri ətrafına toplayan mətbuat orqanı oldu. Professor Abbas Hacıyevin göstərdiyi kimi “Demokratik maarifpərvər ruh qismən Cəlal Ünsizadənin təsisçisi və redaktoru olduğu, S.Ə.Şirvani, M.Şahtaxtlı, S.M.Qənizadə, S.Vəlibəyov, G.Kəngərli, Ə.Qayıbov, R.Axundov kimi maarifçilərin əməkdaşlıq etdiyi, senzuranın texniki xətanı səbəb gətirərək, bağlatdırdığı «Kəşkül»də (1884-1891) izlənilirdi. Bundan sonra Tiflisdə uzun müddət azərbaycandilli mətbuat orqanının təsis olunmasına icazə verilmədi, çar məmurları bu siyasi ovqatdan da çəkinir və ilk növbədə türkdilli mətbuata əngəl törədirdilər. Lakin tədricən bu qeyri-obyektiv münasibəti dəf etmək iqtidarında olan, Rusiyada, Avropada yüksək savad almış, dəyanətli, milli ruhlu maarifçi ziyalılarımız yetişirdi. Rusiya rəsmiləri öz imperiya maraqlarından çıxış edib, yerli mütəxəssislər yetişdirməyə çalışırdı, lakin son nəticədə həmin ziyalılar milli amallara xidmət edirdilər. Maarifçilərimiz ümummilli maraqlara xidmət edirdilər və bunların sırasında Məhəmməd ağa Şahtaxtlı qeyd edə bilərik. Kübar mühitdə yetişən publisist, filoloq, pedaqoq və ictimai xadim olan Şahtaxtlı (Şahtaxtinski) artıq “Moskovskiye Novosti” qəzetində təcrübə toplamışdı, müasir Avropa jurnalistika və qəzetçilik sənətlərinə yiyələnmişdi. Lakin Məhəmməd ağa şərqliliyini nəinki qorumuşdu, həm də şərqşünas və islam bilicisi kimi tanınmışdı və müasiri olduğu islam alimlərinin fəaliyyətinə böyük dəyər verir, onların klassik fəlsəfəni inkişaf etdirdiklərini, İbn Sina, Fərabi ənənələrini davam etdirdiklərini bildirirdi. Bu baxımdan, onun  Şeyx Cəmaləddin Əfqaniyə münasibətini nümunə olaraq göstərə bilərik. Nüfuzlu ziyalı olan Məhəmməd ağa Şahtaxtlı milli mətbuatın yaradılması uğrunda gərgin mübarizə apardı və  “uzun mübarizədən sonra, yalnız 1902-ci ilin dekabrında M.Şahtaxtlıya «Şərqi-Rus» adlı qəzetin nəşri üçün icazə verildi” (Abbas Hacıyev, s. 26). Alimin dediyi kimi, bu qəzet milli mətbuat və ədəbiyyatın, publisistikanın inkişafında, o cümlədən C. Məmmədquluzadənin mühərrir kimi yetişməsində böyük rol oynamışdır.

Razim Məmmədov. Bəli tədricən belə ziyalılarımız yetişirdi.Xarici   ölkələrdə bir sıra məsul vəzifələrdə və nüfuzlu mətbuat orqanlarında çalışan Məmmədağa Şahtaxtlı 1902-ci ildə vətənə qayıtdıqdan sonra onda qəzet buraxmaq həvəsi daha da güclənmişdi. Bu istək də onun “Şərqi-rus” adlı qəzet buraxmağa vadar etmişdi. Qəzetin ilk nömrəsi 1903-cü ilin mart ayının 30-da işıq üzü görmüşdür. Maraqlıdır ki, həftədə 3 dəfə buraxılması nəzərdə tutulan qəzet 1904-cü il iyunun 8-dən etibarən gündəlik çap olunmuşdur. “Şərqi-rus” qəzeti Azərbaycan mətbuat tarixində və azərbaycanlıların dünyagörüşünün formalaşmasında çox mühüm rol oynamışdır. H.Zeynalov yazır ki, bu qəzetin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də odur ki, Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetişdirmişdir. Onu da xatırladaq ki, “Şərqi-Rus” 20-ci əsrdə ilk azәrbaycandilli qəzet idi. O, һəm də mətbuat tariximizə ilk gündəlik qəzet kimi daxil olmuşdur. “Şərqi-rus” qəzetinin sonuncu nömrәsi 15 yanvar 1905-ci ildә buraxılmışdır. Milli mәdәniyyәtimizin tәrәqqisindә böyuk xidmәtlәri olan yuxarıda adlarını çәkdiyimiz qәzet vә jurnalların fəaliyyәtini çar hökuməti müxtәlif bәhanәlәrlә mәhludlaşdırmağa çalışmış, onların geniş yayılmasına hər vasitə ilə mane olmuşdur.  Lakin çar senzurası ilə kəskin mübarizə şəraitində Azərbaycan ziyalılarının milli mətbuat yaratmaq və onu mütərəqqi qüvvələrin əlində mübarizə vəsitəsinə çevirmək arzusu, nəhayət, reallığa çevrilmişdi. 1906-cı ildə Tiflisdə nəşrə başlayıb bütün Şərqə səs salan “Molla Nəsrəddin” jurnalı bu sahədə misilsiz işlər görmüşdür.

Asif Hacılı. Bəli, “Molla Nəsrəddin” jurnalının əhəmiyyəti Azərbaycan, Qafqaz, İran, Osmanlı ilə də məhdudlaşmır. Bu mətbu orqanın dəyəri, fikrimcə, hələ də tam verilməyib. Mirzə Cəlil, Ömər Faiq, Mirzə Ələkbər Sabir kimi şəxsiyyətlərin toplaşdığı bu jurnal Qərb imperializminin islam Şərqini, eləcə də Hindistanı, Çini, digər ölkələri işğal altında saxlayıb bütün hüquqlarından məhrum etdiyi, cəhalətə sürüklədiyi bir dövrdə bütün bu Şərq adlanan böyük və qədim bir aləmin istək və arzularını, milli-dini mənlik şüurunu və gələcəyə yönəlik ideallarını ifadə edirdi. Tariximizin bu böyük səhifəsi, o cümlədən Tiflis dövrünü bir qədər ətraflı şərh etməyinizi xahiş edirəm.

Razim Məmmədov. Bu jurnal sanki tarixi zərurətdən doğdu və məhz XX əsrin əvvəlində Tiflisdə fəaliyyətə başlaması da təsadüfi deyildi. 1905-ci ildə C.Məmmədquluzadə Ömər Faiq Nemanzadə ilə birləşib “Qeyrət” mətbəəsini satın almışlar. Bu işdə o vaxtlar Tiflisdə yaşayan Məşədi Ələsgər Bağırov maddi cəhətdən onlara kömək etmişdir. C.Məmmədquluzadənin redaktorluğu ilə jurnalın ilk nömrəsi 1906-cı il aprel ayının 7-də buraxılmış və tezliklə təkcə Tiflisdə deyil, eləcə də Tiflisdən çox-çox uzaqlarda özünə minlərlə oxucu qazanmışdır. 1918-ci ilədək Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının bu şəhərdə 370 nömrəsi çap olunmuşdur.

Asif Hacılı. Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin Tiflisdə “Qeyrət” mətbəəsi və “Molla Nəsrəddin” jurnalında fəaliyyəti müəyyən mənada “Dildə, fikirdə, əməldə birlik” şüarının müəllifi İsmayıl Qaspıralının Baxçasarayda “Tərcüman”mətbbəsi və qəzetində fəaliyyəti ilə ortaqlaşırdı. Lakin Tiflis həmin dövrdə böyük bir quberniyanın mərkəzi və Qafqaz xalqlarının, o cümlədən Qafqaz türklərinin və müsəlmanlarının da inzibati və mədəni mərkəzi idi. Fəaliyyət dairəsi də geniş idi. Eyni zamanda, Tiflisin mərkəzi də məhz Azərbaycan türklərinin məkanı idi. Rus çarizmi müsəlmanları nə qədər müasir mədəniyyətdən təcrid etməyə, təhsildən, inzibatçılıqdan aralı saxlamağa, məlum olduğu kimi, etibar etmədiyi yad ünsür hesab edərək, orduya da cəlb etmədiyinə görə, maarifçi ziyalılarımıza da milli-mənəvi fəaliyyət üçün münbit şərait yaratmırdı. Lakin türk, müsəlman maarifpərvərləri bu maneələri öz istedad və əzmləri sayəsində aşır və türk maarifçiliyini, anadilli təhsili, teatrı, mətbuatı inkişaf etdirirdilər. Tiflis də Qafqaz türklərinin mədəni mərkəzlərindən biri kimi tarixə düşmüşdü. Keçən əsrin ilk onillikləri Tiflisdə Azərbaycan milli mədəniyyətinin, teatrının, mətbuatının təşəkkül və çiçəklənmə mərhələsi oldu. Bütün bunlar milli şüura güclü təkan verir, istiqlal ideyalarının geniş yayılmasına gətirib çıxarırdı.  

Razim Məmmədov. 1918-1921-ci illərdə Tiflisdə Azərbaycan dilində bir sıra mətbuat orqanı işıq üzü görmüşdü. Mütərəqqi cəbhədən çıxış edən “Gələcək”, “Al bayraq”, “Vətən”, “Yeni dünya”, “Gənclər yurdu”, “Tartan-partan” və s. qəzet və jurnallar Azərbaycan xalqının  milli-azadlıq hərəkatını müdafiə etmiş, demokratik Azərbaycan Respublikasının yaranmasını alqışlamış, ideya istiqamətlərini bu respublikanın mənafeyini qorumağa yönəltmişlər. Təəssüflə qeyd etməliyik ki, adlarını çəkdiyimiz mətbuat orqanlarının nüsxələrinin əksəriyyəti sonralar itib-batmış və ya qəsdən məhv edilmiş, qalanlar isə lazımınca qorunub saxlanılmamışdır. Gürcüstanda azərbaycandilli mətbuatın nəşri tarixi məsələləri ilə bağlı apardığım tədqiqat zamanı bu qəzet və jurnalların bəzilərini aşkarlamağa müvəffəq olduq. Bu söhbətimizdə Tiflisdə Azərbaycan dilində çıxan həmin mətbuat orqanlarından üçünün nəşri tarixi, onların ideya istiqaməti barədə oxuculara qısa məlumat verməyi lazım bilirəm. 1918-ci ildə nəşrə başlayan, demokratik mövqeyi ilə digərlərindən daha çox seçilən “Al bayraq” qəzeti şərəfli bir yol keçmişdir.