AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının “Dilçilik tribunası” layihəsi çərçivəsində növbəti elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə “Dilçilik tribunası”nda gənc doktorant və dissertantların fəal iştirakının əhəmiyyətini vurğulayıb. Sonra “Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Ülkər Mirzəyevanın “Azərbaycan toponimləri yunan mənbələrində” mövzusunda məruzəsi dinlənilib.
Ü.Mirzəyeva bildirib ki, qədim yunan mənbələri əsasında aparılan araşdırmalardan məlum olur ki, türkmənşəli etnonimlərin adı və mənşəyi eramızdan əvvəlki dövrlərə söykənir: “Qədim yunan müəlliflərinin əsərlərində qeyd olunan türkmənşəli adların çoxuna Azərbaycan ərazisində təsadüf edirik. Strabonun, Ptolemeyin, Plutarxın, Miletli Hekateyin, Herodotun, Homerin, Ksenefonun və digər qədim yunan müəlliflərinin əsərlərində bir çox türkmənşəli onomastik vahidlərə rast gəlirik. Bu da onu göstərir ki, Azərbaycan dilinin onomoloji leksikasının arxaik nümunələri qədim yunan müəlliflərinin əsərlərində işlənmişdir. Qədim yunan müəlliflərinin əsərlərində qeyd olunan türkmənşəli adların çoxuna Azərbaycan ərazisində təsadüf edirik. Antik mənbədə mühafizə olunmuş türkmənşəli onomastik vahidlər bu dilin dialektlərinin qrammatik qaydalarına uyğun şəkildə yazıya alındıqlarına görə, yəni adların sonuna hal şəkilçilərinin əlavə edilməsi, samitlərin qoşalaşması, xüsusi adların tərkibində olan saitlərin bu dilin dialektlərinin tələbi ilə fərqli şəkildə yazılması, türkmənşəli onomastik vahidlərin antik dilin qaydasına uyğun olaraq, müəyyənlik artikli və cins göstəricisi ilə işlənməsi, metateza hadisəsinin baş verməsi, onomastik vahidlərdə işlənən diftonqların, qoşa samitlərin həmin dilin qaydasına uyğun olaraq fərqli şəkildə tələffüz edilməsi kimi dəyişikliklər türkmənşəli onomastik vahidlərin yazılış və tələffüz formalarına təsir edib. Tarixi faktlar göstərir ki, ölkəmizin Antik dövrə aid olan toponimləri daha çox Türk dünyasının qüdrətli, nüfuzlu, cəngavər hökmdarları, xaqanları, sərkərdələrinin adları və onların başçılıq etdiyi tayfa və qəbilələrin adı əsasında formalaşıb. Yunan müəlliflərinin əsərlərində işlənən türk mənşəli tayfa və qəbilə adları əsasında yer adlarının böyük əksəriyyəti formalaşıb. Buna misal olaraq, Muğan, Muğanlı, Biçənək, Qurqar, Gərgər, Qarqar, Dondarlı, Zod, Şəki, Şamaxı və s. toponimləri göstərmək olar”.
Filologiya elmləri doktoru İlhami Cəfərsoy, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova gənc doktorant və dissertantların elmi seminarlarda çıxışlarının vacib olduğunu vurğulayıblar.
AZƏRTAC