Azərbaycanlı gənclər ATƏT-in tədbirində erməni iddialarını ifşa ediblər

Milli Məclisin növbəti iclası keçirilir
AVCİYA-nın eksperti professor Asif Hacıyev nüfuzlu beynəlxalq elmi tədbirlərdə ölkəmizi təmsil edib
XİN nümayəndəsi Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib

Polşanın paytaxtı Varşavada ATƏT-Varşava İnsan Ölçüsü Beynəlxalq Konfransının nəzdində “ Qarabağda niyə ermənilər yoxdur?” adlı yan tədbir olub.

AZƏRTAC xəbər verir ki, tədbir ermənilərin təşkilatçılığı ilə Demokratiyanın İnkişafı Fondu (Democracy Development Foundation) və Beynəlxalq Hüquq Müdafiəsi Tərəfdaşlığı (International Partnership for Human Rights) tərəfindən keçirilib. Tədbirdə Qarabağla bağlı müharibə cinayətləri və insanlıq əleyhinə törədilmiş cinayət ittihamları irəli sürülüb və bir sıra təhrif olunmuş məlumatlar müzakirəyə çıxarılıb.

Tədbirdə Azərbaycan tərəfinin mövqeyi nəzərə alınmadan birtərəfli ittihamlar irəli sürülüb, ənənəvi olaraq Ermənistan tərəfi və erməni ictimai birliklərinin əlacsız şikayətləri tədbirin ümumi kontekstini təşkil edib.

Yan tədbirdə Polşa-Azərbaycan diasporu nümayəndəliyindən Polşa Azərbaycanlıları Şurası (PAŞ) iştirak edib, şura üzvü Ləman Ələkbərova və idarə heyətindən Şamo Qubadov çıxışları ilə tədbirin obyektivliyini sual altına qoyublar.

Belə ki, Şamo Qubadov başda erməni spiker Arpi Harutyunyan və Andranik Şirinyan olmaqla digər spikerlərə və tədbir iştirakçılarına Qarabağda yaşayan etnik ermənilərin Azərbaycan Konstitusiyası altında vətəndaşlıq məsələləri üzrə reinteqrasiya edilməsinin gerçəklərini sübutlarla izah edib. O qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan yaxın günlərdə çıxışında separatçı erməni liderlərinin reinteqrasiya prosesində Azərbaycan tərəfi ilə danışıqlar aparılmasına mane olduğunu bildirib. Qarabağda yaşayan erməniləri təşvişə və xaosa sürükləyərək onların Qarabağı tərk etməsinə səbəb olur. Bu da açıq-aşkar bugünkü tədbirdə müzakirə edilən mövzuların absurd olduğu mənasına gəlir.

Əlavə olaraq Şamo Qubadov onu da qeyd edib ki, Azərbaycan tərəfi Qarabağ erməniləri üçün bir çox humanitar yardımlar təmin etmiş, alternativ ərzaq təchizatı yolları, hərtərəfli inteqrasiya planı, hətta onların qeydiyyatı üçün elektron portal belə yaratmışdır.

Həmçinin vurğulanıb ki, Qarabağ ermənilərinin köçü sivil və humanitar prinsiplər çərçivəsində olsa da, illər öncə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar vəhşicəsinə və məcburi şəkildə sürgün edilmişdir. Bütün bu arqumentlərə qarşı bu tədbirdə müzakirə edilən mövzular dayanıqsızdır.

PAŞ üzvü Ləman Ələkbərova isə nitqində sual verib ki, nəyə görə Qarabağda ermənilərin olmadığını danışmazdan əvvəl 300 mindən çox azərbaycanlının güc yolu ilə öz ata-baba torpaqlarından sürgün edilməsindən bəhs edilmir? Bu suala aydınlıq gətirərkən hal-hazırda Ermənistanda bir nəfər belə olsun azərbaycanlı qalmadığını araşdıraraq başa düşmək mümkündür.

Diqqətə çatdırılıb ki, bu cür tədbirlərin obyektivliyinin təmin olunması və hər iki tərəfin mövqelərinin nəzərə alınması zəruridir. Beynəlxalq ictimaiyyətin, xüsusilə insan hüquqları təşkilatlarının belə həssas mövzulara qərəzsiz yanaşması və gerçək vəziyyəti tam əks etdirməsi vacibdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana