ƏLİ KƏRİM

İBRAHİM GÖYÇAYLI
İSGƏNDƏR COŞQUN
Bədii qiraət müsabiqəsi

Kərimov Əli Paşa oğlu (18.3.1931, Göyçay ş. – 29.6.1969, Bakı ş.) – şair, tərcüməçi, AYB-nin üzvü (1954).

Əli Kərim 1948 ildə ADU-nun Filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955 ildə bu məşhur ədəbi təhsil ocağını fərqlənmə diplomu ilə bitirib Bakıya qayıdır, “Azərbaycan” jurnalının redaksiyasında şeir şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayır.

İlk mətbu əsəri 1948 ildə “Azərbaycan pioneri” qəzetində çıxmış “Təzə müəllim” şeiri olmuş, 1957 ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında “İlk simfoniya” poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958 ildə Azərb. ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan “İki sevgili” kitabı olmuşdur. Bu dövrdən fəal ədəbi yaradıcılıqla məşğul olan şairin ardıcıl olaraq “İki sevgi” (1960), “Həmişə səfərdə” (1963), “Qızıl qanad” (1965), “Qaytar ana borcunu” (1970), “Uşaqlar və ulduzlar” (1971) “Səfərdən sonra” (1972), “Tənbəl ayı balası” (1973), “Seçilmiş əsərləri. I cild” (1974, 1991, 2012, 2013), “Seçilmiş əsərləri. II cild” (1975, 1991, 2012, 2014), “Pillələr” (1978, 1987), “Gül və çörək” (1978), “Qız və kəpənək” (1979), “Qayıt” (1983), “Mavi nəğmənin sahilində” (1991), “Neyləyim, şeirlə dərd söyləyirəm” (1999), “Nə xoşbəxt imişəm bir zaman, Allah!” (2015), “Metronun yaylı qapıları” (2019) və s. kitabları nəşr edilib. “Nə gəlməz oldun”, “Yar gəldi”, “Azərbaycanım mənim”, “Qayıt”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!” və digər şeirlərinə nəğmələr bəstələnilib. Yaradıcılığı haqqında bir çox monoqrafiyalar və məqalələr dərc olunub.

Dillər əzbəri olan, poeziyamızda lirik.-psixoloji şeirin yeni mərhələsini açan şeirləri ilə yanaşı, şairin poemaları da milli poeziyamızın incilərindən sayılır. Gerçəkliyin fəlsəfi dərki, hiss və duyğuların səmimiliyi, ən adi detalın belə xüsusi şeir mətnində xüsusi məna daşıması, bəşəri motivlərin fərdi talelərdə ifadə edilməsi şairin yaradıcılığının səciyyəvi xüsusiyyətlərindəndir.

Lirik.-epik yaradıcılıq tərzi və üslubu şairin “Bir santimetr haqqında ballada”, “İlk simfoniya”, “Heykəl və heykəlin qardaşı” kimi poemalarında həssas müəllif duyumu, lirik qəhrəmanın gerçəkliyə fərdi-psixoloji münasibəti ilə tamamlanır. Şairin yaradıcılığında fərdi-psixoloji duyğularla yanaşı, tarixi personajlara və hadisələrə, ictimai-mənəvi məsələlərə də orijinal poetik münasibət bildirilir. “Qaytar ana borcunu”, “Qayıt”, “Gül və çörək”, “Sevirəm”, “Bomba üstündə ev”, “Çiçəklər iclasda”, “Babəkin qolları”, “Atamın xatirəsi”, “Analar ağlar”, “Metronun yaylı qapıları”, “Gəl, Azərim”, “Habil”, “Van-Qoqun günəşi”, “Kürə yağış yağırdı”, “Daş”, “Həmişə səfərdə”, “Bəzən haqq qazanır insan öləndə”, “Xirosimada məktəbsiz uşaq”, “Şəhidliyin zirvəsi” kimi şeirləri mövzu müxtəlifliyi və məzmunun poetik ifadəsi üsulunun rəngarəngliyi ilə seçilir.

Əli Kərimin yaradıcılığında tarixi şəxsiyyətlərə – Babəkə, Füzuliyə, Nəsimiyə, Müşfiqə, S.Vurğuna, R.Rzaya həsr etdiyi şeirlər də xüsusi yer tutur. Şair bu şəxsiyyətlərin poeziyamızda yeni, fərdiləşmiş, bu günümüz üçün aktuallaşdırılmış obrazını yaradır. Tarixi personajların ənənəvi ədəbi səciyyəsi ilə bərabər, şəxsi obrazını, xarakterini canlandırır. Belə yanaşma tərzi onun özünə münasibətində də aşkarlanır. “Fraqmentlər” şeirində həyatının rəmzi məna daşıyan fraqmentlərini bir araya gətirərək bu mozaik fonda öz şəxsi taleyini və xarakterini yığcam detallarla əks etdirir:

Otuzdan çox yaşamışam.

Sevgi toranında.

Mühazirə salonunda.

Sevgimlə bir-birimizə deyəcəyimiz

İki söz arasında.

Xəstə olarkən

Həkimin mənə etdiyi çarəsində.

Bəzən baş tutmayan şerimin

Dağılmış divarlarının xarabasında,

Bəzən söz yarışında,

Bəzən ölüm sözünün polyar qışında…

Bir çox əsərləri ölümündən sonra dərc olunmuş Əli Kərimin yaradıcılığı bu gün ədəbiyyatımıza təsir gücünü saxlayır, xatirəsi xalqımızın qəlbində yaşayır. 1969 ilin 30 iyununda Bakıda 38 yaşında vəfat etmiş, Göyçayda dəfn edilmiş şairin dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb, heykəli ucaldılıb. Bakıda, Göyçayda, Sabirabadda Əli Kərimin adını daşıyan küçələr, Sumqayıtda Əli Kərim adına poeziya klubu vardır.

Mənbə: “Göyçay ensiklopediyası”, s.110-111

https://goychay-encyclopedia.az/%c9%99li-k%c9%99rim/embed/#?secret=Bcoww1FsG0#?secret=go4QFzlSoJ

1. ATAMIN XATIRƏSİ

O sərt idi. Səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını.

Bircə dəfə söz açmazdı qəlbindəkindən,

Söyləməzdi övlad üçün çox yandığını.

Gizli-gizli məni süzüb gülərdi bəzən,

Durub-durub güc gələrdi əyri qəlyana.

Övladına bircə dəfə “can” söyləməkdən

Övlad üçün can verməyi asandı ona.

Əməksevər, ağır, enli, cod əli vardı,

Tale kimi endirərdi çiynimə hərdən.

Sərt üzünə bircə anlıq səhər doğardı,

Bilməzdim ki, hansı nurlu düşüncələrdən.

Sevgisi də soyuq idi – təzə əkini

Hər bəladan hifz eləyən qar kimi.

Moskvada oxuyurdum,

Tərk etdi məni.

Gələn kimi bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə. Gah deyib ki, mən

Qoy bilməyim,

O utanıb öz ölümündən.

Ah, o niyə belə etdi, bu nə qubardı?

Nə zamansa bu nişanda bir atam vardı.

2. BABƏKİN QOLLARI

Qolu sındırılmış Babək,

Yurdu yandırılmış Babək.

Qan rəngli bir arabada,

Şərq boyda bir xarabada,

Söyə-söyə,

Döyə-döyə,

Hamıya görk olsun deyə,

Kənd-kənd gəzdirilən Babək,

Ölübən-dirilən Babək;

Qollarını görməyəndə

Azca rahat olan Babək;

Bir qırmızı yuxu içrə,

Uzaqlara dalan Babək.

Deyən Babək: – Aman dostlar,

Hücum çəkin qoşun-qoşun,

Orda mənsiz qılınc çalan

Qollarımla bir vuruşun.

3. DAŞ

Yarıçılpaq
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
Amma yerə.
Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Deməyin ki daş yox oldu.

Daş çevrilib bir ox oldu.
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom kimi
Meridianı qırıq-qırıq,
Arzuları zərrə-zərrə,
Okeanı parça-parça
Edib keçdi…
Həmin o daş
İndi yenə dayanmayır
uçur hara?
O neytron,elektron –
Dönüb
nələr,
nələr olur.
Alov olur,
ölüm olur,
səhər olur.
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandırmaq olmazmı, de,
Yarıçılpaq
yarıvəhşi
Qədim insan
atan daşı?!

4. PALATADA SAXLANMIŞ ŞEİRLƏRDƏN

Ey mənim yerimdə,

yatan qardaşım,

bəzi məsləhətə ixtiyarım var.

Dəmir yaddaşında bu çarpayının

qalar o çəkdiyim sonsuz ağrılar.

Can vermək təcrübəm,

sancı vuruşum,

Qızdırma yanğınım,

üşütmə qışım,

İcazə verir ki,

ağır halına

bircə qədəm atım

azca qarışım.

Qorxu!

Ürəyinə yol tapsa qorxu,

insan da ölməyə başlar o gündən.

Qorxu – kəşfiyyatçı,

xəbər verəcək

ölümə o sənin hər illətindən.

O yol açacaqdır.

ölüm gələcək,

Gəlib hazırına

nazir olacaq,

Səni içəridən

alacaq onlar,

yanacaq sinəndə

sönməz bir ocaq.

Dərmana fikir ver.

iynəyə də bax.

qarışıb onlara

qorxu da keçər.

Qorxudan qorunmaq

qüdrətin olsa,

Ölüm baş götürüb

dünyadan köçər.

5. QAYTAR ANA BORCUNU

Bir gözəl, bir sevimli oğul böyütdü ana.

O bəd, uğursuz günü – ərinin öldüyünü

Bildirmədi heç ona.

Kədəri dalğa-dalğa doldusa da ürəyə

Lakin nə saç yolaraq verdi əsən küləyə,

Nə şivən etdi ana.

Ürəyində ağlayıb, gülmək öyrətdi ona,

Dözərək davanın da dərdinə, bəlasına,

Öz boğazından kəsib yedirdi balasına…

Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə.

Bir oğul böyütdü ki, oğul deyirəm sənə:

Atlını atdan salıb küləklərlə ötüşür.

Baxışından qızların ürəyinə od düşür.

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,

Oğul instituta qızıl medalla girdi.

Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”

Ana yuxularında tez-tez Bakıya getdi,

Ana məktub yazdı ki: “Yanıltma gümanımı,

Pul nədir, pul deyirsən, göndərərəm canımı”.

Nə zaman ki oğlunun getdiyi dörd il oldu,

Məktubları kəsildi, gəlmədi tətil oldu,

Ananı fikir aldı, ananın əsdi dizi

Ana müqəssir etdi, tramvayı, dənizi.

O yenə dözdü, durdu… O yolmadı saçını,

Səsləri qonşuları Əsmər, Çiçək bacını.

Yenə də azalmadı ürəkdən bala dərdi

Onlar oğul vermədi, onlar təsəlli verdi.

Məktub məktub dalınca axdı, Bakıya axdı,

Ana da məktubların dalınca baxdı, baxdı…

Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,

Məktublar əzik-üzük, məktublar bezdi gəldi,

Ana yenə də baxdı gah dolama yollara,

Gah da oğul boyuna həsrət qalan qollara.

Ana oğul böyütdü gur, çatmaqaş, gensinə,

Ana oğul böyütdü, özgəyə qismət oldu.

Ana fikirləşdi ki, mən neyləmişəm sənə?

Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?

Oğul böyütdümü o büzmədodaq bir qıza?

Oğul böyütdümü o, min işvəyə, min naza?

Ana bilsəydi əgər böyütməzdi oğlunu,

Yox, bunu yandım dedim, yenə atmazdı onu.

Bir gözəl, bir sevimli oğul böyütdü ana,

Ürəyində ağlayıb gülmək öyrətdi ona.

Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?

Qaytar onun ömrünə neçə gecə, neçə gün!

Qaytar onun saçının qaralığını geri.

Qaytar o dilindəki şirin-şirin sözləri!

O sözü, o söhbəti gülüşü anan verib,

Ana dodaqlarından bala dodaqlarına.

İndi ondan gen gəzən oğul, ayaqlarına

Yerişi anan verib.

Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,

Qaytarsan o yerişi, yerindəcə qalarsan.

Qaytarsan o gülüşü hırıldamazsan daha

Qaytar, qaytar onları, qaytar qoyma sabaha!

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.

Oğul demərəm sənə!

Deyirəm ki, o boyu, buxunu qaytar geri!

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar ana borcunu,

O borc sənin özünsən, özünü qaytar geri!

6. HƏMİŞƏ SƏFƏRDƏ

Qatarlar dayananda,

Təyyarələr enəndə,

Məncə, bitməyir səfər

Səfərdəsən yenə də.

İnsan dünyaya bənzər –

Səfərdədir əbədi.

Məncə, oturubsa da,

Bir daşın üzərində.

Mənalı bir kitabı

Varaqlayırsa əgər,

Gözəl bir səfərdədir.

Yuxulayanda hər axşam.

Yuxusu körpüdürsə

Günlə gün arasında –

Səfərdədir o adam…

Hətta məzardadırsa,

Xatirəsi dostlara

Bir təpə aşmaq üçün

Qüvvə verirsə əgər,

O yenə səfərdədir.

Mənzilə çox var hələ…

Səfərdədir,

yol gedir…

7. …XATİRƏSİNƏ

O, dünyada yox imiş.

Gördüyüm kəs yuxuymuş.

Nə siqaret çəkərmiş,

Hey sümürə-sümürə,

Nədə

baş qaldırarmış

xırda bir səs-səmirə.

Oturmazmış

burada,

bu divarın yanında.

Görünməzmiş

dərdimiz

onun həyəcanında.

Özü olmadığından

olmayıb bir arzusu.

Nə biz olmuşuq,

nə o,

Ağ bir yalan imiş bu.

Ağlama, könlüm,

kiri…

Gözündə yaş qalmayıb,

Bu adda,

bu nişanda,

O gözəl gənc

cahanda

Olmayıb,

olmayıb,

olmayıb.

8. FÜZULİ

Dünya səni qocaltdı yaşıdın olsun deyə

Gömüldü dərdin yerə, ucaldı ahın göyə.

Dərdə şərik – dərd özü, sükut – suala cavab.

Qranit dağlar belə, gətirməzdi buna tab.

Füzuli, o nə dövran!.. – Görsələr yanır insan

Yanana od verdilər.

Füzuli, o nə kədər!

Görsələr donur insan,

Donana buz verdilər…

Füzuli, o nə qədər? –

Görsələr batır insan,

Batana dəryaları

birdən bəxş elədilər,

Dünya səni qocaltdı,

Qocaldın dünya kimi,

Könlün kədərlə dolu –

çalxanan dərya kimi.

Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.

Ey böyük ustad,

heyhat,

Ürəyində o ada, şöhrətə yer vardımı?

Min bir kədər əlindən

orda yer qalardımı?

Gəldi cavan bir qızın

vədəsiz məhəbbəti,

Könlündə dərd əlindən

bu eşqə yer vardımı?

Bəzən də xanəndənin

cilvələndi sənəti,

Qəzəllərindən ayrı

qəzəl oxunardımı?

Doğma sözlərinə də

qəlbində yer vardımı?

Dünya səni qocaltdı –

cavan görünsün deyə,

Yanğınlar tüstüsütək

ahın ucaldı göyə.

Sən od tutub alışdın.

Bu odu qoca Şərqin

hər yerindən gördülər –

gördü bu doğma yerin.

Bütün bu gen dünyanın

gözləri göydə qaldı.

Göy də şəfəqlər saçan

ahına baxdı, daldı.

Dedilər ki, fələklər

yaratmışdır bu odu,

Fəqət bu oda yanan

fələklər özü oldu.

Baxıram ucalardan

gəlir Füzuli səsi.

Görünür ucalarda

onun nurlu izləri.

O ulduzlar

Füzuli yanğısının közləri,

O Günəşdə Füzuli odunun nişanəsi.

9. ANALAR AĞLAR

Anam,

Sapunqaraya analar gəlib ağlar,

Göz yaşında islanar

 Bayatılar,

 ağılar.

 Köhnə döyüş meydanı

 dönər qəm meydanına;

 Güllələrin torpağa sərdiyi

 cavanların

 Analarını kədər

 meydan boyu səpələr.

 Həşəm olub

 torpağa qarışmış oğlanların

 Ruhu üstə nə qədər

 Ana fəryada gələr

 Bu, onun oğlu üstə

 ağlar öz oğlu bilib,

 O, bunun oğlu üstə

 ağlar öz oğlu bilib;

 O birisi bilmədən

– Canım,

balam, –

söyləyər

Pas atmış bir mərmiyə,

Bu birisi bilmədən

Göz yaşını sel elər

Oğlunu ondan almış

Düşmən meyiti üstə:

Ay oğlum,

Oğlum, -deyə.

Birisi də: – Ay bala!

Deyib fəğan qoparar,

Boş torpağı qucaqlar.

Oğullarına dəyən

Neçə ağır qurşunu

Ürəyində əridər,

Gözlərindən axıdar.

Anam,

Sapunqarada,

Bir də ki, görmədiyim

Neçə eldə, obada

Ağlar,

Analar ağlar.

10. ŞAİR

(Şair Rəsul Rzanın 50 illiyi münasibətilə)

Dünyada çoxdur şair,

Necə sayım onların hamısını birbəbir.

Şair var ki, ömrünü

Başlamamış bitirir.

Cansız əsəriylə bir,

Ömrünü də itirir.

Şair var ki, ümidi

Qafiyəyə, vəznədir.

Şair var ki, özünü

Başqasına bənzədir.

Amma şair də var ki,

Zamanın doğma oğlu;

İdrakın zirvəsindən,

Hissin yanğınlarından

Keçir şeirinin yolu.

Əsrin ahəngi – vəzni,

Müqəyyəd qafiyəsi.

Gah qovuşan cüt ürək…

Gah da ki orkestrin

Toqquşub şaqqıldayan

Qoşa zərb alətitək…

Misraları gah Ayın

Dənizə salladığı

Nur zolağıtək oynaq.

Gah da ağır qatarlı

Qoşa rels kimi

Dümdüz,

Qüdrətli, güclü, parlaq,

Gah qısayol…

Məqsədə tez yetirən

kəsə yol…

Gah da ki, bu dünyanın

Sinəsinə dolanan

Ekvatorla

Meridian.

Belə şair də vardır:

Onun ömrünün yolu

Bir əbədi yazadır.

O, sözlər sərkərdəsi,

Fikirlər qəhrəmanı

Şair Rəsul Rzadır.